Dünya Coğrafi İnformasiya Sistemləri Gününə həsr olunmuş seminar keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Dünya Coğrafi İnformasiya Sistemləri (CİS) Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.

İnstitutdan bildirmişlər ki, seminarda coğrafi informasiya sistemlərinin tətbiqi və elektron xəritələrin işlənməsi, CİS və avtomatlaşdırılmış kartoqrafiyanın inkişafı, coğrafi məlumatların toplanması, emalı, yayılması və s. təşkili, milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişafı məsələləri əsas müzakirə mövzularından idi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev CİS texnologiyalarının tətbiqi sahələrinin getdikcə genişləndiyini bildirərək artıq 13 ildir ki, dünyanın müxtəlif ölkələrində qeyd olunan Dünya CİS Gününün bu il "Dünyanı CİS vasitəsilə kəşf edək" devizi altında keçirildiyini bildirmişdir. Müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini söyləyən alim hələ ötən əsrin 90-cı illərində institutda coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlərin aparıldığını, layihələrin həyata keçirildiyini söyləmişdir. Alim həmin illərdə uçuş informasiyasının emalı, hava hədəflərinin aşkarlanması və müşayiət olunması, CİS texnologiyalarının tətbiqi ilə yerüstü radarların əhatə zonalarının kompyuter modelinin, hərbi aerodromların meteoinformasiya ilə təmin edilməsi məqsədi ilə xüsusi şəbəkənin işlənməsi istiqamətində aparılan işlər haqqında məlumat vermişdir.

 Direktor milli məkan məlumatları infrastrukturunun yaradılmasının üstünlükləri və geniş imkanlarından söhbət açaraq elektron dövlətin formalaşmasında məkan məlumatlarının böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.

R.Əliquliyev CİS texnologiyalarının tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq nazirlikqurumlarla həyata keçirilən birgə layihələr haqqında da məlumat vermişdir. Bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi, "Teleradio" və Aztelekom İstehsalat Birliyi ilə əməkdaşlıq əlaqələrindən söhbət açmışdır.

Tədbirdə "CİS-texnologiyalarının müasir problemləri, həlli vəziyyəti və perspektivləri", "Məkan məlumatları infrastrukturunun formalaşdırılması və həlli istiqamətləri" və digər mövzularda məruzələr dinlənilmişdir.

Seminarın  yekunu olaraq ölkəmizdə CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqi işlərinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanmışdır. Bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi, institutda aparılan elmi araşdırmalar üçün maddi-texniki bazanın gücləndirilməsi, CİS sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, Beynəlxalq CİS cəmiyyətinə inteqrasiya və əməkdaşlıq əlaqələrinin qurulması, CİS üzrə elmi-populyar məqalələrin, dərs vəsaitlərinin hazırlanması, bu sahəyə həsr olunmuş dissertasiya işlərinin sayının artırılmasının zəruriliyi bildirilmişdir. Hər il CİS sahəsində əldə olunmuş nailiyyətlərin və mövcud problemlərin müzakirəsinə həsr olunmuş müxtəlif tədbirlərin, elmi seminarların və s. keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 19 noyabr.- S..7.