Ermənistanın
«mədəni təxribat»ı baş
tutmadı
Azərbaycanın maddi-mədəniyyət abidələrini saxtalaşdırmağa can atan ermənilərin bəd niyyətləri bu dəfə baş tutmayıb. Belə ki, noyabrın 20-dən dekabrın 1-dək İndoneziyanın Vali adasında UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 6-cı sessiyasında Ermənistan tərəfindən iki nominasiya üzrə ("Erməni Aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı - Vardavar") fayllar təqdim edilsə də, Azərbaycanın adıçəkilən iclasda iştirak edən nümayəndə heyəti təxribatın qarşısını alıb. Müzakirələrdə Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq tələblərinə cavab vermədiyi bildirilib. Bununla yanaşı, aşıq sənətinin Azərbaycan xalqına məxsus olması və onu ermənilərin mənimsəməyə çalışması, həmçinin nominasiyalarda Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu komitə üzvlərinin nəzərinə çatdırılıb. Bütün qeyd olunanların Konvensiyanın müvafiq müddəaları ilə zidd olduğu və UNESKO-nun əsas prioritetlərindən sayılan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi təsdiqlənib. Azərbaycan nümayəndələrinin fəallığı nəticəsində komitənin əksər üzvü ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın hər iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən UNESKO-ya ünvanlanmış müraciət nəticəsiz qalmayıb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən mətbuata verilən məlumata əsasən, etiraz məktubu ermənilərin aşıq sənətinə iddiaları ilə əlaqədar olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən oktyabr ayında UNESKO Katibliyinə göndərilən məktubda Ermənistanın təqdim etdiyi sənədlərdə ermənilərin Azərbaycanın mədəni irsinə qarşı saxta nominasiyalarla çıxış etmək cəhdinin təxribatdan savayı bir şey olmadığı, həmçinin Konvensiyanın şərtlərini pozduğu göstərilib.
Müraciətdə eləcə də Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildiyi vurğulanıb. Aşıq sənətinin nəinki Azərbaycanın, ümumilikdə türkdilli xalqların zəngin mədəni irsinin nümunəsi olması bir daha müraciətdə öz əksini tapıb. UNESKO-nun adıçəkilən müraciətə müsbət münasibəti ermənilərin bu tədbirdən əliboş qayıtmasına səbəb olub. Katiblikdən verilən cavabda bildirilir ki, bu problemli məsələdən UNESKO xəbərdardır. Azərbaycan komitənin üzvlərindən biri olaraq belə məsələləri iclasda qaldıra və bu halların qəbuledilməzliyi barədə müvafiq maddənin və ya əlavənin rəddinə nail ola bilər.
Qeyd etmək yerinə düşər ki, ermənilərin növbəti "mədəni təxribat"ının qarşının alınması Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri ilə yanaşı, UNESKO yanında Daimi Nümayəndəliyinin birgə fəaliyyətinin nəticəsidir.
Adıçəkilən tədbirdə Azərbaycanı UNESKO yanında Daimi Nümayəndəliyinin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil ediblər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 6.