Daşkənddə «Özbəkistanda ana və uşaqların sağlamlığının qorunması: Sağlam ana sağlam uşaq» mövzusunda forum keçirilmişdir

 

 Daşkənddə Özbəkistan Səhiyyə Nazirliyi Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə "Özbəkistanda ana və uşaqların sağlamlığının qorunması: Sağlam ana-sağlam uşaq" mövzusunda forum keçirmişdir.

Forumda dünyanın 40-dan çox ölkəsindən səhiyyə təşkilatlarının nümayəndələri, nazirlər, tanınmış alim və həkimlər, Daşkənddə akkreditə olunmuş səfirlər, jurnalistlər iştirak etmişlər.

Tədbirdə Azərbaycanı səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nümayəndə heyəti  təmsil etmişdir.

Forumun açılışında Özbəkistan Prezidenti İslam Kərimov çıxış edərək müstəqillik illərində ölkədə ana və uşaqların sağlamlığının qorunması sahəsində görülən işlər haqqında məlumat vermiş, anauşaq ölümünün 3 dəfə aşağı düşdüyünü qeyd etmişdir. Dövlət başçısı demişdir ki, son üç ildə səhiyyəyə ayrılan vəsait 2,5 dəfə artmışdır və hazırda bu rəqəm dövlət büdcəsinin 17,7 faizini təşkil edir.

DST-nin baş direktoru Marqaret Çen, Özbəkistanın səhiyyə naziri Adxam İkramov, DST Avropa regional bürosunun direktoru Jujanna Yakab, UNİCEF-in Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen və başqaları çıxış etmiş, ana və uşaqların sağlamlığının qorunması sahəsində Özbəkistanda və dünyada həyata keçirilən tədbirlər haqqında məlumat vermişlər.

Forumda çıxış edən Oqtay Şirəliyev bu sahədə Azərbaycanda görülən işlər haqqında söhbət açmış, aparılan islahatlar barədə danışmışdır. Nazir qeyd etmişdir ki, ölkəmizdə "Ana və uşaqların sağlamlığının qorunması haqqında" Proqram qəbul edilmişuğurla həyata keçirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu il ölkədə "Uşaq ili" elan edilmişdi. Görülən tədbirlər nəticəsində Azərbaycanda uşaq ölümü 28 faizdən 10,2 faizə düşmüşdür.

Həmçinin O.Şirəliyev bildirmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq adam, o cümlədən 400 min uşaq qaçqın və məcburi köçkünə çevrilmişdir.

Forumun bölmələr üzrə keçirilən iclaslarında Azərbaycandan gəlmiş həkimlər də iştirak etmişlər.

Sonda Daşkənd Qətnaməsi qəbul edilmişdir.

Oqtay Şirəliyev Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə getmiş, buradakı Heydər Əliyev muzeyi, Azərbaycan dövlətçiliyi tarixi, Azərbaycan-Özbəkistan tarixi əlaqələri muzeyləri ilə tanış olmuşdur.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov mərkəzdə yaradılmış şərait haqqında məlumat vermişdir.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Daşkənd

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  7.