Moskvada Ümumrusiya Azərbaycan

Konqresinin III qurultayı keçirilmişdir

 

Moskvada, "Prezident-otel"də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçirilmişdir.

 

"Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının çağırılması haqqında" qərara əsasən keçirilən qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəisi Sergey Vinokurov, Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Zeynal Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya hakimiyyət strukturlarının, ictimaiyyətin, habelə Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak etmişdir.

ÜAK prezidenti, akademik Məmmədbağır Əliyev qurultayı açaraq bu il 10 yaşı tamam olmuş Konqresin inkişafının və formalaşmasının əsas mərhələləri barədə məlumat vermişdir. M.Əliyev vurğulamışdır ki, Azərbaycan diasporunun həyatında tarixi və əlamətdar hadisə olan qurultay təşkilatın gələcək inkişaf yollarını müəyyən edəcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultayı olduqca mühüm hadisə adlandırmışdır. R.Mehdiyev demişdir ki, qurultayın gedişində son 5 ildə Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti haqda hesabat veriləcəkdir. R.Mehdiyev Rusiyadakı Azərbaycan diasporunun yüksək potensialını qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini oxumuşdur.

Təbrikdə deyilir: "Sizi öz tarixi Vətəninizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin bayram edildiyi ildə keçən Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında səmimi salamlayıram. Azərbaycan bu yubileyi müxtəlif sahələrdə sanballı nailiyyətlərlə qarşılayır.

Davamlı inkişaf sahəsində uğurlarımız nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Biz öz tarixi-mədəni irsimizi qoruyub saxlamaqlaona qayğıkeş münasibət sahəsində çoxəsrlik ənənələri inkişaf etdirməklə yanaşı, eyni zamanda, milli-mənəvi dəyərlərimizin ümumbəşəri ideallarla harmonik əlaqəsində varisliyi təmin edə bilmişik.

Biz Azərbaycan cəmiyyətinin tolerantlığının və açıqlığının yüksək səviyyəsi ilə haqlı olaraq fəxr edirik. Respublikanın sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatının bütün sahələrində təmsil olunmuş Azərbaycanın 120 minlik rus icmasının bütün fəaliyyəti ölkəmizdə millətlərarası münasibətlər sahəsində yaranmış vəziyyətin parlaq təzahürüdür.

Bu gün Rusiya Federasiyası ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi olduqca yüksək qiymətə layiqdir.

Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətə çoxlu sübutlar göstərmək, o cümlədən bu faktı vurğulamaq olar ki, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilərkən dost Rusiya da bizim namizədliyimizi dəstəkləmişdir. İkitərəfli münasibətlərimizin inkişafında və dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu böyükdür. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsidir, Rusiya Federasiyasının inkişafına və tərəqqisinə layiqli töhfə verirlər.

Azərbaycanlıların diaspor təşkilatları və ilk növbədə, ÜAK Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişlər. Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqres qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilmişdir. Bununla bərabər, Dünya Azərbaycanlılarının qurultayında göstərildiyi kimi, xalqımızın tarixinin və mədəniyyətinin təbliği, Azərbaycan haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması da onun işinin prioritet istiqamətlərindən biridir.

Əminəm ki, III qurultay Ümumrusiya Azərbaycan Konqresinin, eləcə də bütün Azərbaycan diasporunun fəaliyyətində mühüm hadisə olacaq, hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına kömək edəcəkdir".

Sonra Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultayda geniş məruzə ilə çıxış etmişdir. O, dövlətimizin xaricdəki Azərbaycan diasporu ilə sahəsində siyasəti haqqında söhbət açmış, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. ÜAK-ın növbəti qurultayının keçirilməsinin Rusiyanın çoxsaylı Azərbaycan diasporunun həyatında əlamətdar hadisə olduğunu vurğulayan R.Mehdiyev demişdir: "Qurultayın qərarları diasporun işinin fəallaşmasına və onun fəaliyyətinin daha sıx əlaqələndirilməsinə xüsusi təkan verəcəkdir". Müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan həmvətənlərlə işin Azərbaycan dövləti üçün prioritet sahələrdən birinə çevrildiyini qeyd edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir: "Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra diasporla ardıcıl xarakter kəsb etmiş, Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilmiş, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır". R.Mehdiyev qeyd etmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın mühüm ictimai təşkilatına çevrilmişdir. Administrasiya rəhbəri xatırlatmışdır ki, Prezident İlham Əliyev ikinci qurultayda ÜAK-ın fəaliyyətini yüksək qiymətləndirmiş, onun Rusiyanın dövlət strukturları və siyasi partiyaları ilə səmərəli əməkdaşlıq yaratmasını, mətbu orqanı olmasını, RF-nin ictimai həyatında, xeyriyyə aksiyalarında və başqa tədbirlərdə iştirak etməsini diqqətə çatdırmışdır.

"Azərbaycan dövlətinin fəallığı və dəstəyi sayəsində ÜAK RF-nin subyektlərindəki regional bölmələri öz ətrafında sıx birləşdirə bilmişdir", - deyən Ramiz Mehdiyev diqqəti buna cəlb etmişdir ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) RF-də azərbaycanlı gənclərin sıx birləşməsində mühüm rol oynayır. RAGT-nin yaradılması gənclərin ciddiuğurlu layihəsidir.

R.Mehdiyev vurğulamışdır ki, Rusiya azərbaycanlıları böyük intellektual, iqtisadi, mədəni və ictimai-siyasi potensiala malikdirsevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edir.

Prezident Administrasiyasının rəhbəri iki ölkə arasında əlaqələrə toxunaraq demişdir ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. O demişdir: "Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmlənməsi üçün mükəmməl təməl yaratmışlar. İndiki dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev bu xətti səmərəli şəkildə davam etdirirlər. Biz Qəbələ RLS-in statusuistismar şərtləri, Xəzər dənizinin statusu, dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkə olmuşdur. Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir".

Akademik Ramiz Mehdiyev Azərbaycanda rus dilinə qayğıkeş münasibət, son illərdə ölkənin siyasiiqtisadi uğurları haqqında da söhbət açmış, Azərbaycan reallıqlarının xaricdə, o cümlədən Rusiyada da təbliğini gücləndirməyin zəruri olduğunu vurğulayaraq demişdir: "Diaspor təşkilatları Rusiyada dövlətlə və səfirliklə birlikdə vahid komanda kimi işləməlidirlər".

Daha sonra Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ÜAK prezidenti Məmmədbağır Əliyevə "Dostluq" ordeni təqdim etmişdir. Administrasiya rəhbəri Azərbaycan Prezidenti adından həmyerlimiz, Rusiyanın məşhur sahibkarı Qod Nisanova xeyriyyəçilik, Rusiyadakı həmvətənlərin dəstəklənməsinə görə "Tərəqqi" medalı, Moskvadakı "Dərviş" teatrının rejissoru Mərdan Feyzullayevə isə "Azərbaycanın əməkdar artisti" adı verilməsi haqqında diplomu təqdim etmişdir.

 

* * *

 

Rusiya Prezidenti Dmitri Medvedevin təbrikini RF Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəisi Sergey Vinokurov oxumuşdur.

Təbrikdə deyilir: "Moskvada, Rusiyanın 72 regionundan 150-dən çox nümayəndənin toplaşdığı Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının iştirakçılarını salamlamağa şadam. Xalqlarımız yüzilliklər boyu ən sıx dostluqetimad telləri ilə bağlıdır. Əcdadlarımız yanaşı çalışaraq bu gün bizim haqlı olaraq fəxr etdiyimiz ümumi tariximizi yaratmış, milli mədəniyyətlərin qarşılıqlı nüfuzuna və zənginləşməsinə şərait yaratmış, Böyük Vətən müharibəsi illərində ümumi düşmənlə mübarizədə müstəqilliyimizi qoruyub saxlamışlar.

Sevindirici haldır ki, olduqca qiymətli mehriban qonşuluq və tərəfdaşlıq ənənələri inkişaf edir və nəsildən-nəslə keçir, yüz minlərlə azərbaycanlı üçün Rusiya ikinci vətəndir.

Bu gün Azərbaycan diasporu ölkə iqtisadiyyatının modernləşməsinə sanballı töhfə verir, elmi, idman və mədəni həyatda fəal iştirak edir, cəmiyyətdə millətlərarası və konfessiyalararası sülhün və həmrəyliyin möhkəmlənməsi, suveren Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi üçün çox görür".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qurultayda çıxış edərək diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin, onların işinin ölkəmizin Rusiyadakı diplomatik nümayəndəlikləri ilə uzlaşdırılmasının vacibliyindən danışmışdır.

ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyev, İvanovo regional bölməsinin sədri Sərraf Məmmədov, "Zvezda" prodüser şirkətinin baş direktorunun müavini Rüstəm Arifcanov, Milli Məclisin deputatı Mixail Zabelin, ÜAK Sverdlovsk regional bölməsinin sədri Şahin Şıxlinski, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman məruzələrlə çıxış etmişlər.

İkinci qurultaydan sonrakı dövr ərzində görülmüş işlər  haqqında hesabat, təftiş komissiyasının hesabatı dinlənilmiş, təşkilatın nizamnaməsinə dəyişikliklər edilmişdir. ÜAK-ın perspektivləri, fəaliyyətinin təkmilləşdirilməsi məsələləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılmışdır.

Qurultay nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Dmitri Medvedevə müraciətləri, habelə ÜAK-ın üçüncü qurultayının qətnaməsi qəbul edilmişdir.

Sonra təşkilati məsələlər həll edilmişdir. Məmmədbağır Əliyev yenidən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Mikayıl Hüseynov isə ÜAK-ın baş katibi seçilmişlər. ÜAK Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri də seçilmişdir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva, ÜAK-ın prezidenti Məmmədbağır Əliyev, sahibkarlar Araz Ağalarov, Vahid Ələkbərov, Abbas Abbasov, Fərhad Əhmədov, politoloq İsmayıl Ağakişiyev vardır.

Sonda Məmmədbağır Əliyev ona verilmiş mükafata, xaricdəki həmvətənlərə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir. O, Rusiyanın Azərbaycan diasporunun dəstəklənməsinə görə Ramiz Mehdiyevə də təşəkkürünü bildirmişdir.

Qurultayın işində MoskvadanRusiya Federasiyasının 72 regionundan 150-dən çox nümayəndə iştirak etmişdir.

Xatırladaq ki, ÜAK 2001-ci il martın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə təsis edilmişdir. Bu müddətdə ÜAK Rusiyada yaşayan azərbaycanlıların sıx birləşməsinə, onların hüquq və azadlıqlarının müdafiəsinə, xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan haqqında düzgün informasiyanın Rusiyadünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir.

 

 Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Azərbaycan.- 2011.- 26 noyabr.- S.2.