Bakıda «İqtisadi inkişaf
dövründə elm və texnologiya statistikası və göstəriciləri»
mövzusunda milli seminar-treninq keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO-nun təşkilatçılığı ilə "Hilton-Baku" otelində "İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri" mövzusunda milli seminar-treninq keçirilir.
Seminar-treninqin məqsədi elm, texnologiya, innovasiya siyasəti üzrə müvafiq göstərici və statistika sahəsində son beynəlxalq təcrübə ilə tanışlıq, onların təhlili, inkişaf etməkdə olan ölkələr üçün bu göstəricilərin dinamikasının müzakirəsi və digər məsələlərlə bağlıdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkəmiz ilə UNESCO arasındakı əlaqələrin əhəmiyyətindən danışmış, bu əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulamışdır.
E.Babayev eyni zamanda Azərbaycanda elmin inkişafı sahəsində reallaşdırılan tədbirlərdən, ölkəmiz üzrə tədqiqat, elmin inkişafı və innovasiyalar sahəsində göstəricilərin və statistik məlumatların dünya standartları səviyyəsində müəyyən edilməsinin və bundan elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsində istifadəsinin əhəmiyyətindən danışmışdır.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın elmin, təhsilin, mədəniyyətin inkişafına daim böyük önəm verdiklərini vurğulamışdır.
UNESCO-nun elm eksperti Eduardo Martinez və digər çıxış edənlər seminar-treninqin səmərəli keçəcəyinə əminliklərini söyləmişlər.
Sonra müvafiq qurumların təmsilçiləri mövzu ilə bağlı fikirlərini bildirmiş, müzakirələr aparılmışdır.
Noyabrın 30-da başa çatacaq seminar-treninqin
iştirakçılarına müvafiq sertifikatlar veriləcəkdir.
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 6.