Salyan müasir
şəhərə çevrilir
Salyan ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində təxminən 2 ay bundan əvvəl aşkar olunmuş məzarlıq, buradakı əşyayi-dəlillər bunu bir daha sübuta yetirir. Belə ki, Ələt-Astara magistral şose yolunun tikintisi üçün Salyan şəhərindən 2-3 kilometr kənarda yerləşən Babazənan dağından maşınlara torpaq yükləyən ekskavator qədim yaşayış məskənini üzə çıxarmışdır. İlkin araşdırmalar bir daha göstərir ki, bu qədim yaşayış yerinin yaşı antik dövrə - eramızdan əvvələ gedib çıxır. Salyan şəhərinin adına isə antik müəlliflərinin əsərlərində rast gəlinir.
Ötən minilliklər, yüzilliklər ərzində çox sular axıb-durulub, bildiyimiz və bilmədiyimiz hadisələr baş verib. İnsan sivilizasiyası ibtidaidən aliliyə yüksəlib. Yaşayış məskəni kimi Salyan da bu dövr ərzində kərpic-kərpic böyüyüb, inkişaf edib. Tarixin müxtəlif dönəmində bu qədim torpaq bir çox şəxsiyyətlər yetirmişdir. İnsanlar nəsil-nəsil yaşayıb, ömür sürüb bu məkanda. Onlar dövrün, zamanın tələbi ilə özlərindən sonra bir iz qoymağa səy göstəriblər.
Salyanın əsaslı inkişafı isə keçən əsrin 70-ci illərindən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlayıb. Burada sənaye müəssisələri, tikinti təşkilatları, kənd təsərrüfatı yönümlü idarələr yaradılıb, ictimai binalar, çoxmərtəbəli yaşayış evləri, sosial əhəmiyyətli obyektlər inşa edilib, yollar çəkilib, digər infrastruktur layihələri həyata keçirilib. Yaşlı və orta nəslin nümayəndələri o illəri quruculuq, inkişaf dövrü kimi indi də qürurla xatırlayır, Heydər Əliyevin Azərbaycanı keçmiş SSRİ məkanında geridə qalan əyalətdən hər sahədə inkişaf edən respublikaya çevirdiyini göstərirlər. Salyan məhz həmin illərdə sürətlə inkişaf edərək aqrar sənaye rayonu statusu almışdır.
Lakin ötən əsrin 90-cı illərinin məlum hadisələri bu statusu alt-üst etdi. Sovetlər birliyinin dağılması, respublikalararası iqtisadi əlaqələrin pozulması nəticəsində müəssisələr fəaliyyətlərini dayandırdı. Bir tərəfdən bədnam qonşularımızın öz havadarlarının yaxından köməyi ilə torpaqlarımızı işğal etməsi, digər tərəfdən daxildəki separatçı qüvvələrin özbaşınalığı Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoydu. Xalq nicat yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü və təkidlə onun Naxçıvandan Bakıya gəlməsini tələb etdi. Çox çəkmədi belə də oldu və ulu öndərin gərgin əməyi, böyük siyasəti, polad iradəsi ilə respublikada vəziyyət öz məcrasına düşdü. "Əsrin müqaviləsi" imzalandı, islahatlar həyata keçirildi, ordu quruculuğunda əsaslı dönüş yaradıldı.
2003-cü ilin ortalarından isə bütün bu tədbirlər öz səmərəsini verməyə başladı. Amma qarşıda mühüm vəzifələr dururdu - gələn gəlirləri digər sahələrin inkişafına yönəltmək, neft kapitalını insan kapitalına çevirmək, əhalinin sosial-rifah halının yüksəlməsinə nail olmaq, uzun müddətdən bəri baxımsız qalan şəhər, qəsəbə və kəndləri abadlaşdırmaq. Elə bu məqsədlə Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını imzaladı. Bütün regionlar kimi cənub bölgəsində də genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri start götürdü. Astarada modul tipli elektrik stansiyası tikildi, Lerik, Yardımlı rayonlarına gedən şose yolları müasir tələblər səviyyəsində yenidən quruldu, həmin rayonlara ilk dəfə olaraq qaz xətti çəkildi, yeni istehsal sahələri yaradıldı, işsizlik problemi öz həllini tapmağa başladı.
Hazırda 2009-2013-cü illər üçün qəbul edilmiş ikinci regional inkişaf Dövlət Proqramı icra olunur. Bu çərçivədə Salyanda gedən quruculuq işləri bütün sahələri əhatə edir. Təkcə son 10 ay ərzində az qala onilliklərə bərabər iş görülüb desək, yanılmarıq. Şəhər əsaslı şəkildə yenidən qurulur. Bakı istiqamətindən gələrkən Kür çayına çatanda adamın gözləri qarşısında əsrarəngiz bir mənzərə açılır. Burada milli ornamentlərdən böyük sənətkarlıqla istifadə edilərək orijinal üslubda Salyanın emblemi ucaldılmışdır. Nəfis şəkildə yonulmuş daşlardan tikilmiş emblemə abidə də demək olar. Onun üzərinə qızılı hərflərlə "Salyan şəhəri" sözü həkk edilmişdir. Emblemin yeri çox düzgün seçilmişdir. Çünki bu qədim diyarın adı Kür çayı ilə bağlıdır. Demək olar ki, respublikamızın cənub bölgəsi də Kürü keçdikdən sonra başlayır. Çayın üzərindəki körpünün hər iki sahilində əzəmətli şir heykəllərinə də yeni görkəm verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, keçən əsrin 60-cı illərində SSRİ Ali Sovetinin sədri işləmiş Anastas Mikoyan İrana səfəri zamanı bu körpüdən keçərkən həmin şir heykəllərinin görkəmi onu qorxutmuş və dərhal heykəllərin sökülməsi barədə göstəriş vermişdi. Amma heykəllər götürülsə də, etibarlı şəkildə qorunmuş, müstəqilliyimiz bərpa edildikdən sonra öz yerinə qoyulmuşdur.
Cənub istiqamətinə uzanan şose yolu həm də Salyan dairəsindən keçir. Dairəyə kimi yolun sağ tərəfi istinad divarı ilə hörülmüş, sol kənarındakı tikililər - Müəllimlər İnstitutunun Salyan filialının binası, institutun yataqxanası, ictimai-iaşə obyektləri səliqə-sahmana salınmışdır. Yol boyu əkilmiş palma, sərv və digər bəzək ağacları, qurulmuş müasir işıqlandırma sistemi hər kəsdə xoş əhval-ruhiyyə yaradır. Dairəyə çatanda isə sanki abidələr aləminə düşürsən. "Dövlət Bayrağı meydanı", "Böyük Vətən müharibəsi", "20 Yanvar", "31 Mart - azərbaycanlıların soyqırımı" abidələri burada yerləşir. Həmin abidələrə xüsusi zövqlə yeni görkəm verilmiş, ətraf gülbaxt və mərmər daşı ilə bəzədilmiş, burada monitor qoyulmuşdur. Monitorda Salyanın veb-saytı vasitəsi ilə rayonun tarixi və bu günü haqqında məlumat və slaydlar nümayiş etdirilir.
Bu da Salyan şəhəri. Yusif Qasımov küçəsindən başlanan şəhərin giriş yolu Heydər Əliyev parkına gedib çıxır. Bu yolla irəlilədikcə insan əməyinin nəyə qadir olduğunu görürsən. Çox yox, 9-10 ay bundan əvvəl buralar miskin görkəmdə idi. Baxımsızlıq üzündən yollar, səkilər bərbad hala düşmüşdü. Gecə vaxtı qaranlıq küçələrdə yerimək belə müşkül işə çevrilmişdi. İndi isə buralar ən məşhur şəhərlərin küçələrini xatırladır. Çoxmərtəbəli yaşayış evləri, ictimai binalar, kommersiya şəbəkələrinin fasad hissələri gülbaxt layı ilə bəzədilmişdir. Ustalar hər binaya, istinad divarına milli memarlıq üslubuna uyğun ayrıca görkəm verməyə çalışmışlar. Onlar münasib yerlərə daşla "2011-ci il" sözlərini də həkk etməyi unutmurlar. İstifadəyə veriləndən bəri şiferləri dəyişməmiş binaların yararsız vəziyyətə düşən dam örtükləri təzələnmiş, binaların damlarına plastik suötürücü və navalçalar qoyulmuşdur. Şəhərin mərkəzində yerləşən doqquzmərtəbəli yaşayış binasının balkonları ağ və qırmızı kərpiclə hörülmüş, ona başdan-başa rəngli şüşələri olan plastik pəncərələr salınmışdır. Fasad hissəsi rənglənən bina indi şəhərə xüsusi gözəllik verir.
Azadlıq mücahidi X.R.Ulutürkün və onun oğlu - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi onların adlarını daşıyan küçələrin kəsişməsində qoyulub. Müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində abidə yenidən qurulmuş, şəhər əhalisinin ziyarətgahına çevrilmişdir.
Rayonda sahibkarlığın inkişafı üçün münbit şərait var. Təki tikmək, qurmaq işinə həvəsin olsun. Şəhərin mərkəzi küçəsində uzun müddətdən bəri özəlləşdirilən, lakin üzərində heç bir tikinti aparılmayan iki boş torpaq sahəsi vardı. Bu ərazilər bütövlükdə quruculuq işlərinə, şəhərin görkəminə xələl gətirirdi. Elə buna görə də həmin torpaqların sahibləri rayon icra hakimiyyətinə dəvət olundu və onlarla ətraflı söhbət aparıldı. Hazırda hər iki yerdə müasir, çoxmərtəbəli ticarət mərkəzi tikilir. Hazır olandan sonra müasir tələblərə cavab verməyən alış-veriş obyektləri həmin mərkəzlərə köçürüləcək.
Havaların yağmurlu keçməsinə baxmayaraq, tikinti, quruculuq, abadlıq işləri bir an belə səngimir. Suötürücü küvetlər təmizlənir, lazımi yerlər asfaltlaşdırılır, təmir olunmuş evlərin, ictimai binaların, kommersiya dükanlarının divarlarına gecə işıqları vurulur, səkilərə, küçələrin kənarlarına bordürlər qoyulur, piyada səkilərinə tamet düzülür, yol kənarlarına dekorativ ağaclar əkilir, xalını xatırladan yaşıllıqlar salınır, ictimai nəqliyyat üçün müasir dayanacaqlar tikilir.
Həyata keçirilən işlərin, demək olar ki, hamısı yerli mühəndislər, ustalar, fəhlələr tərəfindən görülür. Həm də bu hesaba cari ilin ötən vaxtı ərzində 800-ə yaxın iş yeri açılıb ki, bunun da 300-dən çoxu daimidir.
Regionların sosial-iqtisadi
inkişafı ikinci Dövlət
Proqramında 2013-cü ilə kimi ölkənin
bütün yaşayış məntəqələrinə
təbii qazın verilməsi, kənd yollarının yenidən
qurulması qarşıya məqsəd qoyulmuşdur.
Digər yerlərdə olduğu kimi, Salyanda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Pambıqkənd, Bəşirbəyli,
Yolüstü kəndlərinin, habelə
Heydər Əliyev Fondunun hesabına Plastmas yaşayış massivində kimsəsiz,
imkansız adamlar və Qarabağ
müharibəsi əlilləri üçün
tikilmiş qəsəbənin
qazlaşdırılması artıq başa
çatdırılmışdır. Artıq rayonun Kürətrafı və digər ərazilərinə
də normal təzyiqlə təbii qaz verilir. Uzun
illərdən bəri qazsız qalmış Parça
Xələc, Seydan, Piratman
Gəncəli kəndlərinin qazla təminatı
üçün isə tədbirlər
görülür.
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 28 sentyabr 2011-ci il tarixli "Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında" sərəncamı ilə rayonun 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayırmışdır. İndi uzunluğu 23,5 kilometr olan yolda tikinti işləri aparılır və artıq 5 kilometrdən çox yola asfalt döşənmişdir.
Bu mövsüm Salyan əkinçiləri 16 min 531 hektar sahənin hər hektarından 29,3 sentner məhsul götürməklə 48 min 438,2 ton taxıl istehsal etmişlər. Əkinçiliyin digər növlərində və heyvandarlıq sahəsində də keçən ilin eyni dövründəkindən xeyli çox məhsul əldə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısının təsdiq etdiyi ərzaq təhlükəsizliyi haqda Dövlət Proqramının icrası ilə əlaqədar rayon ərazisində 12 min hektar sahənin yararlı hala salınması üçün tədbirlər həyata keçirilir.
Bütün bu işlər rayon camaatının da ürəyincədir. Rayon Ağsaqqallar Şurasının üzvü Əhməd Qasımov deyir ki, 80-dən çox yaşım var. Uzun müddət təsərrüfat işində, partiya, sovet orqanlarında çalışmışam. Onu qeyd etmək istəyirəm ki, Salyanda heç vaxt belə tikinti, quruculuq, abadlıq işlərinin getdiyini görməmişəm. 5-6 ay ərzində rayon mərkəzi tanınmaz dərəcədə dəyişib, gözəlləşib. Təsəvvür etmək olmazdı ki, az vaxt ərzində bu qədər işlər görülsün. Fikirləşirsən ki, əgər hər il bu qədər iş görülsəydi, Muğanın bu şəhəri ölkənin ən abad, rahat yerlərindən biri olardı. Həyat səviyyəsi də getdikcə yaxşılaşır. İşıq, qaz sarıdan problem yoxdur. Bütün bunlar ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsidir. Prezident İlham Əliyev ulu öndərin siyasətini bütün sahələrdə böyük səriştə ilə davam etdirir. Düzdür, əvvəl-əvvəl bəzi çətinliklər oldu. Adamlara deyəndə ki, işlətdiyin, çörək qazandığın dükanın qarşısını səliqə-sahmana sal, təmiz saxla, bəzi sahibkarlar ağız büzdülər. Amma, necə deyərlər, həqiqət dərman kimidir. Onu qəbul edərkən ağzın acı olsa da, sonradan səni sağaldır. Həmin adamlar başa düşdülər ki, səhv ediblər.
Salyan şəhər professor R.Rzayev adına 3 saylı tam orta məktəbin direktoru Sədaqət Vahidovanın da fikirləri Əhməd kişinin mövqeyi ilə üst-üstə düşür: "Rayonda misli görünməmiş quruculuq işləri aparılır. Bu ilin əvvəlinə kimi biz başqa rayonlara baxıb qibtə edirdiksə, indi bizə həsəd aparırlar. Bakıda, Moskvada, Türkiyədə yaşayan həmyerlilərimiz indi Salyana gələndə gözlərinə inana bilmirlər. Sevinirik ki, Azərbaycanın bir parçası olan Salyan bu gün inkişaf yolundadır. Rayonda tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, təhsilə, səhiyyəyə, mədəniyyətə də böyük diqqət və qayğı göstərilir, mənəvi dəyərlər ön plana çəkilir. RİH-in ziyalılar, ağsaqqallar, YAP fəalları ilə, habelə qəsəbə və kəndlərdə keçirdiyi görüşlər zamanı qaldırılan məsələ və problemlər ardıcıllıqla öz həllini tapır".
İndi Salyanda hər gün yeniliklər baş verir, yeni-yeni obyektlər həyata vəsiqə alır. XIX əsrin tarixi abidəsi olan Cümə məscidində əsaslı təmir-bərpa işləri başa çatdırılmış, Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və uşaq kitabxanası üçün yeni inşa olunan binada işlər tamamlanmışdır. Düzənlik kəndindəki yeni məktəb binası və müasir görkəmi ilə fərqlənən mehmanxana da istifadəyə hazırdır.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov deyir ki, gələcək planlar daha möhtəşəmdir. Şəhərin su-kanalizasiya sistemini yenidən qurmaq, əhalinin rahatlığını təmin etmək, Salyan şəhərini ikiyə bölən Kür çayı üzərində körpü salmaq, əhalinin mənzilə olan tələbatını yaxşılaşdırmaq, yaşayış binaları tikmək, yeni istehsal sahələri yaratmaqla iş yerləri açmaq, bütün küçə və məhəllələri abadlaşdırmaq, kənd yollarını əsaslı təmir etmək, bütün qəsəbə və kəndlərin qazlaşdırılmasına nail olmaq gələcək fəaliyyətimizin istiqamətləridir.
Bəli, bax beləcə inkişaf edir, gündən-günə dəyişir, abadlıqdan təzə don geyir qədim Salyan. İndi onun gündüzləri qaynar və gecələri işıqlıdır. Bütün bunlar isə adamı sevindirir, duyğulandırır:
Yeni yüksəlişlə, yeni hünərlə
Salyan başdan-başa təzə
don geyir.
Ürək hökm eyləyir
öz fərəhiylə,
Bunları vəsf eylə, yaz-yarat deyir.
Seyran CAVADOV,
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 4.