Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsinin
müzakirəsi davam etdirilmişdir
Milli
Məclisin noyabrın 23-də keçirilmiş iclasında
"Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi
davam etdirilmişdir.
İclasda
çıxış edən Mərkəzi Bankın İdarə
Heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, bu
günlərdə xalqımız möhtəşəm bir
bayramı - dövlət müstəqilliyimizin 20-ci
ildönümünü təntənə ilə qeyd edir.
Müzakirəyə təqdim olunmuş büdcə layihəsi
iyirmi illik müstəqilliyin uğurlu göstəricisidir. Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş strategiyanı Prezident İlham Əliyevin uğurla
davam etdirməsi nəticəsində ölkə həyatının
bütün sahələrində dinamik inkişafa nail
olmuşuq.
E.Rüstəmov
demişdir ki, bu gün Azərbaycanda keyfiyyətcə yeni
iqtisadi şərait yaranmışdır. Azərbaycan
iqtisadiyyatı bu uğur sayəsində dünyadakı
iqtisadi böhrandan da çox az itki ilə
çıxmışdır. İndi Azərbaycan
iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddəüçünü
özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə
azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3
dəfə artmışdır. Dünyada isə qlobal
böhranın ikinci dalğası artıq başlayır.
Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə
edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4
trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir.
Həmçinin ABŞ-da da eyni
böhran yaşanır. İşsizlik bu ölkələrə
hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun
proqnozlarına görə isə dünya üzrə resessiya
çox zəif gedir.
Mərkəzi
Bankın İdarə Heyətinin sədri demişdir ki, bu
gün Azərbaycanın məcmu
valyuta ehtiyatları 42 milyard ABŞ dollarına yaxınlaşır və mütəxəssislər
ölkəmizin iqtisadiyyatı üçün ortamüddətli
dövrdə hər hansı makroiqtisadi risk görmürlər.
Hesablamalara görə, qarşıdakı 10 ildə Azərbaycan
iqtisadiyyatı ikirəqəmli inkişaf tempinə - 10-12 faiz
artıma nail olacaqdır. Bunun üçün də əhəmiyyətli
investisiya artımı olmalıdır və bu halda xaricdən
investisiyaların cəlb edilməsi tələb olunur.
E.Rüstəmov
daha sonra demişdir: "Yeni il üçün dövlət
büdcəsinin layihəsi yüksək səviyyədə
hazırlanmış, dayanıqlığı təmin
olunmuşdur. Büdcə xərcləri ümumi daxili məhsulun
(ÜDM) 37 faizinə çatmışdır ki, bu da
"Böyük iyirmilik"in həddidir. Neftin baza qiyməti
konservativdir, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozu
102 dollardır. Sosial proqramların
reallaşdırılması da uğurla davam etdirilir. Biz
heç bir sosial proqramı dayandırmırıq və
sürətini aşağı salmırıq. Büdcə xərcləri
də texniki xarakter daşıyır".
O
qeyd edib ki, növbəti illərdə inflyasiyanın birrəqəmli
olması üçün
lazımi tədbirlər görüləcəkdir. Hazırda
Azərbaycan manatı 1,4 faiz möhkəmlənmişdir.
Azərbaycanda
irəli sürülən sosial ipoteka proqramının
çox mühüm, həm də iqtisadiyönümlü
proqram olduğunu vurğulayan Elman Rüstəmov onu da
bildirmişdir ki, ipoteka kreditləri üçün
ayrılan 20 milyon manat kifayət deyil, əlavə vəsait
lazımdır. Buna dövlətin kifayət qədər
imkanı da vardır.
Sonra
gələn ilin dövlət büdcəsi ilə
bağlı çıxışlar olmuşdur.
Deputatlar bildirmişlər ki, ölkəmizdə sosial-iqtisadi
siyasət fundamental əsaslara
malikdir. Dünya iqtisadiyyatındakı böhran
bir çox ölkələrə ciddi
mənfi təsir göstərsə də, Azərbaycan iqtisadiyyatı
bu sınaqdan ən az
itkilərlə çıxmışdır.
Bu isə ölkədə
həyata keçirilən
siyasətin düzgünlüyünü
bir daha sübut edir. Qeyd olunmuşdur ki, 2012-ci ilin dövlət büdcəsi ölkəmizdə
neçə illərdir
yaşanan dinamik inkişafın bundan sonra da davam
edəcəyini təsdiqləyir.
Gələn il Azərbaycan iqtisadiyyatının
inkişafının daha
da güclənəcəyini,
büdcənin isə
investisiya və sosialyönümlü xarakter
daşıdığını vurğulayan deputatlar sosial sahələrin proqramlar şəklində
maliyyələşdirilməsinin yüksək səmərə
verdiyini diqqətə
çatdırmışlar.
Qeyd olunmuşdur ki, dövlət büdcəsində
böyük maraq doğuran və xüsusi diqqətçəkən
məqamlardan biri sosial məsələlər
üçün nəzərdə
tutulan vəsaitlərdir.
Təqdirəlayiq haldır
ki, hər il olduğu kimi, 2012-ci ildə də hökumət bu sahəyə böyük diqqət göstərmişdir. Büdcədə
elm, təhsil, səhiyyə,
mədəniyyət, bədən
tərbiyəsi və
gənclər siyasəti
sahələrinə ayrılan
vəsaitin həcmi yüksək qiymətləndirilmişdir.
Bununla yanaşı, deputatlar bir sıra təkliflər
də səsləndirmişlər.
Növbəti ilin büdcə zərfində
təhsil və səhiyyə sahəsində çalışanların
əməkhaqlarının, bir sıra sahələrə
ayrılan vəsaitin həcminin artırılması,
kənd təsərrüfatının
inkişafı, kəndlərdə
yolların təmiri, ipoteka kreditlərinin verilməsi və digər məsələlərin
nəzərə alınması
məqsədəuyğun hesab
edilmişdir.
Bildirilmişdir ki, ölkəmizdə
Beynəlxalq İnkişaf
Agentliyi yaradılmalıdır.
Bununla da Azərbaycan xarici mediada daha yaxşı təbliğ olunar, xarici QHT-lərlə əməkdaşlıq qura
bilər. "Elektron hökumət"in idarə
olunması üçün
də xüsusi bir qurumun yaradılmasının
vacibliyi qeyd edilmişdir.
Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, iki gün
ərzində davam edən bu müzakirələr
onu göstərir ki, Azərbaycan dövləti malik olduğu bütün resursları yeni əlavə sahələrin
inkişafına yönəltmək
istiqamətində növbəti
bir plan hazırlamışdır.
Bu gün ölkəmiz
sürətlə inkişaf
edir.
2012-ci il dövlət büdcəsi layihəsinin
müzakirələrinə yekun vuran Milli
Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, iki gün davam
edən müzakirələrdə
deputatlar bir sıra əhəmiyyətli
təkliflər səsləndirmişlər.
Noyabrın 24-də keçiriləcək
iclasda maliyyə naziri Samir Şərifov
deputatların Milli Məclisdə səsləndirdikləri
təkliflərə münasibət
bildirəcək, sonra
isə büdcə paketinə daxil olan digər qanun layihələri müzakirə ediləcəkdir.
Bununla da Milli Məclisin
bugünkü iclası
başa çatmışdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 3.