Azərbaycan ilə
İraq arasında hüquq-müqavilə
bazasının inkişafı gələcəkdə iki ölkənin iş
adamlarının fəaliyyətinə böyük
töhfə verəcəkdir
Noyabrın 23-də xarici işlər naziri Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycanı təbrik etmişdir.
Azərbaycan ilə İraq arasında müştərək dəyərlərin olduğunu vurğulayan A.Əl-Maliki bir sıra sahələrdə əlaqələrin inkişafına hökumətlərarası komissiyanın da töhfə verəcəyini demişdir. O bu əməkdaşlığa təkan verilməsi üçün Azərbaycanın İraqda səfirliyinin açılmasının vacibliyini qeyd etmişdir.
E.Məmmədyarov Azərbaycan ilə
İraq arasında hüquq-müqavilə
bazasının genişləndirilməsinin vacib
olduğunu və onun
inkişafının gələcəkdə iki
ölkənin iş adamlarının fəaliyyətinə
böyük töhfə verəcəyini bildirmişdir. Nazir
Azərbaycanın İraqda səfirliyinin
açılması ilə bağlı Milli
Məclis tərəfindən qərarın qəbul edildiyini və yaxın zamanlarda
diplomatik nümayəndəliyimizin fəaliyyətə
başlayacağına ümidvar olduğunu vurğulamışdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 3.