Uşaqların
hüquqlarının təmin olunmasında dövlət
qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı
genişləndirilir
Noyabrın
18-də Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatı, BMT-nin Uşaq Fondu (UNİCEF) və Əhali Fondu (UNFPA)
nümayəndəliklərinin birgə təşkilatçılığı
ilə "Uşaqların hüquqlarının təmin
olunmasında dövlət qurumları və vətəndaş
cəmiyyətinin əməkdaşlığı"
mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Giriş
sözü ilə çıxış edən insan
hüquqları üzrə müvəkkil Elmira Süleymanova
Azərbaycan Konstitusiyasında
insan hüquqlarının təsbit olunduğunu, ölkə
Prezidentinin həyata keçirdiyi dövlət siyasətində
uşaqlara xüsusi diqqət yetirildiyini, onların sağlam,
gümrah, vətənpərvər böyüməsi, təhsili,
fiziki və intellektual inkişafı, hüquqlarının
müdafiəsi və təmini istiqamətində mühüm
tədbirlərin həyata keçirildiyini
vurğulamışdır. Ombudsman ölkədə digər
hüquqlarla yanaşı, uşaq hüquqlarının
müdafiəsi, təmini və təbliği sahəsində
fəaliyyəti diqqətə çatdırmış, Avropa
Şurasının Uşaqların cinsi istismar sui-istifadədən
müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən
imzalandığını diqqətə
çatdırmışdır.
UNİCEF-in
Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard
BMT-nin Uşaq Hüquqları Konvensiyasının
uşaqların insan hüquqlarını təsbit edən ilk
icbari hüquqa malik beynəlxalq konvensiya olduğunu
bildirmişdir. M.Herevard Ombudsman Aparatı ilə UNİCEF-in
uşaq hüquqları üzrə birgə fəaliyyətini
diqqətə çatdırmış, müstəqil uşaq
müdafiə mexanizminin milli dəyərlərlə gücləndirilməsi
məsələsinə toxunmuşdur.
Hökumət
qurumlarının və QHT
nümayəndələrinin iştirak etdiyi tədbirdə
"Uşaqların hüquqlarının müdafiəsi sahəsində
dövlət siyasəti", "Gənclərin
hüquqlarının təmin olunması sahəsində
dövlət siyasəti" "Uşaqların təhsil
hüquqlarının təmin olunması",
"Uşaqların və gənclərin sosial müdafiəsi
və mövcud çətinliklər",
"Uşaqların hüquqlarının təmin
olunmasında dövlət qurumları ilə vətəndaş
cəmiyyətinin əməkdaşlığı"
mövzularında məruzələr dinlənilmişdir.
Sonda
"Ahıllıq uşaqların gözü ilə"
mövzusunda keçirilən müsabiqənin qalibləri
mükafatlandırılmışlar.
Azərbaycan.-
2011.- 19 noyabr.- S.7.