Azərbaycanla Türkiyə arasındakı münasibətlər region dövlətləri üçün nümunədir

 

 Noyabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsinin üzvləri ilə görüşdülər. Qonaqları salamlayan komitənin sədri Səməd Seyidov dedi ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlər region dövlətləri üçün nümunədir. Sabitlik, inkişaf və dostluq rəmzi olan bu əlaqələr bütün türk dünyasına təsir göstərir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin ölkəmiz üçün böyük bayram olduğunu deyən Səməd Seyidovun sözlərinə görə, bu təntənələrdə Türkiyənin Azərbaycanın yanında olması olduqca qürurvericidir.

Səməd Seyidov bildirdi ki, bütün məsələlərdə hər zaman bir-birinin yanında olan iki ölkənin parlamentləri də dövlətlərimiz arasındakı əlaqələrə böyük töhfələr verir. İki parlamentin xarici əlaqələr komitələri bu istiqamətdə olduqca fəallıq nümayiş etdirir. Hazırda Azərbaycan və Türkiyə münasibətlərinin ən yüksək mərhələyə qədəm qoyduğunu deyən komitə sədri əlavə etdi ki, əlaqələrin inkişafına xidmət etmək parlamentlərimizin beynəlxalq münasibətlər üzrə komitələrinin əsas vəzifələrindən biridir.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, TBMM Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkır dedi ki, Azərbaycan və Türkiyə ortaq tarixi, mədəni, mənəvi dəyərləri və bir milləti olan iki qardaş dövlətdir. Eyni zamanda Azərbaycan və Türkiyə önəmli strateji tərəfdaş olan ölkələrdir. Azərbaycanın uğurları ilə qürur duyduqlarını deyən Volkan Bozkır ölkəmizin BMT TŞ-na üzv seçilməsini Türkiyənin də qələbəsi kimi qəbul etdiklərini diqqətə çatdırdı. Qonaq bu baxımdan ölkəmizə səfər etmələrinə böyük önəm verdiklərini bildirdi.

Görüşdə Azərbaycan və Türkiyənin üzləşdiyi problemlərdən də söz açıldı, hər iki ölkənin bir-birini hər zaman dəstəkləyəcəkləri bir daha diqqətə çatdırıldı.

 

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S.  2.