Cenevrədə keçirilən Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit öz işini davam etdirmişdir

 

 İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçılığı ilə keçirilən Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum noyabrın 18-də öz işini davam etdirmişdir.

Toplantının ikinci günü açıq dənizlərdə təhlükəsizlik və dəniz piratçılığına qarşı mübarizə, Avropa Birliyi, Şərq və Cənub-Şərq təhlükəsizliyi - Şərq tərəfdaşlığının inkişaf etdirilməsi, dövlət və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi, korrupsiya və qlobal idarəetmə məsələlərinin müzakirəsinə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin iki üzvü məruzə ilə çıxış etmişdir. Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun nümayəndəsi Hamlet Babayev ölkəmizin Avropa institutlarına inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər, habelə cinayətkarlıqla, onun transmilli mütəşəkkil formaları ilə mübarizənin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq müqavilələrə uyğunlaşdırılması, zəruri struktur dəyişikliklərinin aparılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə iştirakçılara məlumat vermişdir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev isə korrupsiya və qlobal idarəetmə mövzusunda çıxış edərək bu sahədə həyata keçirilən kompleks və sistemli tədbirlər barədə ətraflı məlumat vermiş, ölkəmizin götürdüyü beynəlxalq öhdəliklər, qanunvericilik və təşkilati tədbirlərin səmərəliliyi, təsis edilmiş ixtisaslaşmış qurumlar - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinə xüsusi toxunmuşdur. O, idarə tərəfindən istintaqı aparılmış cinayət işlərinin statistikası və yaradılmış "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyəti barədə forum iştirakçılarına məlumat vermiş, bu sahədə QHT-lər və beynəlxalq qurumlarla sıx əməkdaşlığın qurulduğunu vurğulamışdır.

Konfrans çərçivəsində nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Krans Montana Forumunun təsisçisi və icraçı direktoru Jan Pol Karteron, İsveçrə Təhlükəsizlik Xidmətinin antiterror xidmətinin rəisi Kristian Dak, Fransanın Təhlükəsizlik Xidmətinin sabiq rəisi Alen Julle, Kot-dİvuar Respublikasının iqtisadiyyat və maliyyə naziri Karl Koffi Dibi, İnterpolun hüquq xidmətinin rəisi Joel Sollier, Qvineya-Bissaunun dövlət naziri, Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətçisi İankuba Djola N'Djai və digər beynəlxalq qurumların nümayəndələri ilə ikitərəfli görüşlər keçirmiş, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmişdir.

Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum öz işini davam etdirir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.-20 noyabr.- S. 2.