Alim qardaşlar

 

 Dünyaya nəsil-nəsil insan karvanı gəlib-gedir. Bu sonu görünməyən axında,  köç edənlərin içərisində çox az adam iz qoyub əbədi yaşarlıq qazanır. Öz  dövrünün sayılıb-seçilən alimləri Ziyad Məmmədov və Atlıxan Xanməmmədov qardaşları məhz belə bir ömür yaşamış şəxslər idilər. Alim qardaşların dərin biliyinə, elmi erudisiyasına, cəsarətli mühakimələr yürütmək qabiliyyətlərinə ürəkləri oxşayan və düşüncələrə mənəvi qida verən söhbətlərinə hamı heyran qalırdı. Bir ziyalı, tədqiqatçı və şəxsiyyət kimi həm Ziyad, həm də Atlıxan müəllim bütün məsələlərdə prinsipial mövqeləri, yüksək elmi səviyyələri və potensialları baxımından seçilirdilər. Onlar Azərbaycan elmini, təhsilini ləyaqətlə təmsil edən şəxslər idilər.

Zahiri görünüşcə demək olar ki, biri digərinin eyni olan bu qardaşların həyat yolu, əqidə və amalları da oxşar idi. Hər ikisi hədsiz dərəcədə əməksevər, çalışqan, yorulmaq bilmədən elmi axtarışlar aparan, ictimai-siyasi həyatda fəal mövqe tutan təşəbbüskar insanlar idilər. İti ağıl və dərin zəka, analitik təhliletmə, hadisələrin ümumi gedişini irəlicədən proqnozlaşdırma və bir sıra başqa keyfiyyətlər alim qardaşların intellektlərinin mühüm parametrləri idisə, səmimilik və mehribanlıq, alicənablıq, qayğıkeşlik, diqqətlilik, eyni zamanda, tələbkarlıq, möhkəm və bütöv xarakter onların şəxsiyyətinin səciyyəvi cəhətləri sayılırdı. Bütün bunların toplumu isə iki elm xadiminin xarakterini bütövləşdirir, yenilməz edir və onları digərlərindən fərqləndirirdi.

Bu il əkiz alim qardaşların anadan olmasının 100 ili tamam olur.

1911-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun Məlikli kəndində dünyaya göz açmış əkiz qardaşlar elə bir ailənin övladları idilər ki, orada xeyirxahlıq, nəciblik kimi xususiyyətlər nəsildən-nəslə qanla keçmişdi. Sadə və zəhmətkeş insan olan ataları İsgəndər kişi və anaları Yaxşı xanım uşaqlarını, ilk növbədə, mənəvi təmizliyə, paklığa öyrətmişdilər. Yiyələndikləri bu xüsusiyyətlər isə gələcək həyatlarında onların daim yol yoldaşı olmuşdu. Qardaşlar təmkinli, səbirli, dözümlü idilər. İstər doğma olsun, istərsə də yad, kiminsə kölgəsinə sığınmaq, kimdənsə kömək ummaq onların təbiətinə uyğun deyildi. Özlərinə cığır açmaq, öz yollarını tutmaq bu insanların uşaqlıqdan düşüncələrinə hakim kəsilmişdi. Elə bil ulu Yaradan həmin keyfiyyətləri qardaşlara sınaq üçün vermişdi. Çünki kənardan çox rahat, sakit görünən həyat, əslində, mübarizələrlə dolu idi.

1926-cı ildə ataları, 1932-ci ildə anaları dünyalarını dəyişdikdən sonra ailəni böyük qardaşları Xanməmməd idarə etməyə başlamışdı. Doqquz oğlanın və iki qızın böyüdüyü ailənin başında durmaq, onların ehtiyaclarını ödəmək həm böyük məsuliyyət, həm də ağır yük idi.

Ziyad  və Atlıxan müəllimin uşaqlıq və yeniyetməlik dövrü Azərbaycan xalqının tarixində kəşməkəşli, eyni zamanda, şərəfli bir dövrə təsadüf etmişdir. Əvvəlcə I dünya müharibəsi baş vermiş, sonra Rusiya imperiyası süqut etmiş, Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Lakin 23 aylıq gərgin fəaliyyətdən sonra hakimiyyəti sovetlər zəbt etmişdi. O zaman Azərbaycan öz müstəqilliyini itirsə də, vətənsevər insanlar mümkün olduğu qədər ölkənin və xalqın inkişafı barədə düşünür, onun mədəni və iqtisadi sahədə dirçəlişi üçün bütün tədbirləri həyata keçirməyə çalışırdılar. Bunun üçün isə ən müxtəlif sahələrdə yüksək ixtisaslı kadrlara çox böyük ehtiyac var idi. Ziyad və Atlıxan isə hələ ibtidai sinifdən özlərini qabiliyyətli və işgüzar tanıtmışdılar. Ona görə də kənd məktəbinin V sinfini bitirən kimi onları böyük qardaşları Xanməmməd Zaqatala Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərmişdi.

1931-ci ildə texnikumu bitirdikdən sonra gənclər milli kadr kimi əmək fəaliyyətinə başlayırlar. Qarşılarında bir neçə seçim imkanı olsa da, doğma rayonlarına qayıtmağa üstünlük verirlər. Hər ikisi yoxsulluq içərisində olan əhalinin yaşayışını gördüklərindən öz həyatlarını kənd təsərrüfatı məhsullarının artırılmasına, kəndlilərin təsərrüfatdan düzgün istifadəetmə problemlərinə, onların savadlanmasına, elmin inkişafına həsr etməyi qarşıya məqsəd qoyurlar. Ziyad Məmmədov bir il Zəngilan rayon torpaq şöbəsində aqrotexnik vəzifəsində çalışır. Lakin ali təhsil almaq istəyi onu rahat buraxmır. Bu arzu onu Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitutuna gətirir. Texnikumda olduğu kimi, institutda da özünün biliyi, savadı, fəal ictimai fəaliyyəti və elmi araşdırmalara göstərdiyi marağı ilə diqqəti cəlb edir. 1935-ci ildə institutun aqronomluq fakültəsini bitirərək Azərbaycan SSR Torpaq Komissarlığının məsləhəti ilə Maştağa rayon torpaq şöbəsinin müdiri vəzifəsinə göndərilir. Qısa müddətdə işgüzarlığı, işinə və həmkarlarına göstərdiyi səmimi münasibəti, yeniliklərə olan marağı ilə tanınır. Kənd təsərrüfatı sahəsində apardığı axtarışları, yazı mədəniyyəti və prinsipiallığı nəzərə alınaraq o, 1936-cı ildə Azərbaycan KP Maştağa Rayon Komitəsinin qərarı ilə "Abşeron kolxozçusu" qəzetinin baş redaktoru təyin edilir.

Təbiətcə novator olması və təhsilini daim artırmaq əzmi Ziyad müəllimi daha irəliyə getməyə sövq edir. İstehsalatda qazandığı təcrübə, iş prosesində yaranan suallar, təbiətin sirlərini öyrənmək həvəsi onu elmi fəaliyyətə sövq edir. 1939-cu ildən başlayaraq ömrünün sonunadək həyatını biologiya və kənd təsərrüfatı elmlərinə həsr edir. O, 1939-1942-ci illərdə Botanika İnstitutunun aspiranturasında bitki fiziologiyası ixtisası üzrə təhsilini davam etdirmişdir. "Pambıq kollarının məhsuldarlığının artmasına manqan, dəmir, yod və digər mikroelementlərin təsiri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Z.Məmmədov elmi fəaliyyətlə yanaşı, 1942-1953-cü illərdə Zəngilan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1948-ci ildə xalq təsərrüfatının inkişafındakı xidmətlərinə görə Lenin ordeni və "Qızıl ulduz" medalı ilə təltif olunmuş, ölkənin ən yüksək mükafatına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Elmi fəaliyyətinin müsbət nəticələri nəzərə alınaraq Z.Məmmədov 1953-cü ildən Azərbaycan EA-nın Əkinçilik İnstitutunda çalışmışdır. Onun apardığı çoxillik tədqiqatlar sayəsində yüksək məhsuldarlığa və keyfiyyətə malik davamlı buğda nümunələri aşkar edilmiş, həmin nümunələrdən seleksiya proqramlarında çox qiymətli yeni sortların yaradılmasında, xüsusilə, hibridləşdirmədə başlanğıc material kimi istifadə olunmuşdur.

Z.Məmmədov 1967-ci ildən ömrünün sonunadək elmi fəaliyyətini Azərbaycan EA-nın keçmiş Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) davam etdirmişdir. Alim bitkilərdə fotosintez prosesinin öyrənilməsi, müxtəlif buğda sort və hibridləri arasında yüksək fotosintez potensialına, məhsuldarlığa və keyfiyyətə malik formaların aşkar olunması istiqamətində geniş tədqiqat işləri aparmışdır. Elmi fəaliyyətinin son illərində fizioloji proseslərin genetik əsaslarının öyrənilməsi sahəsindəki tədqiqatları xüsusilə diqqətəlayiq olmuşdur. Tanınmış alim apardığı tədqiqatlarla sübut edirdi ki, məhsuldar və yüksək keyfiyyətli sortların yaradılması üçün fizioloji proseslərin öyrənilməsinin böyük əhəmiyyəti var. 1986-cı ildə "Qidalanma fizioloji fəaliyyətin və kənd təsərrüfatı məhsulunun idarə edilməsi amili kimi"  mövzusunda doktorluq dissertasiyasını tamamlayır... Bir-birinin ardınca 50-dən çox elmi məqalə və bir neçə monoqrafiya çap etdirir...

Onun 1993-ci ildə nəşr etdirdiyi "Fotosintez və bitkilərin qeyri-üzvi maddələrin qidalanması" adlı iri həcmli monoqrafiyası alimlər tərəfindən böyük elmi və təcrübi əhəmiyyətə malik qiymətli tədqiqat əsəri kimi yüksək dəyərləndirilmişdir.

84 il ömür yaşayan, 64 illik iş stajının 44 ilini elmin inkişafına həsr edən Ziyad Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə çalışdığı kollektivin böyük hörmətini qazanmışdı. Onun nəcib xüsusiyyətlərindən biri  xeyirxahlığı, ehtiyacı olanlara hər zaman kömək etməyə can atması idi. Kim onun alimlik fəaliyyətindən, xeyirxahlığından bəhrələnmişdirsə, taleyinə həmişə ucalıq nəsib olmuşdur. Mülayim təbiətli, xoşxasiyyət Ziyad müəllimdə bütün insani keyfiyyətlər toplanmışdı, bu mehriban çöhrəli insanla ünsiyyətdə olmaq hamıda xoş əhval-ruhiyyə yaradırdı.

Atlıxan Xanməmmədovun da həyat və tale kitabını vərəqlədikcə, onun həm nəcib bir insan, mahir pedaqoq, alim, həm də öz xalqını, vətənini dərin məhəbbətlə sevən vətəndaş olduğunu görürük. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra doğulduğu Zəngilan rayonunda bir müddət kimya-biologiya müəllimi və məktəb direktoru işləmişdir. Lakin elmə olan marağı onu  EA-nın Zoologiya İnstitutuna  gətirmişdir. 1949-cu ildə Atlıxan Xanməmmədov "Azərbaycanda toyuqkimilərin təsərrüfat əhəmiyyətli əsas növlərinin yayılması və ekologiyası" mövzusunda dissertasiya işinin plan-proqramını hazırlamışdır. 1953-cü ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə etmişdir. İlk dəfə olaraq toyuqkimilərin  üç növünün (adi turac, Qafqaz qırqovulu, xınalı kəklik) Azərbaycanda yayılması və ekologiyası öyrənilmişdir və onların qorunması tədbirləri üçün sistem hazırlanaraq Dövlət Ekologiya və Təbii Sərvətlər Komitəsinə təqdim edilmişdir.

Müdafiədən sonra Atlıxan Xanməmmədov elmi işini daha da genişləndirmiş, yeni-yeni quş növlərini dərindən öyrənməyə başlamışdır. Toyuqkimilərin daha 5 növünün (Qafqaz tetrası, Qafqaz uları, Xəzər uları, boz çiltoyuq, adi bildirçin) biotoplar üzrə yayılması və onların fenologiyası, sayı, nəsil verməsi, yuva və yuva sahələri, qidası, postembrional inkişafı, lələk dəyişməsi və onlara təbiətdə təsir edən amilləri öyrənərək, bu cinsli quşların qorunması üçün tədbirlər sistemi hazırlamışdır. A.Xanməmmədovun rəhbərliyi altında və verdiyi tövsiyələrə əsaslanaraq Bərdədə qırqovul yetişdirmə məntəqəsi təşkil edilmiş və minlərlə qırqovul yetişdirilərək təbiətə buraxılmışdır. O, toyuqkimilərə dair apardığı elmi tədqiqat işlərinin nəticələrini ümumiləşdirərək 1971-ci ildə "Azərbaycanın toyuqkimiləri" adlı monoqrafiyasını çap etdirmişdi. Bu kitab Azərbaycan və xarici ölkə alimləri, eyni zamanda, müəllimlər, tələbələr və şagirdlər üçün hazırda da qiymətli vəsaitdir. Alim bundan başqa, "Azərbaycan faunası, III cild, Quşlar" (1971-ci il) monoqrafiyasının müəlliflərindən biridir.

Atlıxan müəllim Q.T.Mustafayevlə birlikdə nəşr etdirdiyi "Kənd təsərrüfatı ziyanvericilərinə qarşı bioloji mübarizədən istifadənin əsasları" (1971), "Azərbaycan quşları və onların təsərrüfat əhəmiyyəti" (1971), "Meşə, bağ, taxıl bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə quşların rolu" (1959), "Azərbaycanın ov quşları" kitabları da çox dəyərlidir. Onun xidmətlərindən biri də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının ornitofaunasına dair kolleksiyalar toplaması və "Naxçıvanın ornitofaunasına dair materiallar" adlı (1960) məqaləsini çap etdirməsidir. Ümumiyyətlə, onun Azərbaycan ornitofaunasına dair 70-ə yaxın elmi və elmi populyar məqaləsi çapdan çıxmışdır.

Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə 1971-ci ildə Zoologiya İnstitutunda Zooloji muzey yaradılır. Atlıxan müəllim muzeyin formalaşmasında böyük əmək sərf edir. Muzeyə (1971-1986-cı illər) rəhbərlik etdiyi dövrdə daim ekspedisiyalara gedir, oranın ekspozisiya fondunu yeni-yeni eksponatlarla zənginləşdirir.

Zooloji muzeyin təşkilinə və zənginləşdirilməsinə, apardığı elmi tədqiqatların səmərəliliyinə görə Atlıxan müəllim dəfələrlə Elmlər Akademiyasının Rəyasət Heyətinin təşəkkürlərinə, Ali Sovetin fəxri fərmanlarına, "Əməkdə fərqlənməyə görə"  medala  layiq görülmüşdür.

O, institutun ictimai həyatında da fəal iştirak etmişdir. Uzun müddət elm ocağının həmkarlar təşkilatının sədri olmuşdur.

Atlıxan müəllim 1995-ci ildə, qardaşı Ziyad Məmmədovun vəfatından bir neçə gün sonra dünyasını dəyişmişdir.

Qardaşları tanıyanlardan kimi dindirsələr, onlar barədə ürəkdolusu xoş sözlər söyləyirlər. Onlar həmişə şux durumda başlarını dik tutub yeriyərdilər. Bu da həmin şəxslərin ürəklərinin təmizliyinin, alınlarının açıqlığının, qəlblərinin genişliyinin təzahürü idi.

Əkiz alim qardaşların həyatlarındakı eyniliklər də maraqlıdır. Hər ikisi müəllim olmuş, elmlər namizədi idilər. Hər ikisi eyni ildə evlənmiş, ikisinin də həyat yoldaşları müəllimə idi. Hər ikisinin üç övladı - bir qızı, iki oğlu var. İlk övladları qızdır, oğlanlarının dördünün də təvəllüd tarixləri ayın 20-nə təsadüf edir. Hər ikisinin həyata, dünyaya baxışları eyni idi. Övladlarına əsl ata, nəvələrinə sevimli, xeyirxah baba, qohumlarına, əzizlərinə istəkli əmi, dayı, həmkarlarına sədaqətli dost olmuşlar. Maraqlıdır ki, hər iki qardaşın uşaqları elmi özlərinə əsas yol seçmiş, görkəmli alim, tədqiqatçı kimi yetişmişlər.

Onlar doğma Zəngilanın Məlikli kəndindən başlayaraq, Vətən torpağını qarış-qarış gəzmiş, gözləri ilə gördüklərini, beyinləri ilə qavradıqlarını ağ kağızlara köçürərək özləri də bilmədən hər daşda, dağda, hər çəməndə, hətta iş otağındakı yazı masalarında silinməz izlərini qoymuşlar. Ziyad və Atlıxan müəllim, sözün əsl mənasında, şərəfli ömür yaşamışlar, həyatlarını xalqın və cəmiyyətin tərəqqisinə, elmin inkişafına sərf etlmişlər.

 

 

Z.ƏKBƏROV,

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun

direktoru, kənd təsərrüfatı elmləri doktoru

 

İ.ƏLƏKBƏROV,

AMEA-nın Zoologiya İnstitutunun direktor əvəzi,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2011.-  20 noyabr.- S.  7.