Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsi mümkün deyildir

 

Noyabrın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən qonaq ölkəmizdə gedən sürətli inkişafdan təəssüratlandığını vurğulamışdır.

Ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdıran V.Bozkır Azərbaycan kimi gənc bir dövlətin bu mötəbər qurumun üzvü olmasından fərəh hissi keçirdiyini diqqətə çatdırmışdır.

E.Məmmədyarov Azərbaycanın BMT-nin TŞ-ya qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində səmərəli və yaxından iştirak edəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və respublikamızın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirən V.Bozkır vurğulamışdır ki, bu problem həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi mümkün deyildir.

Görüşdə həmçinin regionda cərəyan edən hadisələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S. 2.