Vyanada Avropa İttifaqı və Mərkəzi Asiya arasında energetika sahəsində əməkdaşlığa dair sammit keçirilmişdir

 

Noyabrın 18-də Vyanada "Avropa İttifaqı-Mərkəzi Asiya. Energetikanın Maliyyələşməsi və İnvestisiya Sammiti" keçirilmişdir.

Sammitdə Avropa İttifaqının rəsmi şəxsləri ilə yanaşı, Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və İranın nümayəndə heyətləri iştirak etmişdir.

Tədbir "Mərkəzi Asiya, Avropa İttifaqı və qlobal enerji bazarları kontekstində", "Mərkəzi Asiyanın enerji və infrastruktura dair prioritetlər siyahısı", "Gələcəyə baxış - yeni layihələr və investisiya kanalları", "Resursların ixracat istiqamətinə yönəldilməsi: infrastruktur, loqistika və nəqliyyat" mövzularında bölmələr üzrə aparılmışdır.

Çıxış edənlər Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında energetika sahəsində əməkdaşlıqdan, xüsusilə Xəzər dənizi hövzəsinin Avropanın enerji təhlükəsizliyinin təminatında oynaya biləcəyi mühüm roldan bəhs etmişlər. Qeyd edilmişdir ki, Xəzər regionu təkcə özünün karbohidrogen ehtiyatları ilə deyil, eləcə də bərpa olunan enerji mənbələri ilə Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bir sıra natiqlər, o cümlədən Avropa Komissiyasının məsul nümayəndələri Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycan və Türkmənistanın xüsusi əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamış, Avropanın qaz təchizatında şaxələndirməyə böyük ehtiyacın olduğunu bildirmişlər. Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Pyer Morel Transxəzər qaz və neft boru kəmərlərinin çəkilməsi məsələsinə Aİ tərəfindən güclü dəstək veriləcəyini qeyd etmişdir. O, Transxəzər layihələri ilə əlaqədar səslənən "ekoloji risklər" və Xəzər dənizinin hüquqi statusunun tam müəyyən olunmaması kimi fikirləri tamamilə əsassız hesab etdiyini vurğulamış, bu layihənin həyata keçirilməsi üçün Azərbaycan ilə Türkmənistanın razılığının əsas şərt olduğunu qeyd etmişdir. Məsələnin ekoloji tərəfinə gəldikdə isə o, digər natiqlər kimi diqqətə çatdırmışdır ki,  hər iki dövlətin ətraf mühitə verdiyi önəmi, eləcə də layihənin Aİ tərəfindən həm maliyyələşdiriləcəyini, həm də tam dəstəklənəcəyini nəzərə alaraq ekologiya məsələsinin  ön planda olacağına şübhə yoxdur.

Hazırda müzakirə olunan "Nabukko", İTGİ, TAP, "Bəyaz axın" kimi böyük beynəlxalq qaz boru kəmərləri layihələrinin rəhbər şəxsləri də tədbirdə çıxış edərək bütün Avropanın bu layihələrə ciddi maraq göstərdiyini nəzərə çatdırmışlar. Onlar bu boru layihələrinin bir-birinə rəqib olmadığını, daha çox bir-birini strateji cəhətdən tamamladığını söyləmiş və Azərbaycanın ehtiyatlarını nəzərə alaraq bu ölkənin yaxın gələcəkdə ən azı iki qaz kəməri layihəsinə qoşula biləcəyini də bildirmişlər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndəliyinin baş direktoru Gülmirzə Cavadov sammitdə  "Azərbaycan Respublikasının neft-qaz sənayesi: müasir vəziyyət və  perspektivlər" mövzusunda təqdimatla çıxış etmişdir. O, Azərbaycan neft-qaz sənayesinin tarixi, hazırda aparılan irimiqyaslı layihələr, ARDNŞ-nin mövcud inkişafı və transmilli enerji şirkətinə çevrilməsi yolunda atdığı mühüm addımlardan söz açmışdır.

Sonra şirkət tərəfindən hazırlanmış və Azərbaycanın neft-qaz sənayesinin tarixi inkişaf yolu, ARDNŞ-nin həyata keçirdiyi layihələr, görülən işlər və ölkədə reallaşan iqtisadi sıçrayışı əks etdirən sənədli film nümayiş olunmuşdur. Film sammit iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S.  5.