Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini  qəbul etmişdir.

Dövlət başçısı Mərkəzi Asiya ölkələrinin Əməkdaşlıq Proqramının X yubiley Nazirlər Konfransının Bakıda keçirilməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev qarşılıqlı regional əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin önəmini qeyd etdi. Son illər Azərbaycanda genişmiqyaslı sosial və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan dövlət başçısı elektrik enerjisinin istehsalı, xüsusilə alternativ və bərpa olunan enerji  layihələrinin icrası, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, yeni hava limanlarının tikintisi və dəniz nəqliyyatının inkişafı, Bakı şəhərində yeraltı nəqliyyat şəbəkəsinin genişləndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması  istiqamətində həyata keçirilən proqramların əhəmiyyətini qeyd etdi.

Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurado Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən abadlıq və quruculuq tədbirlərini yüksək qiymətləndirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sosial infrastruktur layihələrinin rəhbərlik etdiyi banka üzv ölkələrin inkişaf strategiyasına tamamilə uyğun olduğunu vurğuladı. Haruhiko Kurado Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən bu layihələrdə daha yaxından iştirak etməkdə maraqlı olduğunu dedi. O, dünyada baş verən maliyyə böhranının Asiya ölkələrinə təsirinin azaldılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə dövlət başçısına məlumat verdi.

Görüşdə bankın ölkəmizdə həyata keçirdiyi layihələr müzakirə edildi, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-24 noyabr.- S.  2.