Argentinada «Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində» mövzusunda konfrans keçirilmişdir

 

Latın Amerikasının xarici siyasət üzrə aparıcı "beyin mərkəzləri"ndən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfrans keçirilmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki paneldən ibarət konfransın birinci hissəsi "Azərbaycan Respublikasının xarici siyasəti: prioritetlər və çağırışlar", ikincisi isə "Azərbaycan və Argentina: potensial tərəfdaşlar" mövzularına həsr olunmuşdur.

Azərbaycan tərəfdən konfransda Milli Məclisin deputatları  Asim Mollazadə və Ceyhun Osmanlı, ölkəmizin Argentinadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, qarşı tərəfdən isə CARİ-nin prezidenti Rodriguez Giavarini, Şurada MDB ölkələri üzrə işçi qrupunun rəhbəri Qrasiella Zubelzu, qrupun üzvü Ricardo Torres, Argentinanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin Beynəlxalq kənd təsərrüfatı əlaqələri idarəsinin rəhbəri Roksana Blasetti, Argentina Milli Konqresinin nümayəndələr palatasında Azərbaycan ilə dostluq qrupunun sədri Roberto Mouilleron və Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin ikitərəfli məsələlər üzrə əlaqələndiricisi Karina Pombo çıxış etmişlər.

Konfransda Azərbaycanının inkişaf strategiyası, ölkənin müstəqillik dövründə qarşılaşdığı problemlər və əldə etdiyi uğurlar, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və münaqişənin nizamlanması prosesi, ölkəmizin Qərb-Şərq enerji-infrastruktur dəhlizinin inkişafındakı rolu, habelə inkişaf etməkdə olan Azərbaycan-Argentina münasibətləri müzakirə olunmuşdur.

Bundan əlavə, konfransda ölkələrimiz arasında siyasi, iqtisadi, xüsusilə də kənd təsərrüfatı və texnologiyalar sahələrində  əməkdaşlıq, parlamentlərarası əlaqələr və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Konfransda Argentinanın hökumət strukturlarının, elmi-akademik dairələrinin nümayəndələri, xarici siyasət və diplomatiya üzrə ekspertləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

CARİ-nin idarə heyətinin üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında konfransdan sonra görüş də olmuşdur. Görüşdə gündəlikdə duran mövzuların müzakirəsi davam etdirilmiş, xüsusilə də Azərbaycan-Argentina əməkdaşlığının Xəzər hövzəsi-Mercosur regionlarının bir-birinə yaxınlaşdırılması üçün mühüm amil ola biləcəyi qeyd edilmişdir. Bu istiqamətdə SAM və CARİ tərəfindən birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi razılaşdırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.