«BakuTel-2011» Azərbaycan
Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransında İKT
texnologiyaları sektorunun perspektivləri
müzakirə olunmuşdur
Noyabrın 24-də Bakı Sərgi Mərkəzində "BakuTel-2011" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı keçirilmişdir.
Tədbirin açılışında çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda dövlət siyasəti, bu sahənin mərhələli inkişafı, artım templəri haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanda "elektron hökumət"in formalaşdırılması üzrə fəaliyyət proqramının və tədbirlər planının təsdiq edildiyini deyən nazir müavini bildirmişdir ki, proqram dövlət orqanlarında İKT-nin geniş tətbiqi ilə vətəndaş və təşkilatlara xidmətlərin göstərilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur. İlkin mərhələdə icra müddəti 2010-2011-ci illəri əhatə edən fəaliyyət proqramının tətbiqi cəmiyyətdə tamamilə elektron xidmətlərə keçidi təmin edəcəkdir.
E.Vəlizadə yaxın zamanlarda ölkədə elektron xidmətlərdən istifadə qaydalarının təsdiq olunacağını qeyd etmişdir. Artıq "elektron hökumət" internet portalı yaradılmış və portala 10 nazirlik qoşulmuşdur. Bu nazirliklər tərəfindən hazırda 49 xidmət göstərilir və digər nazirliklərin, dövlət qurumlarının portala qoşulması üçün də işlər aparılır.
"Microsoft" şirkətinin baş meneceri David Asatiani "Sosial şəbəkənin qurulması" mövzusunda çıxış etmişdir.
Tədbirdə bir sıra ölkə şirkətlərinin nümayəndələri İKT sahəsinin inkişafına həsr olunmuş təqdimatlarla çıxış etmişlər.
Konfransda innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, "elektron hökumət" layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar, İKT texnologiyaları sektorunun perspektivləri və s. mövzular müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 5.