«CAREC 2020»
strategiyası təsdiqlənmişdir
Noyabrın 23-də Bakıda keçirilən Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu Nazirlər Konfransının yekunu ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurado CAREC çərçivəsində görülən işlərdən, gələcəkdə həyata keçiriləcək tədbirlərdən, konfransın əhəmiyyətindən, regionda, o cümlədən Azərbaycan ilə əməkdaşlığın perspektivlərindən danışmış, proqramın region ölkələrində nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulamışdır.
Bildirmişdir ki, 1999-cu ildə AİB-ə üzv qəbul olunan Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan AİB-in fəal üzvüdür. Son 10 ildə CAREC çərçivəsində ümumi dəyəri 17 milyard ABŞ dolları olan 100-dən çox layihə təsdiqlənmişdir. CAREC Azərbaycanda iqtisadi inkişafı dəstəkləyir və regionun faydalanmasına töhfə verəcəkdir. CAREC-ə üzv ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi mühümdür. Bu ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır.
Haruhiko Kurado vurğulamışdır ki, təkmilləşdirilmiş infrastruktur 2001-ci ildən 2008-ci ilədək regionlar arasındakı ticarətin 13 pillə yüksəlməsinə səbəb olmuşdur. 2007-ci illə müqayisədə 2017-ci ildə dəhlizlər ticarət axınını üç dəfə artıra bilər.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri, CAREC Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Samir Vəliyev bildirmişdir ki, Nazirlər Konfransında "CAREC 2020" strategiyası təsdiqlənmişdir. Bu strategiya xarici bazarlara çıxış imkanları açacaq, üzv ölkələrə beynəlxalq ticarəti genişləndirməkdə və onların rəqabətə davamlılığını artırmaqda kömək edəcəkdir. "CAREC 2020" strateji çərçivə sənədi növbəti 10 ildə proqram çərçivəsində üzv ölkələrin birgə baxış, məqsəd və hədəflərini özündə əks etdirir. "CAREC 2020" strategiyası çərçivəsində layihələrin həyata keçirilməsinə 50 milyard ABŞ dolları məbləğində vəsaitin sərf edilməsi nəzərdə tutulur.
S.Vəliyev vurğulamışdır ki, CAREC çərçivəsində nəqliyyat, enerji və ticarət sahələrində mühüm işlər görülmüşdür və bu, davam etdiriləcəkdir. Azərbaycan regionun inkişafına töhfəsini verəcəkdir.
Diqqətə
çatdırılmışdır ki,
Nazirlər Konfransında "Qırğızıstan
Respublikası və Tacikistan
Respublikası arasında trans-sərhəd
daşımaları haqqında Saziş"ə Əfqanıstanın
qoşulması barədə sənəd
imzalanmışdır. Qeyd edilmişdir ki, gələn
il CAREC-in növbəti
Nazirlər Konfransı Çində keçiriləcəkdir.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.