Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında yeni mərhələ başlanıb

 

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərinin ildən-ilə inkişafına çalışdığı ölkələrdən biri də Macarıstandır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiyaAvropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Macarıstanın da dəstəyinə xüsusi önəm verir.

Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Ölkəmiz müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Macarıstan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi.

1993-cü ildən etibarən Macarıstan-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. 1993-1999-cu illərdə imzalanmış "Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi-ticarət əlaqələri haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Macarıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahibləri olan vətəndaşlarının vizasız gediş-gəlişinə dair Saziş", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizə Xidməti arasında əməkdaşlıq haqqında Protokol" "Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş" və digər hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır.

Hazırda Azərbaycan və Macarıstan aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Budapeşt Azərbaycanın Avropanın siyasiiqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda rəsmi Bakı Macarıstan ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Prezident İlham Əliyevin üç il bundan əvvəl Macarıstana rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlamışdır. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.

Macarıstan Prezidenti Pal Şmittin bu günlərdə ölkəmizə rəsmi səfəri isə ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Ölkə başçılarının görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilmiş, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılmışdır. Ölkə başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanma mərasimi keçirilmişdir.

Bu sırada "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum", "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının hökuməti və Macarıstan Respublikasının hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş"i misal göstərmək olar.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir: "Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar gündür - Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər, əlbəttə ki, əlaqələrimizin tarixində xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir.

Mən üç il bundan əvvəl Macarıstana rəsmi səfər etmişəm və səfərin nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Əminəm ki, cənab Prezident, Sizin səfəriniz, eyni zamanda münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olacaqdır. Bu gün keçirdiyimiz görüş və apardığımız danışıqlar, fikir mübadiləsi bir daha onu göstərir ki, aramızda çox səmimi münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr ancaq güclənəcəkdir".

Macarıstan Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış sənədlər  iqtisadi əməkdaşlığın gücləndirilməsinə, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar iqtisadi əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Bu sənədlər iqtisadi, ticarət, müdafiə, fövqəladə hallar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.

2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 10 milyon dollar idisə, 2011-ci ildə bu rəqəm 78 milyona çatmışdır. Ölkəmizdə keçirilən Azərbaycan-Macarıstan biznes forumu da perspektiv əməkdaşlıq üçün yaxşı imkanlar açacaqdır. Forumda hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, tikinti və əmlak, sənaye, maliyyə və bank, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 250-dək adamı iştirak etmişdir. Bu da tədbirin böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiq edir. Prezident Pal Şmitt Azərbaycan-Macarıstan biznes forumunda bildirmişdi: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır, münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun. Biz mütləq bunun üçün şərait yaratmalıyıq".

Macarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT Nizamnaməsinin müddəaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları rəhbər tutaraq həll olunmasını dəstəkləyir.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq aləmdə siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional əhəmiyyətli layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı tərəfdaşdır.

Ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı meyilləri belə bir proqnozdan çıxış etməyə əsas verir ki, Azərbaycan-Macarıstan əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək, bu əməkdaşlıq regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 23 noyabr.- S. 6.