«Atəşgah»
tarix-mədəniyyət abidəsi sığortalandı
Tarixi, milli mədəni sərvətlərdən olan abidələrin qorunması istiqamətində dövlət əhəmiyyətli tədbirlərin son illər sayı xeyli artıb. Ölkəmizdə fəaliyyətdə olan qeyri-hökumət təşkilatları da bu yönümdə bir sıra layihələrin müəllifinə çevrilib. Heydər Əliyev Fondunun bu istiqamətdə təşəbbüsləri və həyata keçirdiyi çoxsaylı layihələr nəticəsində bərpa olunmaqla yeni həyat bəxş edilən mədəni sərvətlərimizdən biri də "Atəşgah" məbədidir.
Bir sıra tarixi mənbələrdə Atəşgah Abşeron yarımadasında əbədi odların yandığı yer kimi göstərilir. O, XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Kompleksə daxil olan tövlə eramızın 1713-cü ilinə aiddir. Mərkəzi məbəd - səcdəgah isə 1810-cu ildə tacir Kanzanaqaranın vəsaiti ilə tikilmişdir.
Belə tarixi abidələrin UNESKO-nun mədəni irs siyahısına daxil edilməsi onlara beynəlxalq marağın artması ilə yanaşı, həmçinin ömürlərinin uzadılması deməkdir.
Bu günlərdə "Atəşgah"ın onun adını daşıyan təşkilat tərəfindən sığortalanması da məhz bu amillə bağlıdır. Məbədin "Atəşgah" sığorta şirkəti tərəfindən sığortalanması ilə əlaqədar keçirilən mərasimdə mədəniyyət nazirinin müavini Vaqif Əliyev son illər beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin daha geniş auditoriyalarda tanıdılması və təbliğinin vacibliyi barədə söz açaraq bildirmişdir ki, bu tipli tədbirlər ölkə başçısının daim diqqət mərkəzindədir: "Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Bu işlərin nəticəsidir ki, bir sıra abidələrimiz UNESKO-nun mədəni irs siyahısına daxil edilib. "Atəşgah" məbədinin sığortalanması Azərbaycan abidələrinin qorunmasına göstərilən diqqəti bir daha beynəlxalq aləmə nümayiş etdirəcək. Ona görə də bu tədbiri tarixi hadisə kimi dəyərləndirmək olar".
Xatırlatmaq yerinə düşərdi ki, dörd il əvvəl "Atəşgah" qoruğunun təmir və bərpası üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi sərəncam imzalanmışdır. Bu da müstəqillik illərində mədəni irsə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. "Atəşgah"ın ətrafında aparılan abadlıq-quruculuq işləri nəticəsində bura əsl ziyarətgaha çevrilmişdir. Bu tarixi abidənin sığortalanması isə Azərbaycanın mədəni həyatında atılmış önəmli addımlardan biridir və belə layihələrin davamlı şəkildə həyata keçirilməsi tarixin bərpası baxımından olduqca vacib və zəruridir.
Tədbirdə çıxış edən "Atəşgah" sığorta şirkəti idarə heyətinin sədr müavini Əkbər Mədətli təmsil etdiyi qurumun cəmiyyətdə öz yenilikləri ilə seçilməsi barədə söz açaraq bildirmişdir ki, 15 illik fəaliyyəti dövründə adıçəkilən təşkilat ölkə həyatında ilk dəfədir ki, tarixi abidəni sığortalayır və mədəniyyətimizə bundan sonra da öz töhfəsini verəcəkdir: "Sığorta qrupunun adı onun xalqımızın tarixi və mədəni dəyərlərinə bağlılığından, qədim adət-ənənələrimizə ehtiramdan xəbər verir. Bildiyiniz kimi, dünya təcrübəsində sığorta şirkətlərinin tarixi-mədəni abidələri sığortalamaq təcrübəsi var. Biz bu yöndə ilk təşəbbüsü göstərərək digər şirkətləri də belə addımlar atmağa çağırırıq".
Tədbirdə o da qeyd edilmişdir ki, yenilikçi ənənəsinə sadiq qalan "Atəşgah" sığorta şirkəti hər zaman cəmiyyətə, onun gələcəyinə fayda verməyə çalışıb.
M.SADIQZADƏ,
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 7.