Milli Məclisdə
görüş
Noyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Oqtay Əsədov dedi ki, qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, indiyə kimi imzalanan 170-ə qədər hüquqi sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Ölkələr arasındakı əlaqələrin inkişafında hər iki dövlətin rəhbərlərinin böyük xidməti var. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" imzalamışlar. Bu, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu sübut edir.
Milli Məclisin Sədri Oqtay Əsədov parlamentlərarası əlaqələrin də inkişaf etdiyini bildirdi. O, Türkiyəyə səfəri zamanı keçirdiyi görüşləri xatırlatdı, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirdi.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi vurğulayan Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qardaş ölkəyə minnətdarlıq etdi. O bildirdi ki, Türkiyə dünya siyasətində öz sözünü deyir və bu, bizi çox sevindirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasında da Türkiyənin dəstəyini gördük və bunu yüksək dəyərləndiririk.
TBMM-ın Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkır Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi. Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndirən qonaq qeyd etdi ki, bütün bunlar qardaş və dost türk xalqını çox sevindirir.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inandığını bildirən komitə sədri bildirdi ki, münaqişə həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Sürix protokolları da Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsində müzakirəyə çıxarılmayacaqdır.
TBMM-in komitə sədri Van vilayətində baş vermiş zəlzələdən əziyyət çəkənlərə göstərilən diqqət və qayğıya görə bir daha Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirdi.
Sonra görüşdə parlamentlərarası
əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq,
terrorizmə qarşı mübarizə və digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.- 22 noyabr.- S. 2.