Tristan Azbejin: Qəbələ beynəlxalq düşərgəsinin nəticələrinin uğurlu olacağına əminik

 

 Macarıstanın hakim Fidesz - KDNP partiyasının ətraf mühit məsələləri üzrə müşaviri Tristan Azbejin AzərTAc-a müsahibəsində gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsinin uğurla başa çatdığını söyləmişdir. O demişdir: "Biz Qəbələ beynəlxalq düşərgəsinin nəticələrinin çox faydalı olacağına əminik, çünki məqsəd insanların ekoloji cəhətdən təmiz, təhlükəsiz dünyada yaşamasının təmin edilməsinə töhfə verməkdir".

Düşərgədə gənclərin fəal iştirakına diqqəti cəlb edən T.Azbejin demişdir: "Mən bölmə iclaslarından birində məruzə ilə çıxış etdim. Gənclərin ətraf mühitin qorunması işində bu dərəcədə fəal iştirak etmək arzularının olduğunu düşünmürdüm. Bu baxımdan IDEA Ətraf Mühit Kampaniyası bu düşərgəni təşkil etməklə onlar üçün gözəl imkan yaratmışdır".

T.Azbejin Qəbələ Bəyannaməsinin əhatə etdiyi prinsiplərin bütün dünyada yüksək qiymətləndiriləcəyinə, gənclərin çağırışlarına cavab veriləcəyinə əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S. 3.