Bu layihəni Bakıda həyata keçirmək mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də olduqca maraqlıdır

 

Qarşılıqlı əməkdaşlıq və müxtəlif yerlərdə həyata keçirilən layihələr insanı çox zənginləşdirir. Bu layihəni Bakıda həyata keçirmək mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də olduqca maraqlıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Rusiyanın PS TVC yaradıcılıq studiyasında kinorejissor Yeqor Konçalovski Bakı haqqında çəkiləcək filmlə bağlı keçirilmiş mətbuat konfransında söyləmişdir.

Rejissor bildirmişdir ki, özü və Bakıdan olan həmkarı Nadir Moçanov Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək layihənin prodüserləridirlər. Layihənin baş prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.

Kinorejissor Y.Konçalovski nəzərə çatdırmışdır ki, film 10 novelladan ibarət olacaqdır. Layihədə həmçinin müxtəlif ölkələri təmsil edən 10 rejissor iştirak edəcəkdir. Çəkilişlər bir meydançada aparıldığından və filmin bir qəhrəmanı olduğundan əksər rejissorlar, təbii ki, Bakıdan, bir neçəsi Rusiyadan, həmçinin İtaliya, Fransa, İngiltərədən olacaqlar.

Növbəti bir ayın müddətində ssenarilərin seçiləcəyini söyləyən Y.Konçalovski birinci çəkiliş sessiyasının mart ayından başlanacağını bildirmişdir. Rejissor vurğulamışdır ki, hər filmin öz aktyorukastinqi, bir neçə bəstəkarı, kinooperatorları olacaqdır. Post-prodakşn Bakıda və Moskvada keçiriləcəkdir. İşlərin qurtarılması 2013-cü ilin əvvəlinə nəzərdə tutulmuşdur. Müasir Azərbaycandan danışılacaq filmin ümumi qəhrəmanı Bakıdır.

Filmin prodüseri Nadir Moçanov təqdim olunmuş ssenarilərin hələ ki, təsdiq olunmadığını, müsabiqənin davam etdiyini nəzərə çatdırmışdır.

Bildirilmişdir ki, ssenari seçiləndən sonra kastinq hazırlanacaq və aktyorlar seçiləcəkdir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 7.