Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq uğurla inkişaf edir

 

 Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə ölkəmizdə səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin vitse-prezidenti Kiyoşi Kodera ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycana ilk səfərə gəldiyini qeyd edən qonaq belə yüksək inkişaf etmiş bir ölkə ilə tanışlıqdan məmnun qaldığını vurğulamışdır. Söhbət zamanı Yaponiya hökuməti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycana ayırdığı kreditlər və qrantlar hesabına həyata keçirilən layihələrin səmərəliliyi əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün yaxşı zəmin yaradır. İqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən elektroenergetika, alternativ və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və digər istiqamətlərdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin mənafeyi baxımından məqsədəuyğun sayılmışdır.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 3.