Son vaxtlar Azərbaycanın əldə etdiyi nailiyyətlərin siyahısı olduqca zəngindir

 

Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallas noyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

O.Əsədov bu səfərin Azərbaycan ilə Avropa İttifaqının qurumları arasında münasibətlərin daha da dərinləşməsinə təkan verəcəyini söyləmişdir. Bildirmişdir ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Əvvəllər Avropa İttifaqı ilə əlaqələrimiz qurumun yardımları səviyyəsində idisə, bu gün bu münasibətlər faydalı əməkdaşlıq formatına yüksəlmişdir. Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərləri bu fikri bir daha təsdiqləyir.

O.Əsədov demişdir ki, Avropa strukturlarına sürətlə inteqrasiya edən Azərbaycan regionda qlobal layihələrin reallaşmasında təşəbbüskar və fəal iştirakçıdır. Bununla yanaşı, dinamik inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi vardır. Münaqişənin həllinin uzanması Avropanın özü üçün də mühüm əhəmiyyət kəsb edən enerji və nəqliyyat dəhlizlərini təhdid etməklə yanaşı, inteqrasiya proseslərinə də böyük maneə törədir.

Milli Məclisin Sədri Avropa Parlamentinin Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək dəyərləndirmişdir.

Siim Kallas səfər zamanı onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. O, xalqımızı dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmiş, son dövrdə Azərbaycanın inkişafını yüksək dəyərləndirmişdir. Qonaq Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin dünyada artan nüfuzu ilə əlaqələndirmişdir.

Qonaq demişdir ki, son vaxtlar Azərbaycanın əldə etdiyi nailiyyətlərin siyahısı olduqca zəngindir. Bura bölgədəki qlobal enerji və nəqliyyat layihələrinin reallaşması istiqamətinə qazanılan uğurlarla yanaşı, "Evrovision-2011" mahnı müsabiqəsində gənclərimizin qələbəsi də daxildir.

Görüşdə Şərq nəqliyyat dəhlizinin reallaşması ilə əlaqədar görüləcək işlər, bu layihədə Azərbaycanın yeri, regional münaqişələrin həlli yolları, parlamentlərarası əlaqələrin inkişafı, yük daşımalarında ölkəmizin oynadığı rol və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S.2 .