Həmkarlar ittifaqlarının cəmiyyətdə rolu artır

 

Həmkarlar ittifaqları istehsalya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi qeyri-siyasi təşkilatlardır. Həmkarlar ittifaqları ilk dəfə olaraq XVIII əsrin ikinci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafıə etmək və sosial statusunu qorumaq üçün birləşmiş ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana gəlib.

Rusiyada həmkarlar ittifaqları 1905-ci ildə yaranıb. Elə həmin il Azərbaycanda da ilk həmkarlar ittifaqları meydana gəlib. Həmin dövrdən fəhlə və qulluqçuların, mətbəə işçilərinin, mühəndislərin, həkimlərin, müəllimlərin, vəkillərin, kontor, şəhər, mədən, ticarət gəmiçiliyi qulluqçılarının xırda həmkarlar ittifaqları fəaliyyətə başlayıb.

Sovet hakimiyyəti qurulduqdan sonra həmkarlar ittifaqının həyatında yeni mərhələ başlayıb. Ən əsası, həmin dövrdə həmkarlar ittifaqlarının qarşısında duran ən ümdə məsələ sovet rejiminin insanlar arasında nüfuz qazanmasına xidmət etmək, kommunist-bolşevik ideyalarının təbliğinə xidmət etmək idi. Bu isə həmkarlar ittifaqlarını öz konkret məqsədlərindən yayındırır, hətta onların müstəqilliyinin də formal olmasına gətirib çıxarırdı. Azad sözün, özünüifadənin olmadığı bir cəmiyyətdə təbii ki, həmkarlar ittifaqlarının da tam müstəqil fəaliyyəti qeyri-mümkün idi. 1920-ci il iyunun 30-da keçirilən həmkarlar ittifaqlarının birinci Ümumbakı konfransında onların vahid təşkilat şəklində birləşməsi prosesi  başa çatdı və Həmkarlar İttifaqlarının Şurası yaradıldı.

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu gücləndi

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra cəmiyyətin bütün digər sahələri kimi, həmkarlar ittifaqlarının da fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırması lazım idi. Lakin yeni dövrün çağırışlarına uyğun fəaliyyət göstərmək həmkarlar ittifaqları üçün o qədər də asan deyildi. Əlbəttə, həmkarlar ittifaqları sosial tərəfdaş olaraq keçid dövrünün ortaya qoyduğu problemlərin həllinə təsir göstərə bilən güc kimi iştirak etməkdən ötrü, ilk növbədə, öz daxilində struktur islahatları həyata keçirməli idi. Odur ki, Həmkarlar İttifaqları Şurasının 1993-cü il fevralın 5-də keçirilmiş qurultayında bu qurum buraxıldı və onun səlahiyyətləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verildi. Konfederasiya mərkəzi aparat kimi səlahiyyətlərinin təxminən 70 faizini sahə həmkarlar ittifaqlarına verdi. Onlar da verilən səlahiyyətləri yerli komitələrlə paylaşdılar. Lakin həmin dövrdə ölkənin bütün sahələrini bürüyən böhran  həmkarlar ittifaqlarından da yan ötmədi. Xüsusən istehsal müəssisələrinin üzləşdiyi çətinliklər, bir çox sahələrin öz fəaliyyətini dayandırması həmkarlar təşkilatlarının da fəaliyyətinə mənfi təsir göstərdi.

Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu yeni dövrün tələblərinə uyğun formalaşmağaartmağa başladı. Həmin ağır günlərdə respublikamızı dərin siyasisosial-iqtisadi böhrandan çıxarmaq kimi çox çətin bir işlə məşğul olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyev həmkarlar ittifaqı təşkilatlarına da qayğısını əsirgəmədi. Onu müxtəlif siyasi qüvvələrin hücumlarından qorudu. Tarixi ənənələrə malik bu təşkilatın öz missiyasını yerinə yetirməsi üçün hərtərəfli şərait yaratdı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı. Demokratik idarəçilik prinsiplərinə əsaslanan AHİK-in təşkilati baxımdan möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verildi. Xatırladaq ki, hazırda AHİK özündə 22 sahə, 3 həmkarlar ittifaqları federasiyası və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasını birləşdirən, 1 milyon 600 mindən çox üzvü olan müstəqil, həm ölkə miqyasında, həm də beynəlxalq arenada kifayət qədər nüfuza malik olan ictimai təşkilatdır. Hazırda sovet hakimiyyəti dövrü ilə müqayisədə həmkarlar təşkilatı həddindən artıq güclüdür. Ona görə ki, həmkarlar təşkilatı dövlət və işəgötürənlə üçtərəfli Baş Saziş imzalayır.

Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib. Bütün bunlar Konfederasiyanın güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına xidmət edib. Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında ümummilli liderin prezidentliyinə  namizədliyini irəli sürmüşdü.

"Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar". Ulu öndər Heydər Əliyevin AHİK-in II qurultayına təbrikindən götürülmüş bu fikirlər nəinki həmkarlar ittifaqlarına, eyni zamanda, hökumət və təsərrüfat orqanlarına ünvanlandığı tövsiyə idi. Çünki ulu öndər bilirdi ki, hər bir yerində əməkçinin hüquqlarının təmin olunması, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması bütünlüklə onların dövlət quruculuğunda yaxından iştiraklarına təminat verəcək.

 

Azərbaycan qanunları həmkarlar ittifaqlarının fəaliyyəti üçün ən demokratik imkanları yaradır

 

Fərəhlə qeyd etməliyik, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclisdə qəbul edilən ilk qanunlardan biri məhz "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunudur. 1994-cü ildə qüvvəyə minən bu qanunla tanışlıq göstərir ki, həmkarlar ittifaqlarının fəaliyyətini tənzimləyən bu sənədin ruhu olduqca demokratikdir. Qanunun 3-cü maddəsinə əsasən, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 7-ci maddəyə görə, həmkarlar ittifaqlarında üzvlüyə görə vətəndaşlar barəsində ayrı-seçkilik qadağan edilir.

Həmkarlar ittifaqı ilə bağlı verilən hüquqlar 1995-ci ildə qəbul edilən və baş müəllifi ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Konstitusiyanın "Birləşmək hüququ" adlanan 58-ci maddəsinin ikinci bəndində göstərilir ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaq hüququna malikdir. Əmək Məcəlləsinin 19-cu maddəsi də həmkarlar ittifaqlarından bəhs edir. "Fərdi əmək müqavilələri (kontraktları) haqqında", "Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında", "Kollektiv müqavilələr və sazişlər haqqında", "Məzuniyyətlər haqqında", "Əməyin mühafizəsi haqqında" qanunlar həmkarlar ittifaqlarının hüquqi bazasını xeyli genişləndirib. Göründüyü kimi, demokratik inkişaf yolu seçən və bu yolla iri addımlarla irəliləyən respublikamızda Konstitusiya ilə və digər qanunvericilik aktları ilə həmkarlar ittifaqlarının sərbəst fəaliyyətinə tam təminat verilir.

Ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev də həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının  qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu qeyd edib: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər". Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirib. Göstərilən diqqət və qayğının nəticəsidir ki, həmkarlar ittifaqlarının Azərbaycan cəmiyyətindəki yerirolu əhəmiyyətli dərəcədə artıb.

Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin dinamik inkişaf etdiyi bir dövrdə vətəndaşların sosialiqtisadi mənafelərinin qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin həmkarlar ittifaqlarının da əsas işinə çevrilərək mühüm əhəmiyyət kəsb edir.

 

Həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının mühafizəsi ilə bağlı fəal və səmərəli aparırlar

 

Həmkarlar ittifaqları işçilərinin başlıca vəzifəsi iqtisadi, sosial, əmək, hüquqi və mənəvi haqlarını təmsil və müdafiə etmək, insanların istismarının qarşısını almaqdır. Araşdırmalar göstərir ki, ölkəmizdə həmkarlar ittifaqları əhalinin maraqlarının təmin  edilməsi, onların əməyinin və hüquqlarının mühafizəsi, sosial təminatlarının tənzimlənməsi ilə bağlı fəal və səmərəli aparırlar. Həmkarlar ittifaqlarının əhalinin sosial-iqtisadi məsələlərinin həlli məqsədi ilə verdiyi təkliflər hökumət və şəxsən Azərbaycan Prezidenti tərəfindən daim müdafiə olunur. Bütün kateqoriyalardan olan insanların əməkhaqlarının və pensiyalarının artırılması, əhalinin sağlamlığının qorunması istiqamətində həmkarlar ittifaqlarının təkliflərinin əksəriyyəti qəbul edilib. Azərbaycan həmkarlar ittifaqları həm də vətəndaş cəmiyyətinin mühüm institutlarından hesab olunaraq ölkədə sosial əmək münasibətlərinin əsas tənzimləyicisidir. Məhz bu qurumların səyi nəticəsində ölkəmizdə işçilərin həmrəyliyi möhkəmlənib, sosial dialoq institutları təkmilləşib.

Bu gün həmkarlar ittifaqları öz vəzifələrinin yerinə yetirilməsində qarşıya çıxan maneələri uğurla dəf  edə bilirlər. Qeyd etdiyimiz kimi, həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini işçilərin əmək hüquqlarının müdafiəsi təşkil edir. Ölkədə həmkarlar ittifaqlarına olan inamın nəticəsidir ki, son illər həmkarlar ittifaqlarına edilən müraciətlərin sayı xeyli çoxalıb. Amma etiraf edilməlidir ki, respublikamızda əmək hüquqları sahəsində müəyyən problemlər qalmaqdadır. Ən böyük problemlərdən biri respublika ərazisində fəaliyyət göstərən bir sıra müəssisələrdə, xüsusən transmilli şirkətlərdə yerli işçilərin hüquqlarının pozulması hallarına yol verilməsi və işəgötürənlərin həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına isti yanaşmamalarıdır. Amma aparılan uğurlu işlər nəticəsində işəgötürənlərin müqavimətinə baxmayaraq, son iki ildə 9 neft şirkətində həmkarlar ittifaqları təşkilatı təsis edilib. Son illər yalnız xarici neft şirkətlərində deyil, digər xarici və birgə müəssisələrdə, kiçikorta biznes sahələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması işi uğurla həyata keçirilib.

Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı ilbəil artır. Həmkarlar ittifaqları təşkilatları daxili imkanlar hesabına işçilərin istirahətini təşkil etmək üçün bir sıra tədbirlər görür, sanatoriya-kurort və istirahət müəssisələrində on minlərlə əməkçinin müalicəsi və dincəlməsi təmin olunur. AHİK-in xidmətində olan sanatoriyalar və istirahət evlərində son illərdə yenidənqurma işlərinin aparılması burada müalicə və istirahətin daha effektiv və mənalı olmasını təmin edib.

Bu gün Azərbaycan həmkarlar ittifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Səlahiyyətləri çərçivəsində olan bütün problemlərin həllini hökumətlə sosial dialoqda görən həmkarlar təşkilatları əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər.

Qazanılan uğurların nəticəsidir ki, Azərbaycan həmkarlar ittifaqlarının nailiyyətləri beynəlxalq təşkilatların illik hesabatlarında da öz əksini tapır. Ötən il respublikamızda Avropa İttifaqının Avropa İqtisadiSosial Komitəsinin "Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Ermənistan və Gürcüstan) vətəndaş cəmiyyətinin Avropa qonşuluq siyasətinin tətbiq edilməsinə cəlb olunmasına dair rəy"inin təqdimatı keçirildi. Sənəddə üç Cənubi Qafqaz ölkəsində fəaliyyət göstərən həmkarlar ittifaqına dair yer alan rəydə Azərbaycan həmkarlar təşkilatları qonşu ölkələrin həmkarlar ittifaqı ilə müqayisədə çox yüksək qiymətlədirilib. Beynəlxalq Əmək Təşkilatı da Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə bağlı yüksək fikirdədir. Sentyabrda Bakıda səfərdə olan BƏT nümayəndə heyətinin rəhbəri, təşkilatın transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Makfolsu ölkəmizdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan ictimaiyyəti əmindir ki, həmkarlar ittifaqları öz missiyalarına sadiq qalaraq, dövlətimizin qayğı və diqqətinə cavab olaraq bundan sonra da vətəndaşların əmək və  sosial-iqtisadi hüquqlarının təmin edilməsi sahəsində cəsarətlə və əzimkarlıqla mübarizə aparacaq, ölkəmizdə gerçəkləşdirilən vətəndaş cəmiyyəti quruculuğuna layiqli tövfələrini verəcəklər.

 

 Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2011.-29 noyabr.- S.  6.