Akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

2011-ci ilin dekabr ayında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 ili tamam olur.

Zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya Bünyadov respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə tarix elminin inkişafı sahəsində müstəsna xidmətlər göstərmiş akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 25 noyabr.- S. 2.