Azərbaycanlı deputatlar Baltik Assambleyasının medalları ilə təltif edilmişlər

 

 Noyabrın 25-də Tallinndə Baltik Assambleyasının 30-cu sessiyası keçirilmişdir. Sessiya çərçivəsində Baltik Assambleyasının 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər təşkil edilmişdir. Tədbirlərdə Latviya, LitvaEstoniya parlamentlərinin sədrləri və xarici işlər nazirləri iştirak etmişdir. Ənənəyə görə, Baltik Assambleyası GUAM Parlament Assambleyasının nümayəndələrini də sessiyanın işində iştirak etmək üçün dəvət etmişdir.

Assambleyada Azərbaycan Respublikasını Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli və nümayəndə heyətinin katibi Rüstəm Mahmudov təmsil edirdi.

Sessiya işə başlamazdan əvvəl GUAM Parlament Assambleyasının, Baltik Assambleyasının və Benilüks Parlamentinin nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdir.

Görüşdə yuxarıda adları çəkilən təşkilatların prioritetləri və üçtərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi olmuşdur. Elton Məmmədov və Əli Məsimli GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Benilüks Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi barədə təkliflərlə çıxış etmişlər.

Sonra nümayəndə heyətləri sessiyanın işinə qoşulmuşlar. GUAM Parlament Assambleyasının nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti sessiyanın gündəliyində qarşılıqlı maraq doğuran bir sıra aktual məsələlərin müzakirəsində iştirak etmişlər.

Qeyd edək ki, Elton Məmmədov və Əli Məsimli GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdikləri töhfəyə görə medallarla təltif edilmişlər.

Bununla əlaqədar, Elton Məmmədov və Əli Məsimli geniş auditoriya qarşısında çıxış edərək medallarla təltif olunduqlarına görə təşəkkürlərini bildirmiş, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında strateji əməkdaşlığın uğurla həyata keçirilməsini vurğulamışlar.

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Tallinn

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  7.