Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi məsələlərinin həllində olduğu kimi, qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar mövcuddur

 

Noyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Siim Kallas Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və "Evrovision" mahnı müsabiqəsində parlaq qələbə münasibətilə təbriklərini çatdırmışdır.

Görüşdə müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın uğurla inkişaf etməsi məmnunluqla vurğulanmışdır. Qeyd olunmuşdur ki, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində olduğu kimi, digər sahələr, xüsusən qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar mövcuddur. Daha sonra Azərbaycan ilə Avropa İttifaqı arasında TRASEKA proqramı çərçivəsində əməkdaşlığın uğurla davam etdiyi nəzərə alınmaqla, ölkəmizin digər iri layihələrə qoşulmaq imkanları barədə də fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Avropa Komissiyasının nəqliyyat məsələləri üzrə vitse-prezidenti Siim Kallasın Bakıya səfəri aviasiya sahəsində "Birgə hava məkanı" layihəsinə dair danışıqların başlanması üçün mühüm mərhələ olacaqdır.

Görüşdə regionun iqtisadi-siyasi durumu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S.  2.