Bakıda Beynəlxalq Tələbələr Günü münasibətilə tədbir keçirilmişdir

 

Noyabrın 18-də Azərbaycan Diplomatiya Akademiyası (ADA) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə Beynəlxalq Tələbələr Günü münasibətilə tədbir keçirmişdir. AzərTAc xəbər verir ki, tədbirin keçirilməsində məqsəd bu günü tələbələrlə birlikdə qeyd etmək və müxtəlif ölkələrin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaqdır.

Tədbirdə çıxış edən ADA-nın prorektoru Fariz İsmayılzadə tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ADA-da dünyanın 16 ölkəsindən tələbələr təhsil alır ki, bu da Azərbaycan tələbələrinin digər ölkələrin mədəniyyəti və milli adət-ənənələri haqqında təsəvvürlərinin yaranmasında böyük rol oynayır.

ADA-nın prorektoru tələbələrimizin xaricdə təhsil alması üçün  akademiya tərəfindən uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev mədəniyyətlərarası dialoqun həyatımızda aktual mövzulardan biri olduğunu demişdir.

Nazir müavini vurğulamışdır ki, tədbirin ADA-nın Kitab Evində təşkil edilməsi xarici mədəniyyətlə tanış olmaq imkanını daha da artırır. Gənclərimizin internet, yeni texnologiyalar və sosial şəbəkələrə olan marağı yüksək qiymətləndirilməklə yanaşı, insanın şəxsiyyət kimi formalaşmasında kitabların rolunu da danmaq olmaz. 

Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr və əldə edilmiş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə Azərbaycanda bir çox ali məktəblərində yaradılmış mədəniyyət mərkəzləri tərəfindən ayrı-ayrı ölkələrin mədəniyyət, incəsənət və milli mətbəxlərinin təqdimatı keçirilmişdir.

Xatırladaq ki, tələbələr faşizmə qarşı mübarizə aparmaq üçün 1939-cu il noyabrın 17-də Praqada koalisiya yaratmışlar. 1941-ci ildə isə Beynəlxalq Tələbələr İttifaqı noyabrın 17-ni Beynəlxalq Tələbələr Günü elan etmişdir.

 

 

Azərbaycan.- 2011.- 19 noyabr.- S.7.