Bakıda CAREC Proqramının 10-cu Nazirlər Konfransı keçirilmişdir

 

 Noyabrın 23-də Bakıda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu Nazirlər Konfransı keçirilmişdir.

Tədbirdə CAREC Proqramına üzv olan 10 ölkənin (Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Çin, Əfqanıstan, Monqolustan, Türkmənistan, Pakistan), həmçinin Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), İslam İnkişaf Bankı (İİB), Beynəlxalq Valyuta Fondu (BVF), BMT-nin İnkişaf Proqramı kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Konfransın açılışında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin CAREC Proqramının 10-cu Nazirlər Konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur.

Sonra konfrans müxtəlif sessiyalar üzrə işini davam etdirmişdir.

İqtisadi inkişaf naziri, CAREC Proqramının 10-cu Nazirlər Konfransının sədri Şahin Mustafayev Proqram çərçivəsində Azərbaycanın 2-ci dəfə Nazirlər Konfransına sədrlik etdiyini vurğulamış, CAREC Proqramının 10 illik yubileyinə təsadüf edən tədbirin Bakıda keçirilməsinin tərəfdaş ölkələrin Azərbaycana  etimadın göstəricisi olduğunu qeyd etmişdir. Azərbaycanın regional iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş tədbirləri dəstəklədiyini bildirən nazir Şahin Mustafayev 10-cu Nazirlər Konfransı çərçivəsində aparılan müzakirələrin və təsdiq olunan sənədlərin region ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

AİB-in prezidenti Haruhiko Kurado CAREC Proqramı çərçivəsində ötən 10 ildə görülmüş işlər və növbəti illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat vermiş, proqramın region ölkələrində nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulamışdır. AİB-in prezidenti CAREC Proqramının 10-cu Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.

"CAREC 2020" strateji çərçivə sənədinə həsr olunmuş sessiyada nazir Şahin Mustafayev sənədin növbəti 10 ildə proqram çərçivəsində üzv ölkələrin birgə baxış, məqsəd və hədəflərini özündə əks etdirdiyini, sənəddə bu hədəflərə çatmaq üçün üzv ölkələr tərəfindən həyata keçirilməsi planlaşdırılan prioritetlərin əks olunduğunu diqqətə çatdırmışdır. Nazir "CAREC 2020"-də nəzərdə tutulmuş əsas prioritet sahələr və Azərbaycanda bu sahələrdə görülmüş işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.

Konfrans çərçivəsində CAREC ölkələrində iqtisadi inkişafın perspektivləri üzrə xüsusi sessiya keçirilmiş, sessiyada proqrama üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri ölkənin iqtisadiyyatına dair məlumat vermişlər.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək qeyd etmişdir ki, 2005-2009-cu illərdə Azərbaycan  ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempinə görə (21,2 faiz) dünyada birinci yeri tutmuşdur. Bildirmişdir ki, 2003-cü illə müqayisədə ötən il ÜDM 3 dəfə, qeyri-neft ÜDM-i 2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,4 dəfə artmış, yoxsulluq səviyyəsi isə 5 dəfə azalmışdır. Son dövrlərdə dünyada gedən qlobal proseslər Azərbaycan iqtisadiyyatının dayanıqlığını bir daha sübut etmişdir. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2010-cu və 2011-ci illərdə davam etmişdir. Hazırda Azərbaycanın dünyanın 148-dən çox ölkəsi ilə xarici ticarət sahəsində əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir ölkəmizin xarici ticarət balansında müşayiət olunan müsbət meyillərin davam etdiyini qeyd etmişdir.

Konfransda "CAREC 2020" xatirə lövhəsinin açılışı olmuş, "Qırğızıstan Respublikası və Tacikistan Respublikası arasında trans-sərhəd daşımaları haqqında Saziş"ə Əfqanıstan Respublikasının qoşulması barədə sənəd imzalanmışdır.

CAREC Proqramının 10-cu Nazirlər Konfransı nazirlərin birgə bəyanatının qəbul edilməsi ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.