BMT-nin Avropa
İqtisadi Komissiyası Azərbaycanda yeni layihələr həyata
keçirəcəkdir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişlə görüşmüşdür.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Əli Abbasov "BakuTel 2011" 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakına görə icraçı baş katibə minnətdarlığını bildirmiş, BMT-nin Avropa İqtisadi Komissiyası ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırmışdır.
"İnnovasiyalar üzrə fəaliyyətin icmalı" layihəsi haqqında məlumat verən Yan Kubiş bildirmişdir ki, bu layihədə BMT-nin Avropa İqtisadi Komissiyası və beynəlxalq ekspertlər müvafiq ölkələrdə araşdırmalar apararaq lazımi tövsiyələr verir. Y.Kubiş Azərbaycanda 2013-ci ildə belə bir pilot-layihənin hazırlanmasının məqsədəuyğun olduğunu bildirmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyasının üzv ölkələrində informasiya texnologiyaları üzrə yaradılan regional mərkəzlərin əhəmiyyətindən bəhs edən Yan Kubiş belə bir mərkəzin Azərbaycanda yaradılmasının faydalı olacağını qeyd etmişdir.
Əli Abbasov ölkəmizin bu layihəni dəstəklədiyini və layihənin icrası istiqamətində həyata keçirilən bütün işlərə lazımi köməyin göstəriləcəyini qeyd etmişdir.
Görüşdə region ölkələrinin
inteqrasiyasının dəstəklənməsi və dünya
iqtisadiyyatına qoşulmanın təşviq edilməsi, birgə
səylərlə daha effektiv həll ediləcək prioritet məsələlərin
maliyyələşdirilməsi olan BMT-nin "SPECA" (BMT-nin
Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi
Proqramı) proqramı çərçivəsində əməkdaşlıq
barədə fikir mübadiləsi aparılmışdır.
BMT-nin Avropa İqtisadi Komissiyasının "Dövlət-özəl
tərəfdaşlığ"ı istiqamətində fəaliyyətə
başlaması məsələsi də müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 5.