Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr olunmuş 2-ci «Fənlərin
dostluğu olimpiadası» ilə
bağlı mətbuat konfransı keçirilmişdir
Noyabrın 23-də Azərbaycan Universitetinin Hədəf Elm, Təhsil və Tədris Mərkəzi ilə birgə təşkil etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2-ci "Fənlərin dostluğu olimpiadası" ilə bağlı mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda universitetin mətbuat katibi Venera Şərifzadə bildirmişdir ki, dekabr ayında keçiriləcək layihənin əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və xüsusi istedada malik şagirdləri müəyyənləşdirərək gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Layihə rəhbəri, dosent Şəmil Sadıqov bildirmişdir ki, builki olimpiada Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında baş tutacaqdır. İki mərhələdə keçiriləcək olimpiadada 300-dək məktəbin iştirakı gözlənilir. Birinci mərhələdə 3 minədək şagird, ikinci mərhələdə isə 100-dək şagird öz biliyini sınayacaqdır. İştirakçılara Azərbaycan dilində test sualları təqdim olunacaqdır.
Olimpiadanın birinci mərhələsi dekabrın 18-də Bakı, Sumqayıt və Xırdalan şəhərlərində keçiriləcəkdir. Bu mərhələdə 2 saat müddətində şagirdlərə 50 sual təqdim olunacaqdır. İlk 100 yerin sahibi II turda iştirak etmək hüququ əldə edəcəkdir.
İkinci mərhələ isə dekabrın 25-də Azərbaycan Universitetində keçiriləcəkdir. Bu turda 1 saat müddətində şagirdlərə 30 sual təqdim olunacaqdır.
2-ci "Fənlərin dostluğu olimpiadası"nın bağlanışı və qaliblərin mükafatlandırılma mərasimi dekabrın 27-də keçiriləcəkdir. Olimpiadada ilk 10 yeri tutmuş şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
KİV nümayəndələrinin iştirak etdikləri konfransda
mövzu ilə bağlı videoçarx nümayiş
olunmuş, suallar
cavablandırılmışdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 7.