Bakıda XVII Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisi və
konfransı açılmışdır
Noyabrın 23-də Bakı Sərgi Mərkəzində Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmışdır. Sərgidə, ümumilikdə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir.
AzərTAc xəbər verir ki, Xəzəryanı və Qafqaz regionlarının ən iri telekommunikasiya sərgisi olan "BakuTel-2011"-in açılışında "ITE Group" şirkətinin icraçı direktoru Eduard Stroon çıxış edərək onun işinə uğurlar arzulamışdır.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlət başçısı İlham Əliyevin sərgi və konfransın iştirakçılarına təbrik məktubunu oxumuşdur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura təşkilatın baş katibi Pan Gi Munun təbrik məktubunu səsləndirmişdir.
Sonra Azərbaycanın son 20 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərə həsr olunan film nümayiş etdirilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, hazırda Azərbaycan dinamik inkişaf edən ölkələr sırasındadır. Yaxın gələcəkdə Azərbaycan inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevriləcəkdir.
Respublikamızda İKT-nin inkişafından danışan nazir vurğulamışdır ki, Azərbaycan son on ildə İKT-nin ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Belə bir sərginin təşkili isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasının göstəricisidir.
Azərbaycanda "qara qızıl" kapitalını insan kapitalına çevirmək istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture Avropa və Asiya arasında körpü rolu oynayan ölkəmizin bir sıra regional layihələrdə söz sahibi olduğunu bildirmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Yan Kubiş Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını yüksək qiymətləndirmişdir.
"Microsoft" şirkətinin vitse-prezidenti Kim Gagne Azərbaycanın inkişaf dinamikasının göz önündə olduğunu və ölkəmizin İKT-nin inkişafına verdiyi dəstəyin ildən-ilə artdığını bildirərək, şirkətin respublikamızda həyata keçirdiyi layihələrdən danışmışdır.
Pakistanın elm və texnologiyalar üzrə federal naziri Çingiz Xan Camali ölkəsinin son illərdə İKT sahəsində əldə etdiyi nailiyyətlərdən danışmışdır. O, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də əməkdaşlığın davam etdirildiyini vurğulamışdır.
İsrailin rabitə naziri Moşe Kaxlon dünyanın əksər dövlətlərinin İKT sahəsində ölkəsinin texnologiyalarından geniş şəkildə yararlandığını diqqətə çatdırmışdır. O, İsrail şirkətlərinin Azərbaycanın İKT sektoruna böyük maraq göstərdiklərini vurğulamışdır.
Rumıniyanın rabitə və informasiya naziri
Valerian Vreme ölkəsinin İKT sahəsində əldə
etdiyi nailiyyətlərdən danışmışdır.
Nazir Azərbaycan ilə Rumıniya arasında digər sahələrdə
olduğu kimi, İKT sektorunda da sıx əməkdaşlığın
həyata keçirildiyini qeyd etdi.
"Bakutel-2011"
sərgisində 250-yə yaxın şirkət iştirak edir
ki, onun da 40 faizdən çoxu yerli şirkətlər, mobil
operatorlar, distribüterlər, rabitə operatorları və
servis şirkətləridir. İlk dəfə olaraq
"BakuTel-2011" sərgisində Avstriya, Macarıstan,
Fransa, Kanada, Litva və digər dövlətlərdən 18
milli ekspozisiya təqdim olunur. Ötən illə müqayisədə
bu il sərgi sahəsinin və iştirakçıların
sayında iki dəfə artım olmuşdur.
Sərgi
əsasən yeni layihələr, yeni əmtəə və
xidmətlərin nümayişi ilə fərqlənəcəkdir.
Sərgini fərqləndirəcək əsas cəhətlərdən
biri də odur ki, tədbir çərçivəsində
çoxlu seminarlar, konfranslar və görüşlər
keçiriləcək, burada biznes adamlarının müxtəlif
müzakirələrin aparılması, işgüzar əlaqələrin
yaradılması üçün əlverişli şərait
yaradılacaqdır.
Sərgi
noyabrın 26-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 5.