Bakıda «Sərhəd
təhlükəsizliyi və narkotik vasitələrin
yayılmasına qarşı mübarizə» mövzusunda
beynəlxalq seminar keçirilir
Noyabrın 24-də Bakıda NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminar işə başlamışdır.
AzərTAc xəbər verir ki, ikigünlük
seminarda Əfqanıstan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan,
Türkmənistan və Özbəkistanın sərhəd
qurumlarının, NATO, BMT, Avropa
İttifaqı, ATƏT-in, habelə Azərbaycanın Xarici İşlər, Milli
Təhlükəsizlik, Daxili İşlər,
Müdafiə nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət
Gömrük Komitəsinin,
Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə Dövlət Komissiyasının,
habelə xarici ölkələrin
Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.
Seminarın
açılışında Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant
Elçin Quliyev bildirmişdir ki, Azərbaycanın sərhəd
təhlükəsizliyi sistemində ardıcıl
islahatların keçirilməsi, ciddi sərhəd mühafizə
infrastrukturunun formalaşdırılması, təlim-tədris
imkanları və beynəlxalq tədbirlərin təşkilində
qazanılmış təcrübə nəzərə
alınaraq NATO tərəfindən hazırkı tədbirin Azərbaycanda
keçirilməsi təklif olunmuş və tərəfimizdən
dəstəklənmişdir.
E.Quliyevin sözlərinə görə, seminarda müzakirəyə çıxarılan məsələlər yalnız Əfqanıstan, Cənubi Qafqaz və Orta Asiya regionu üçün deyil, dünyanın bütün ölkələri üçün aktualdır. Dünya ictimaiyyətinin narahatlığına səbəb olan narkotik vasitələrin yayılması və ondan bəhrələnən beynəlxalq terrorçuluq nəinki insanların, hətta ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə ciddi təhdiddir. Bu təhdidlərin qloballığı və dəyişkənliyi milli sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsini, müxtəlif səviyyədə əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycanda narkotik vasitələrin yayılmasına qarşı mübarizə dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan hökuməti tərəfindən narkomanlığın yayılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 3 dəfə 5 illik proqramlar qəbul edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin, o cümlədən 132 kilometr Azərbaycan-İran və 733 kilometr Azərbaycan-Ermənistan dövlət sərhədinin erməni silahlı birləşmələri tərəfindən işğalı vəziyyəti daha da gərginləşdirir. Dövlət sərhədinin bu sahəsinə Azərbaycan və beynəlxalq təşkilatlar tərəfindən nəzarət edilmir və işğal olunmuş ərazilərdə narkotik vasitələrin qanunsuz daşınması və digər transmilli cinayətkarlıq üçün əlverişli şərait yaradılmışdır. Bu fikir dəfələrlə ABŞ Dövlət Departamentinin narkotiklər üzrə beynəlxalq nəzarət strategiyası haqqında hesabatlarında əks olunmuş, cari ilin oktyabrında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə ilə bağlı Bakıda keçirilmiş beynəlxalq konfransda xüsusi vurğulanmışdır.
Seminarın yüksək səviyyədə təşkil edildiyini deyən NATO Baş katibinin müavini Hüseyn Diriöz bildirmişdir ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq yüksək templə inkişaf edir. Azərbaycan NATO tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir.
H.Diriöz demişdir ki, NATO narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tərəfdaşlarına köməyini davam etdirəcəkdir. Qeyd etmişdir ki, Azərbaycan sərhəd təhlükəsizliyini inkişaf etdirmişdir. Seminarın məqsədi Mərkəzi Asiya regionu ölkələri arasında sərhəd təhlükəsizliyi mühitinin yaxşılaşdırılması, ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar arasında əlaqələrin yaradılması, Avratlantik ərazidə narkotik qaçaqmalçılığın qarşısının alınmasında tərəfdaşlıq praktikasının bölüşdürülməsidir. Müzakirələrdə Azərbaycanın bu sahədəki təcrübəsi barədə də məlumatlar veriləcəkdir.
Seminarın ən vacib məsələlərdən birinə həsr olunduğunu söyləyən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov vurğulamışdır ki, Azərbaycan ilə NATO arasında əməkdaşlıq davam edir. Bu seminarın məqsədi Mərkəzi Asiyada fəaliyyətin daha da genişləndirilməsidir. Azərbaycanın sərhəd xidməti sərhəd təhlükəsizliyi sahəsində daha geniş tədbirlər görməyə qadirdir. Azərbaycan artıq 20 ildir müstəqilliyini qazanmışdır. Bu müddətdə respublika qonşu ölkələrə də təhlükəsizliklə bağlı yardım göstərir və birgə təcrübələr bölüşdürülür. Sərhəd təhlükəsizliyi ölkələrin imicini göstərən nümunədir. Sərhədlərinin qorunmasında Azərbaycan ən müasir təcrübədən istifadə edir və ən yaxşı modelin inkişafına da çalışır.
Tədbirdə səmərəli sərhəd nəzarəti sisteminin yaradılması, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı təqdimatlar keçiriləcək, transsərhəd cinayətkarlığa qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaqdır.
Sonra seminar işini
bölmələrdə davam
etdirmişdir.
Tədbir
çərçivəsində seminar iştirakçıları Dövlət
Sərhəd Xidmətinin
Akademiyasında xidmətin,
təlim-tədris prosesinin
təşkili ilə tanış olacaqlar.
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 3.