Ermənilərin
UNESCO-da irəli sürdükləri iki nominasiya qəbul edilməmişdir
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, noyabrın 23-də İndoneziyanın Bali adasında qurumun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin VI sessiyası öz işinə başlamışdır.
Tədbirdə keçən ildən etibarən dördillik müddətə komitəyə üzv seçilmiş Azərbaycanı UNESCO yanındakı daimi nümayəndəliyimizin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil etmişlər.
Sessiyanın birinci günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına təqdim olunmuş işlər müzakirə edilmişdir. Bu işlər arasında ekspertlərin mənfi rəyinə baxmayaraq, Ermənistanın təkidilə müzakirəyə çıxarılmış iki nominasiya - "Erməni aşıq məhəbbət romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" təqdim edilmişdir.
Müzakirə zamanı ölkəmizin nümayəndəsi Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyini bildirmişdir. Türk xalqlarına məxsus aşıq sənətinin Ermənistan tərəfindən mənimsənildiyini və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu komitənin üzvlərinə çatdırılmışdır. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanmışdır.
Qurumun üzvü olan ölkələrin nümayəndələri də öz çıxışlarında Azərbaycanın bu prinsipial mövqeyini dəstəkləmişlər.
Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, komitənin əksər üzvləri ədalətli mövqe tutaraq Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış etmişlər.
Beləliklə, komitənin müvafiq qərarına əsasən sözügedən iki nominasiya qəbul edilməmişdir.
Xatırladaq ki, 2003-cü ildə UNESCO-nun baş konfransı tərəfindən qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya qəbul edilmişdir. Onun işində 137 ölkə iştirak edir. Yalnız Konvensiyanı ratifikasiya etmiş ölkələr qeyri-maddi mədəni irs siyahısı nominasiyası hüququndan istifadə edə bilərlər.
Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitədə UNESCO-nun üzvü olan dövlətlərin - Azərbaycan da daxil olmaqla 24 ölkənin nümayəndəsi təmsil olunur.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 5.