Azərbaycan ilə
Avropa İttifaqı arasında aviasiya sahəsində vahid
qaydaların, ümumi tələblərin işlənməsi
bütün tərəflər üçün faydalı
olacaqdır
Noyabrın 21-də Nəqliyyat Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallas ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə nəqliyyat naziri Ziya Məmmədov Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın ta qədimdən nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunu diqqətə çatdırmış və hazırda da bu işin öhdəsindən layiqincə gəldiyini bildirmişdir. Ölkəmizdə həyata keçirilən iri nəqliyyat layihələri barədə ətraflı məlumat verən nəqliyyat naziri səfərin uğurlu olacağına və qarşılıqlı müzakirələr baxımından səmərəli keçəcəyinə inamını ifadə etmişdir.
Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallas səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Azərbaycanı önəmli ölkə kimi qəbul etdiklərini diqqətə çatdırmışdır. "Azərbaycan mürəkkəb regionda sülhün və sabitliyin təminatçısıdır", - deyən Avropa Komissiyasının vitse-prezidenti ölkəmizin enerji təchizatında oynadığı rolu yüksək qiymətləndirmişdir. Azərbaycanın vahid hava məkanının yaradılması haqqında razılaşmanın hazırlanması təşəbbüsü ilə çıxış etdiyini deyən S.Kallas qeyd etmişdir ki, bu sazişin hazırlanmasında Avropa İttifaqı da maraqlıdır. Çünki aviasiya sahəsində vahid qaydaların, ümumi tələblərin işlənməsi bütün tərəflər üçün faydalı olacaqdır.
Tədbirdə Azərbaycan ilə Avropa
İttifaqı arasında nəqliyyat, eyni zamanda, TRASEKA
proqramı çərçivəsində əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 22 noyabr.- S. 3.