İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu məsələsi müzakirə olunmuşdur

 

Noyabrın 23-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Fridirix Ebert Fondunun birgə təşkilatçılığı ilə "İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu sahədə Azərbaycanda görülən işlər, qəbul olunan sənədlər və tətbiq olunan beynəlxalq təcrübə haqqında danışmışdır.

Bildirilmişdir ki, gender bərabərliyi problemi beynəlxalq səviyyədə həmişə üstün fəaliyyət istiqamətlərindən biri olmuşdur.  AHİK beynəlxalq təcrübəyə əsaslanaraq, bu sahədə üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. BƏT-in dəstəyi ilə AHİK tərəfindən respublikanın müxtəlif şəhərlərində "İş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizə" mövzusunda regional seminarlar keçirilmişdir. AHİK qadınların həm ailədə, həm də istehsalatda qanunlarımızın verdiyi imkanlardan lazımi dərəcədə faydalanması istiqamətində daim tədbirlər həyata keçirir. Bu tədbirlərin səmərəliliyini təmin etmək üçün konfederasiyanın nəzdində Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz yaradılmışdır. Mərkəzin təşəbbüsü ilə qısa vaxt ərzində bütün sahə, rayon, şəhər, müəssisə, idarə həmkarlar ittifaqı təşkilatları nəzdində də komissiyalar fəaliyyətə başlamışdır. Mərkəz ona həvalə olunmuş işin öhdəsindən layiqincə gəlmək üçün fəal aparır. Onun BƏT və müxtəlif sahə həmkarlar ittifaqları komitələri ilə birgə keçirdiyi seminarlarda və "dəyirmi masa"larda qadınların həyat və yaşayış tərzi müzakirə olunmuşdur.

AHİK-in beynəlxalq təcrübəyə əsaslanaraq, bu sahədə üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışdığını qeyd edən S.Mehbalıyev demişdir ki, həmkarlar ittifaqları kollektiv danışıqlar zamanı buya digər vasitələrlə bərabərliyə nail olmağı qarşısına məqsəd qoymuşdur.

AHİK sədri vurğulamışdır ki, hazırda qadınlar həmkarlar ittifaqı üzvlərinin 51 faizini təşkil edir. Respublika həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınların sayı 15 min 984 nəfərdir. Onlardan 2 min 936-sı həmkarlar ittifaqı komitələrinin sədrləridir.

S.Mehbalıyev gender bərabərliyi məsələlərinin ön plana çəkilməsinə təkan verəcək tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.

Konfransın əhəmiyyətindən danışan BƏT-in baş mütəxəssisi Sergius Qlovaskas isə bildirmişdir ki, belə tədbirlərin keçirilməsi maarifləndirmə istiqamətində atılan mühüm addımlardandır. AHİK-in beynəlxalq əlaqələrini müsbət qiymətləndirən BƏT-in  nümayəndəsi Azərbaycan dövlətinin təmsil etdiyi qurum ilə  əlaqələrinin sıx inkişaf etdiyini demişdir. S.Qlovaskas vurğulamışdır ki, Azərbaycan hökumətinin qadınlara qarşı diskriminasiya ilə mübarizəsi BƏT tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son illər əmək hüquqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atmışdır.

Fridirix Ebert Fondunun Azərbaycan bürosunun rəhbəri Rəşad Hüseynli təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir. O, yerlərində ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı tədbirlərin ölkəmizin bir sıra bölgələrində də keçirilməsinin vacibliyini vurğulamışdır.

Sonra konfrans "İş yerlərində ayrı-seçkiliyə qarşı AHİK layihəsinin təqdimatı. Vəziyyətin analizi və perspektivləri", "Azərbaycanda yerlərində ayrı-seçkilik. Sosial əməkdaşların mövqeyi", "BƏT-in anti ayrı-seçkilik konvensiyaları, əsasları və proqramları", "İş yerlərində ayrı-seçkilik. Həmkarlar ittifaqlarının addımları. İşçi qruplarının təqdimatı", "Həmkarlar ittifaqlarının fəaliyyət planının hazırlanması" mövzularında sessiyalarda işini davam etmişdir.

Sonda həmkarlar ittifaqlarının fəaliyyət planı hazırlanmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.