Uşaqlara sağlam
münasibət milli strategiyaya
çevrilməlidir
Müasir dünya son illər hərbi münaqişələr və qarşıdurmalar, qlobal iqlim dəyişiklikləri, həmçinin epidemiya və pandemiya kimi qorxulu xəstəliklərlə və bir çox çarəsiz problemlərlə üz-üzədir. Onlardan biri də dünyanın sabahı hesab olunan uşaqların taleyi ilə bağlıdır. Hansı tərbiyə üsulu seçilsin, necə davranılsın, onlara nə qədər müstəqillik verilsin və necə qadağalar tətbiq edilsin ki, uşaqlar gələcəkdə dünyanın kamil insanı, millətinin böyük vətəndaşı olsun. Öncədən deyək ki, ən müasir internat məktəbləri, ən yaxşı uşaq evləri bir ailə qayğısını, bir valideyn sevgisini əvəz edə bilməz. Hər bir uşaq isti ailə ortamında böyümə hüququna malikdir və onun buna ehtiyacı var. Uşaqların uşaq müəssisələrində yerləşdirilməsi bəzən onun əqli, fiziki, sosial, emosional və psixoloji inkişafına mane olur, gələcəyin bütöv vətəndaşı kimi yetişə bilmir.
Azərbaycan dövləti, Heydər Əliyev Fondu və YUNİSEF neçə illərdir ki, bu problemi diqqətdə saxlayır. 2006-cı ildə respublika Prezidenti tərəfindən Deinstitutlaşdırma və Alternativ Qayğı üzrə Dövlət Proqramının qəbul edilməsi də bunu təsdiqləyir. Bu mühüm dövlət sənədinin məqsədi hazırda müxtəlif dövlət uşaq müəssisələrində yaşayan uşaqların bioloji və himayədar ailələrə qovuşmasından, deinstitutlaşdırma prosesini dəstəkləmək üçün alternativ qayğı sistemlərinin yaradılmasından, habelə uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi ilə onların ailə hüququndan lüzumsuz şəkildə məhrum edilməsinin qarşısının alınmasından ibarətdir.
Bu o deməkdir ki, uşaqlara qayğı, onların taleyi dövlətin diqqət mərkəzindədir. Uşaqların şəxsiyyət kimi yetişməsində ailə və mühit amili mühüm yer tutur. Araşdırmalar göstərir ki, uşaq şəxsiyyətinin formalaşmasına mane olan, onların psixologiyasına mənfi təsir göstərən amillər arasında ən çox rast gəlinən zorakılıq, məhrumiyyət və sərhədsiz qadağalardır. Dünyada indi bu məsələ tez-tez açıq müzakirəyə çıxarılır. Uşaqlara sərbəstlik verilsinmi? Bu sual ətrafında cavablar müxtəlifdir. Bir qrup insanlar uşaqlara azadlıq, sərbəstlik verilməsinin tərəfdarıdırsa, bir qrup da fikirlərini əsaslandırmaq üçün arqumentlər gətirərək uşaqlara sərbəstlik verilməsinin əleyhinə çıxır. Mütəxəssislər isə söyləyirlər ki, uşaqlara sərbəstlik verilməlidir, lakin valideynlər bunu nəzarətdən kənarda qoymaq kimi qəbul etməməlidir. Uşağa nəzarət onun hiss etmədiyi formada, şəxsiyyətinə toxunmamaqla həyata keçirilməlidir. Mütəxəssislərə görə davranış sərbəstliyindən öncə uşaqlara düşüncə sərbəstliyi verilməlidir. Yəni uşaq müstəqil düşünmək və fikrini ifadə etmək bacarığına malik olmalıdır. Onunla bağlı bir məsələ müzakirə olunarkən mütləq uşağın özünü dinləmək, onun fikirlərinə dəyər vermək lazımdır. BMT-nin Uşaq Hüquqları Konvensiyasında bildirilir ki, 18 yaşınadək hər bir gənc onun həyatına təsir edən proseslərlə bağlı qərarların qəbul edilməsində iştirak etmək hüququna malikdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu o qədər böyükdür ki, burada yol verilən səhv və boşluq bir az sonra cəmiyyətin, millətin az qala məhvinə səbəb ola bilər. Mütəxəssislər uşaqlarla davranışda və onlara münasibətdə son dərəcə həssas olmağımızı tövsiyə edirlər.
Bəzən yaş xüsusiyyətindən, mühit dəyişikliyindən, özünə qarşı münasibətdən, hətta baxdığı filmlərdən asılı olaraq uşaqlarda baş verən dəyişikliklər çox zaman ailəsi və mühit tərəfindən qeyri-normal davranış kimi qəbul olunur. Valideynlər təcili olaraq uşağın bu davranışının qarşısını almağa cəhd edirlər. Bu zaman ortaya sərt cəza tədbirləri və uşağın şəxsiyyətini alçaltma kimi əməllər çıxır. Uşaq ilk zərbəni buradan alır və özünəməxsus cavab tədbirləri düşünür. Avropa Şurasının 2008-ci ildə Azərbaycandakı ofisi tərəfindən nəşr edilən kitabçalardan biri uşaqların fiziki cəzalandırılmasının ləğvi məsələsini əhatə edir. Uşaq hüquqları üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının monitorinq qurumu olan Uşaq Hüquqları üzrə Komitə qeyd edir ki, insan hüquqları bütün fiziki cəzalandırmaların ləğv edilməsini tələb edir. 2006-cı ildə dərc olunan ümumi şərhdə isə Komitə fiziki cəzalandırmaya belə bir fiziki tərif verib: "Fiziki gücün tətbiq edildiyi və yüngül olsa belə müəyyən səviyyədə ağrı və narahatlıq vermək məqsədi daşıyan istənilən cəza fiziki cəza adlandırılmadır". Komitə hesab edir ki, fiziki cəzalandırma uşağı daimi alçaltmaqdır ki, bunlar Konvensiyaya ziddir.
Avropa Şurasının təsisatları son 20 ildə uşaqların fiziki cəzalandırılmasına qarşı etirazlarını daha geniş formada bildirir. Avropa Şurasının Nazirlər Kabineti də uşaqlara qarşı fiziki cəzanın tətbiq edilməsini qınayaraq 1985-ci ildən bu barədə tövsiyələrlə çıxış edir. Uşaqların fiziki cəzalandırılmasının tamamilə ləğv edilməsi üçün 2004-cü ildə Parlament Assambleyası Nazirlər Komitəsini bütün üzv dövlətlərdə təcili olaraq razılaşdırılmış kampaniyaya çağırırdı.
Bu gün
uşaqlara birmənalı olmayan
münasibət mövcuddur.
Dünyamız dəfələrlə uşaqlara
qarşı amansız cəza tədbirlərinin şahidi olub. Qəribədir
ki, bu bəzən
valideynləri və başqa
doğmaları tərəfindən həyata keçirilib.
Ana körpə övladını isti sobada yandırıb,
valideynlər uşaqlarını satıb, fiziki
və mənəvi işgəncə verib
və sair. Bu cür xoşagəlməz, arzuolunmaz əməllər Azərbaycanın
möhkəm ailə modelinə zidd olsa da, son
illər ölkəmizdə də belə tükürpədici
hallar baş verir. 2011-ci il fevralın 27-də
Bakıda baş verən cinayət hadisəsi
bir anda cəmiyyətdə
səs-küyə, haqlı narazılığa səbəb
oldu. Doğma ata və ögey
ana 5 yaşlı Sevinc
Həsənovanı vəhşicəsinə döyərək
qətlə yetirmişdilər. Ögey ana uşağın ən adi
şıltaqlığına dözməyərək onu vəhşicəsinə döyüb.
İşdən qayıdan atanın üstünə göz yaşlarıyla qaçan
günahsız körpə bu dəfə
namərd atanın ağır təpik zərbələrinə
məruz qalıb. Ağır kəllə-beyin travması alan qızcığaz xəstəxanaya yerləşdirilsə
də, onun həyatını xilas etmək mümkün
olmamışdı. Cəmiyyət bu olaya ciddi reaksiya
verdi, analar dəhşətdən
sarsılmışdılar. Qəribə
burasıdır ki, Sevincin
doğma anası Kəmalə Əliyeva tək
övladını saxlamayıb, onu
atasının və ögey ananın
himayəsinə verib, özü
tək yaşayırmış. Cənub bölgəsində bir neçə gün
öncə iki qız körpəsini boğaraq öldürən sərxoş atanın
əməli də tükürpədən hadisədir. Nə
yazıq ki, son illər
cəmiyyətimizdə belə olaylarla
rastlaşırıq. Deməli, daha ciddi cəza tədbirlərinin görülməsinə
ehtiyac var. Məsum bir körpəyə necə əl
qaldırmaq, onu necə susdurmaq
olar? İllah da bu, valideyn
ola.
Təəssüflə
qeyd edək ki, dünyanın ən yüksək məhkəmələri
ən ağır cəzaları tətbiq edib,
günahkarları cəzalandırsa da, uşaqlar
üçün hələ də zorakılıqdan uzaq
mühit yaratmaq mümkün olmayıb.
Valideynlərlə
söhbətdən aydın olur ki, onlar uşaqlarının
fiziki cəzalandırılmasını istəmirlər.
Anaların çoxu söyləyir ki, əsəbiləşib
uşaqları vurandan sonra psixoloji gərginlik keçirir,
çoxlu ağlayır, uşağın könlünü
almağa çalışırlar. Deyirlər ki, tərbiyələndirmənin
bəzən başqa yolunu görmürlər.
Bu tərbiyə
yolu deyil. Unutmalı deyilik ki, uşaqlar döyüləndə,
incidiləndə onlar qorxudan yalan danışmağa
başlayırlar. Məktəbli kitabçasında
aldığı "2"nin görünməməsi
üçün gündəliyin səhifəsini
cırırlar, valideyn iclası barədə müəllimin
etdiyi xəbərdarlığı evdə demirlər. Beləliklə
də, yalanla davam edəcək bir ömürlük həyata
başlayırlar. Dünyanın hər yerində
uşaqların taleyi ilə bağlı beynəlxalq
qurumların, məktəblərin və ən əsası
valideynlərin görəcəyi hələ çox işlər
var, çünki dünyanın hər yerində uşaq elə
uşaqdır.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə azyaşlı, körpə və yeniyetmələrin zəngin daxili potensialının və dünyagörüşünün formalaşmasına imkan verən tədbirlər həyata keçirilir. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilir. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ilə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. "Uşaq hüquqları" haqqında qanuna əsasən respublikada bu sahədə dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunmasından və yaşayış üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən ibarətdir. Göründüyü kimi, Azərbaycanda uşaqların taleyi, onların ağıllı, sağlam böyüməsi, keyfiyyətli təhsili ölkədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlara sağlam münasibət, onlara hələ körpəykən vətəndaş kimi yanaşma milli stategiyamıza çevrilməlidir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da öz sözünü deyir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı artıq kütləviləşmişdir. Fond uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə daha artıq vüsət alır. Uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, onların yaradıcılıq mühitində böyüməsi həmişə Fondun diqqət yetirdiyi və daim gündəmdə saxladığı məsələlərdən biri olmuşdur. Uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqramı vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Bütün məqsədlər ona yönəlib ki, uşaqların həll edilməsi mütləq olan problemləri, çətinlikləri öz həllini tapsın. Çünki uşaqlar nə qədər ağıllı, sağlam, mədəni və sosial hüquqlarının qorunduğu bir mühitdə böyüyərlərsə millətimizin gələcəyi də bir o qədər xoşbəxt olar.
Rəsmiyyə RZALI
Azərbaycan.-
2011.- 20 noyabr.- S. 6.