Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də NATO Baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Hüseyn Diriöz ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın təşkil olunmasının əhəmiyyətli hadisə olduğunu qeyd edən Hüseyn Diriöz bu tədbiri Avratlantik məkanda ümumi təhlükəsizliyə töhfə kimi dəyərləndirdi. O, NATO ilə Azərbaycan arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi.  Sərhədlərin  təhlükəsizliyi ilə bağlı məsələlərin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev NATO ilə geniş əməkdaşlıq çərçivəsində Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın keçirilməsinin önəmini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-25 noyabr.- S. 2.