«2+1» eksperimental teatr festivalında 16 tamaşa nümayiş olunacaq
Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü
və təşkilatçılığı
ilə noyabrın 26-dək keçiriləcək
"2+1" adlı eksperimental
teatr festivalına
start verilib. Bu münasibətlə Azərbaycan
Teatr Xadimləri İttifaqında keçirilmiş
mətbuat konfransında
festivala hazırlıqla
bağlı jurnalistlərə
ətraflı məlumat
verilmişdir.
Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri,
xalq artisti Azərpaşa Nemətovun
verdiyi məlumata görə, festivalın məqsədi ölkə teatrlarında çalışan
rejissor, aktyor, rəssam və bəstəkarların yaradıcılıq
potensialını maksimum
üzə çıxarmaq,
eksperimentlərə geniş
meydan açaraq gənclərə daha çox imkan yaratmaq və bununla da milli
teatrın inkişafına
yardımçı olmaqdır:
"Fikrimcə, bu festivalın çox böyük əhəmiyyəti
olacaq. Bu, müsabiqə
deyil, festivaldır.
Məqsəd gənclərin, eləcə
də yaşlı nəslin hansı ritmdə yaşamasını
göstərməkdir. Bütün teatrlara bir neçə
ay öncədən məlumat
verilib. Festivalda yalnız arzu
edən teatrlar iştirak edir. Bütün teatrlara imkan vermişik, kim hazırlaşıbsa, festivalda iştirak edəcəkdir".
Hər bir
festival sənətə yeni
və fərqli baxış deməkdir. "2+1" festivalı
da milli teatr sahəsində baş verən yaradıcılıq proseslərini bir daha fəallaşdırmaq,
səhnə sənətindəki ənənələri
saxlamaq şərtilə,
müasir dünya teatr prosesinə qoşulmaq meyillərinə
istiqamət və dəstək verməkdən
ibarətdir.
Festivalın Şuşa Dövlət
Musiqili Dram Teatrının hazırladığı
"İki nəfər
üçün oyun" tamaşası ilə açılması
da təsadüfi deyil. Bu, Qarabağa
olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı,
tezliklə o yerlərə
qayıtmaq istəyimizin
ifadəsidir.
Teatrşünas Məryəm Əlizadə
"2+1" eksperimental teatr
festivalının artıq
üçüncü dəfədir
keçirildiyini və
səmərə verdiyini
bildirdi. Onun sözlərinə görə, sonuncu dəfə 1998-ci ildə keçirilən bu cür festival teatrın inkişaf proseslərində
mühüm rol oynayır.
M.SADIQZADƏ
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 8.