AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda İşçi Qrupunun iclası keçirilmişdir

 

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi" və "Ümumtəhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması qaydaları" əsasında fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə  təhsil naziri tərəfindən yaradılmış İşçi Qrupunun iclası keçirilmişdir.

İTİ-dən AzərTAc-a bildirmişlər ki, iclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Təhsil Nazirliyinin təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Təhsil Problemləri İnstitutunun tətbiqi tədqiqatlar, monitorinq və qiymətləndirmə mərkəzinin tədqiqatların İKT təminatı şöbəsinin müdiri Ruhiyyə Mehdiyevaişçi qrupun digər üzvləri iştirak etmişlər.

Tədbirdə şagird nailiyyətlərinin qiymətləndirilməsinin informatikanın təlimi prosesinin mühüm tərkib hissələrindən biri olduğu qeyd edilərək bu fənn üzrə qiymətləndirmə standartları müzakirə olunmuşdur. Bildirilmişdir ki, qiymətləndirmə standartları hər bir şagirdin yiyələnməli olduğu bilik, bacarıq və vərdişlərin kəmiyyət və keyfiyyət göstəricisidir. Hər bir fəndə olduğu kimi, informatika üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsinin də əsas məqsədi fənnin tədrisi işinə kömək etmək, tədrisin və təlimin keyfiyyətini yaxşılaşdırmaqdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələlərinin önəmliliyi vurğulanmışdır.

İclasda təhsil standartlarının yüksək səviyyədə hazırlanması üçün aparılan işlərin keyfiyyətli təşkili, fənlərarası inteqrasiyanın vacibliyi bildirilərək bu sahədə Azərbaycanın təhsil sisteminin qarşısında duran vəzifələrdən söhbət açılmışdır. 5-9-cu siniflər üçün hazırlanan standartların ilkin layihəsi haqqında ətraflı məlumat verilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarının bilik və bacarıqlarına yiyələnməsində qiymətləndirmə standartlarının müəyyən edilməsi və tətbiqinin önəmliliyi vurğulanmışdır.

Tədbirdə innovativ, kreativ düşüncəli kadrların yetişdirilməsi baxımından təhsilin müxtəlif pillələri üçün təlim strategiyalarının üstünlüklərindən də söhbət açılmışdır. Qeyd olunmuşdur ki, orta məktəblərdə müxtəlif təlim strategiyalarından (texnologiyalarından) istifadə sayəsində şagirdlər dərsə böyük maraqla yanaşır, fənni daha dərindən mənimsəyirlər. Bu strategiyalardan istifadənin müasir təhsilin əsasını təşkil edən mexanizmlərdən olduğu bildirilərək orta məktəblərdə təhsilin effektivliyinə təsir edən amillərdən olduğu qeyd edilmişdir.

İclasda, həmçinin kurikulumda dəyişikliklərin edilməsi zəruriyyəti, təhsil standartları ilə bağlı yeni terminlərin işlənilməsi və tətbiqi, testlərin tətbiqində standartların müəyyən olunması, standartlaşmanın hüquqi əsaslarının araşdırılması, təhsildə informasiya texnologiyalarının tətbiqinə dair mütəmadi olaraq elmi seminarların keçirilməsinin vacibliyi bildirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.