Bakıda
«BakuTel-2011» XVII Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
və konfransı açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur
Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısına sərgi barədə məlumat verdi. Bildirildi ki, informasiya-kommunikasiya texnologiyalarının bütün seqmentlərini əhatə edən "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı Azərbaycanda rabitənin yaranmasının 130 illiyi ilə üst-üstə düşür. BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi beynəlxalq qurumların dəstəyi, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının "BakuTel" sərgisini "Keyfiyyət nişanı"na layiq görməsi tədbirə beynəlxalq səviyyədə verilən əhəmiyyətin göstəricisidir.
Dövlət başçısı sərgi ilə tanışlığa Azərbaycanın ilk mobil operatorlarından olan "Bakcell" şirkətinin pavilyonundan başladı.
Azərbaycan Prezidentinə şirkətin təklif etdiyi 3G və 4G, həmçinin digər xidmətlər barədə ətraflı məlumat verildi.
"DELTA Telecom" şirkətinin pavilyonu ilə tanışlıq zamanı qeyd olundu ki, qurum respublikamızın İKT bazarında xüsusi mövqeyi ilə seçilir. Şirkət region səviyyəsində mühüm əhəmiyyət kəsb edən bir neçə uğurlu layihə həyata keçirir. Dünyanın ən iri rabitə operatorlarının qoşulduğu EPEG layihəsini, paytaxt Bakıda böyük DATA mərkəzinin qurulmasını və digər layihələri buna misal göstərmək olar. "DELTA Telecom"un reallaşdırdığı layihələrin hamısı region əhəmiyyətlidir.
Respublikamızda "Aztelekom" İstehsalat Birliyinin CDMA - simsiz telefon şəbəkəsi 2005-ci ilin sentyabrında istifadəyə verilmişdir. Bu xidmətin regionlarda tətbiqi istiqamətində qısa müddətdə ardıcıl tədbirlər görülüb. Hazırda ölkəmizin 22 rayonunun və 4 şəhərinin ərazisində "Aztelekom"un 32 baza stansiyasından ibarət simsiz telefon şəbəkəsi təşkil olunmuşdur. Bu xidmətin digər bölgələrdə də tətbiqi üçün konkret tədbirlər həyata keçirilir.
"Ultra" şirkəti də Azərbaycan bazarında uğurla təmsil olunur. Qurumun elektron sənəd dövriyyəsi, elektron təhsil, elektron imza, elektron bankinq, elektron bələdçi və digər xidmətlərindən müştərilər geniş istifadə edirlər.
"Sazz" şirkəti də internet və digər ən müasir İKT xidmətlərinin təklifi baxımından respublikamızın perspektivli iqtisadi qurumlarından sayılır.
Azərbaycan Futuroloqlar Cəmiyyəti ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərir. Bu cəmiyyət "Minilliyin layihəsi" çərçivəsində uzunmüddətli qlobal strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzidir.
"BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində 18 ölkənin milli ekspozisiyası da fəaliyyət göstərir.
İsrailin milli pavilyonunda NGSoft, NFC və digər şirkətlərin yenilikləri təqdim olunur. Burada İsrail şirkətlərinin proqram təminatı, mobil ödəmə sistemləri, Kontentlərin İdarə Edilməsi Sistemi, mobil və internet bankinq, həmçinin digər xidmətləri barədə ətraflı informasiya almaq mümkündür.
"Gələcəyin məktəbi" ekspozisiyasında 261 nömrəli məktəb-liseyin 5-ci sinif şagirdləri "multitouch" monitor və ağıllı lövhə vasitəsilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya İKT sahəsində biliklərini nümayiş etdirdilər.
"BakuTel-2011" sərgisində ilk dəfə Kanadanın altı şirkəti təmsil olunur. Bu şirkətlər də Azərbaycan ilə sıx əməkdaşlıqda maraqlıdırlar.
Türkiyənin milli pavilyonu ilə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, qardaş ölkənin şirkətləri müstəqilliyimizin ilk illərindən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları bazarında geniş təmsil olunurlar. Hazırda Azərbaycan və Türkiyə İKT sektorunda sıx əməkdaşlıq edir və respublikamızda ən son elmi-texniki yeniliklərin tətbiqi üçün birgə ardıcıl iş aparırlar.
Latviya da Azərbaycan ilə İKT sektorunda əlaqələrini ilbəil genişləndirir. Sərgidə bu ölkənin "DPA" və digər şirkətləri silsilə yenilikləri ilə təmsil olunurlar.
Avstriya şirkətləri də respublikamızın İKT bazarına ciddi maraq göstərirlər. Bu, ilk növbədə, ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli biznes mühitindən qaynaqlanır. Avstriyanın "Skidata" və digər şirkətləri artıq respublikamızda "Şahdağ" qış kurortu kimi bir sıra iri layihələrə qoşulmuşlar.
Sərgidə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ən son elmi-texniki yeniliklərə əsaslanan videokonfrans sistemi nümayiş etdirildi. Bildirildi ki, bu sistem vasitəsilə eyni vaxtda bir neçə məkanla canlı videobağlantı yaratmaq mümkündür.
Azərbaycanın strateji tərəfdaşı olan Rumıniya iki ölkə arasında imzalanan sənədlərə əsasən, respublikamızın İKT sektorunda da fəaliyyətini genişləndirmək niyyətindədir. "SİVECO Romania SA" şirkəti Azərbaycanın "Milli təhsil sisteminin idarə edilməsi və elektron tədris" kimi mühüm əhəmiyyətli layihələrə qoşulmuşdur.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci ildə respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə geniş məlumat verildi.
Dövlət başçısına dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirildi. Qeyd olundu ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə saldı.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ekspozisiyası da zənginliyi ilə seçilir. Nazir Əli Abbasov dövlət başçısına respublikamızda İKT sektorunun əsaslı inkişafı ilə bağlı həyata keçirilən silsilə layihələr barədə məlumat verdi. Rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təxminən 10-15 ildən sonra bu sahədən əldə ediləcək gəlirlər neft sektorundan əldə ediləcək gəlirlərə yaxınlaşacaqdır.
Azərbaycan ilə Fransa informasiya-kommunikasiya texnologiyaları sahəsində, o cümlədən kosmik proqram üzrə sıx əməkdaşlıq edirlər. Gələn ilin dördüncü rübündə məhz Fransa Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxaracaqdır.
Dövlət başçısına respublikamızda poçt rabitəsi üzrə xidmətlərin daha da genişləndirilməsi üçün həyata keçirilən tədbirlər barədə də məlumat verildi.
"BakuTel-2011" XVII Beynəlxalq sərgidə İran şirkətləri də ilbəil geniş təmsil olunur, öz yeniliklərini təqdim edirlər.
Belarusun pavilyonu da zənginliyi ilə fərqlənir. Azərbaycan bu ölkə ilə də İKT sektorunda əməkdaşlığını genişləndirir. Bu baxımdan "BakuTel" sərgiləri mühüm rol oynayır.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Estoniyadır. Sərgidə bu ölkənin şirkətləri iqtisadi qurumların fəaliyyətinə hərtərəfli nəzarəti və şəffaflığı təmin edən sistemlərin nümayişinə də geniş yer vermişdir.
MDB məkanında bir sıra ən qabaqcıl İKT xidmətlərini Azərbaycanda tətbiq edən şirkətlərdən biri də "Azərfon" MMC-dir.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı şirkətin ekspozisiyasında "Nar Mobile" mobil operatorunun simaları, "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov qarşıladılar.
Məlumat verildi ki, 2012-ci ilin aprelindən şirkətin təklif etdiyi yeni xidmət sayəsində "Azərbaycan Hava Yolları" QSC-nin reysləri zamanı təyyarədə mobil telefon xidmətindən istifadə etmək mümkün olacaqdır. Şirkət respublikamızda 3G mobil rabitəsinin sosial sahələrə tətbiqi ilə bağlı və digər istiqamətlərdə konkret layihələr həyata keçirir.
"Azercell Telecom"
MMC-nin pavilyonu ilə
tanışlıq zamanı Azərbaycan Prezidenti
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə
çatdırıldı ki, şirkət
ölkəmizdə fəaliyyətini durmadan
genişləndirir. Sərgidə şirkətin bir sıra yenilikləri təqdim edildi.
Sərgi
ilə yaxından tanış olan Prezident İlham Əliyev
iştirakçılara uğurlar arzuladı,
tapşırıq və tövsiyələrini verdi.
***
Xəzər
və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri
olan "BakuTel-2011" sərgisi Britaniyanın "ITE
Group" şirkətinin Qafqazdakı tərəfdaşı
olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı
ilə təşkil olunmuşdur. Bu il sərgidə 29 ölkədən
250-yə yaxın şirkət iştirak edir. Sərginin 40
faizdən çox hissəsini yerli informasiya texnologiyaları
şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə
operatorları və servis şirkətləri təşkil
edir. Sərgi yerli İKT müəssisələrinin hərtərəfli
inkişafına təkan verir və onların dünya
standartları səviyyəsində məhsul istehsalına əlavə
imkanlar yaradır. Sərgidə təqdim edilən yeniliklər
innovasiyalı məhsul, xidmət və texnologiyaların milli
bazarda təşviqinə, həmçinin ölkəmizin
qlobal informasiya məkanına daha sıx inteqrasiyasına da təkan
verir.
Sərgi
noyabrın 26-da başa çatacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 1.