Albert Eynşteyn

 

Albertin 3 yaşına çatmasına baxmayaraq, danışa və yeriyə bilməməsi ailə üçün dərdə çevrilmişdi. Anası Paulina qarğıdalı alveri ilə məşğul olan varlı  bir kişinin qızı idi. Atasının çətinliyə düşəndə özünü itirməməsi ona da keçmişdi. Odur ki, hər dəfə ərinə ürək-dirək verərək "Mənə elə  gəlir  ki, körpəmizin bəxti açılacaq və o, tanınan adam olacaq", - deyirdi. Albertin atası German nə biləydi ki, vaxt gələcək həqiqətən də oğlu fizika sahəsindəki kəşfləri ilə məşhur alim olacaq, xüsusiümumi nisbilik nəzəriyyələrini yaradacaq, elmə foton  anlayışını gətirəcək, fotoeffekt qanunlarını meydana çıxaracaq, fotokimyanın  əsas qanununu (Eynşteyn qanununu) ərsəyə gətirəcək, Braun hərəkəti  nəzəriyyəsini inkişaf etdirəcək, Boze-Eynşteyn Kvant statistikasının əsasını  qoyacaq, kosmologiyavahid sahə nəzəriyyəsi problemləri üzərində  işləyəcək.  Çox keçmədi ki, uşaq yavaş-yavaş dil açmağa və yeriməyə başladı. Dili  tamam açılandan sonra yaxşılığa doğru dəyişərək tamamilə başqalaşdı. Yanında danışılanları eyni ilə təkrar etmək qabiliyyəti üzə çıxdı.

Albert Eynşteyn 1879-cu il martın 14-də Dunay çayı sahilindəki Ulm  şəhərində yəhudi ailəsində dünyaya gəlmişdir. Bir yaşına çatanda ailə Münhen şəhərinə köçür. Albert məktəb yaşına çatanda Münhenin katolik  ibtidai məktəbində, sonralar isə gimnaziyada oxuyur. Albert 5 yaşında olanda atası ona kompas  bağışlamışdı. Kompasla tanışlıq onun bütün həyatı boyu müxtəlif mexanizmlərə maraq  göstərməsinə səbəb olmuşdu. Albert ibtidai məktəbdə pis oxuyurdu. Hətta alman dili  müəllimi demişdi ki, bu uşaqdan heç nə çıxmayacaq. Eynşteyn sakitfikri dağınıq idi, riyaziyyata meyil göstərirdi. Lakin kazarma  intizamının, mexaniki əzbərçiliyin hökm sürdüyü alman məktəbindən heç xoşu gəlmirdi. Müəllimlərin zalımcasına rəftar etdikləri uşaqlar  müstəqil düşünmə imkanlarından məhrum olurdular.

Albert gimnaziyada oxuyarkən məktəb dərsliyindən müstəqil surətdə riyaziyyatı öyrənməyə başlamışdı. 6 yaşında anasının tələbi ilə skripka çalmağı da  öyrənmişdi. Musiqiyə olan həvəsi ömrünün axırınadək qalmışdı. O, məşhurlaşanda həvəskar musiqiçilər kvintetində də çalmağı xoşlayırdı.

Albertin atası tamamilə müflisləşəndən sonra 1894-cü ildə Eynşteynlər  Münhendən İtaliyanın Milan yaxınlığındakı kiçik bir şəhərinə köçməli oldular. Albertin özü isə gimnaziyanın bütün altı sinfini  başa çatdırmaqdan ötrü bir müddət Münhendə qaldı. Lakin bir  qədərdən sonra gimnaziyanı yarımçıq qoyub 1895-ci ildə  doğmalarının yanına getdi. Riyaziyyatı və fizikanı müstəqil surətdə dərindən öyrənməsinə baxmayaraq, hələ də özünə peşə seçə bilməmişdi. Atası oğlunun mühəndis olmasını istəyirdi.

Albert isə İsveçrənin paytaxtı Sürixin Federal Texnoloji İnstitutunda  təhsilini davam etdirib fizika müəllimi olmaq fikrində idi. Həmin instituta  imtahan vermək üçün orta məktəbi bitirmək barədə kamal attestatı tələb  olunmurdu. Riyaziyyatdan müvəffəqiyyətlə imtahan verən Albert botanikadan  və fransız dilindən kəsildi. Onu Sürix Politexnikumuna qəbul  etmədilər. İnstitutun direktoru Albertin riyaziyyat sahəsində qabiliyyətini  yüksək qiymətləndirdiyinə görə onu Aarau şəhərinə  göndərdi ki, gimnaziyanı başa çatdırsın. O, bir ildən sonra, 1896-cı ilin  yayında qəbul imtahanlarını müvəffəqiyyətlə verib Federal Texnoloji İnstituta - Politexnikuma qəbul olundu.

Albert Aarauda olarkən gimnaziyadakı liberal ovqat, müəllimlərlə  tələbələr arasındakı mehriban münasibətlər onda ruh yüksəkliyi yaratmışdı. Münhen gimnaziyası ilə müqayisədə burada ölçüyəgəlməz dərəcədə mənəvi  üstünlüklər var idi. Buna görə də Eynşteyn Almaniya təəbəliyindən çıxmaq  haqqında rəsmi xahişnamə yazmışdı. Sürixdə olarkən Albert məcburi kursları  öyrənməkdən daha çox fizikanı müstəqil öyrənməyə üstünlük verirdi. Bununla  belə geologiya, biologiya, elm tarixi, ədəbiyyatşünaslıq və siyasi iqtisadla da  maraqlanırdı. Əvvəllər fizikanın tədrisi ilə məşğul olmaq istəyirdi, lakin   1900-cü ildə Federal İnstitutu bitirdikdən və 1901-ci ildə İsveçrə vətəndaşlığı  aldıqdan sonra daimi yeri tapa bilmədi. Müəllimləri əvəz etməklə cüzi  miqdarda çörəkpulu qazanmalı olurdu. Yastıdabanlığına və venalarının  genişlənməsinə görə onu orduya da aparmırdılar. Gələcəyin dahi alimi   günlərlə doyunca yemək üzünə həsrət qalırdı. Bu səbəbdən qaraciyər xəstəliyi  tapmışdı. Bütün bunlara baxmayaraq, Eynşteyn fizikanı daha dərindən  öyrənməkdən də qalmırdı. 1900-1902-ci illər onun üçün ağır maddi ehtiyac  illəri idi. 1901-ci ildə Berlinin "Fizika salnaməsi" dərgisi onun ilk    "Kapillyarlıq nəzəriyyəsinin nəticələri" məqaləsini dərc etdi. Bu məqalə  məhlulların atomları arasında cazibə qüvvələrinin kapillyarlıq nəzəriyyəsi əsasında təhlilə həsr olunmuşdu.

Eynşteyn bir müddət İsveçrənin ali təhsil məktəblərinə daxil olan  əcnəbilər pansionatında riyaziyyatfizika müəllimi kimi fəaliyyət  göstərmək şansı qazanmışdı. Nəhayət, dostlarından biri onu  İsveçrənin paytaxtı Bern şəhərində federal patent bürosunda üçüncü dərəcəli    ekspert vəzifəsinə düzəldə bildi. Patent bürosunda yeddi ildən artıq bir  müddətdə çalışan Eynşteyn qurtarandan sonra tədqiqatlarla məşğul  olurdu. Məhz həmin dövrdə o, görkəmli nəzəri fizik səviyyəsinə  yüksələ bildi. Onun "Molekulların ölçülərinin yeni müəyyənləşdirilmə  qaydası" adlı elmi işi Sürix Universitetində doktorluq dissertasiyası kimi  qəbul edildiEynşteyn 1905-ci ildə elmlər doktoru oldu. 1905-ci ildə  "Fizika salnaməsi"ndə onun 1904-cü ildə yazdığı statistik mexanika  istiliyin molekulyar nəzəriyyəsi məsələlərinin öyrənilməsinə həsr olunmuş  məqalələri dərc edildi. Həmin məqalələrdə molekulların ölçülərinin yeni  metodla müəyyənləşdirilməsi məsələsinə də yer ayrılmışdı.

Eynşteynin dərc olunmuş digər bir məqaləsində Broun hərəkətinin - mayedə asılı vəziyyətdə  olan zərrəciklərin ziqzaqşəkilli xaotik hərəkətinin izahına toxunulmuşdu. O, müəyyən etmişdi ki, verilmiş həcmdəki molekulların sayını Broun hərəkətini müşahidə yolu ilə hesablamaq olar. Həmin dövrdə molekulların mövcudluğuna hələ də şübhə  ilə yanaşıldığından Eynşteynin bu fikrinin böyük elmi əhəmiyyəti vardı. Eynşteynin başqa bir məqaləsində fotoelektrik effektin - metal səthin ultrabənövşəyi, yaxud digər bir diapazonda elektromaqnit şüalanmasının təsiri  altında elektronlar buraxması qabiliyyətinin izahını verdi. Eynşteyn daha bir cəsarətli ideya irəli sürmüşdü. Həmin ideyada ehtimal edilirdi ki, işıq ikili xassəlidir. Əsrlər boyu aparılmış optik eksperimentlər işığın dalğa xassəli olduğunu göstərmişdi. Eynşteyn fotoelektrik effektə əsaslanaraq işığın həm də zərrəciklər seli olmasını aydınlaşdırmışdı.

Eynşteynin elə həmin məqaləsində xüsusi nisbilik nəzəriyyəsi fizikanın bütün sahələrində inqilab  yaratmışdı. O dövrdə fiziklərin əksəriyyəti güman edirdi ki, işıq dalğaları  müəmmalı sayılan maddədə - bütün kainatı dolduran efirdə yayılır. Lakin  eksperiment yolu ilə efiri meydana çıxarmaq heç kimə müyəssər olmamışdı. Eynşteyn efirin varlığı haqqında hipotezi kənara qoyub belə qərara gəlmişdi ki, fizikanın bütün qanunları istənilən iki müşahidəçinin bir-birinə nisbətən necə hərəkət etməyindən asılı olmayaraq onların hər ikisinə eyni cür tətbiq  edilə bilər; işıq boş məkanda özünün mənbəyinin hərəkətindən asılı olmayaraq həmişə eyni sürətlə yayılır. Bu fikir məkan və zaman barədə olan təsəvvürləri  dəyişdi.

Eynşteynə qədərki dövrədək məkan və zaman haqqında hakim təsəvvürləri XVII əsrin sonunda İsaak Nyuton formalaşdırmışdı. Lakin elektrodinamika tənlikləri Nyutonun klassik mexanika tənlikləri ilə bir  araya sığmırdı.

Eynşteyn 1915-ci ildə ümumi nisbilik nəzəriyyəsini tamamilə başa çatdırdı.  Bu nəzəriyyədə xüsusi nisbilik nəzəriyyəsi ümumiləşdirilmiş, həm də cazibə qüvvəsinə (qravitasiya) dair yeni nəzəriyyə şərh olunmuşdu. O, işıq şüalarının qravitasiya sahəsində əyilməsini də söyləmişdi. Onun nəzəriyyəsi rəsmi təsdiqini tapandan sonra o, planetin ən məşhur fiziki oldu.

Eynşteyn bir dəfə Çarli Çaplinə göndərdiyi məktubunda yazmışdı: "Sizin "Qızıl həyəcanı" filminiz bütün dünyada anlaşıldığından, siz hökmən böyük insan olacaqsınız". Çaplin məktuba belə cavab vermişdi: "Siz məni daha çox heyran qoymusunuz. Verdiyiniz nisbilik nəzəriyyəsini dünyada heç kim başa düşmür. Buna baxmayaraq, siz hər halda dünyanın böyük alimi olmusunuz". Eynşteyn nisbiliyinolduğunu bilmək istəyənləri özündən incitməmək üçün demişdi: "Əlinizi qızmar sobanın üzərinə qoyub bir dəqiqə saxlayın. Sizə elə gələr ki, bir saatdır əlinizi sobadan çəkmirsiniz. Əgər siz gözəl-göyçək bir qızın yanında bir saat qalsanız, elə bilərsiniz ki, cəmi beş dəqiqə vaxt keçib. Bu, nisbilik deməkdir".

Jurnalistlərdən biri Eynşteyndən müsahibə alarkən soruşmuşdu: "Özünüzün böyük fikirlərinizi yazmaq üçün bloknotunuz varmı?" Eynşteyn: "Sözün əsl mənasında böyük fikirlər adamın başına elə nadir hallarda gəlir ki, onları yadda saxlamaq heç də çətin olmur", - demişdi.

Eynşteyni 1909-cu ildə Sürix Universitetinin nəzəri fizika üzrə ekstraordinar professoru təyin etmişdilər. 1911-ci ilin əvvəlində Praqanın Alman Universitetində müstəqil kafedra müdiri təyin olunandan bir il sonra Sürixə qayıdıb vaxtilə təhsil aldığı doğma Politexnikumda professor kimi fəaliyyət göstərmişdi. 1914-cü ildə Eynşteyn Berlin Universitetində professor vəzifəsinə dəvət almış və eyni zamanda, kayzer Vilhelmin Fizika İnstitutunda direktor olmuşdu. Dünyanın ən böyük fiziki adını qazanmasına baxmayaraq, onu yəhudi olduğuna, müharibə tərəfdarı olmadığına və inqilabi nəzəriyyələrinə görə gözümçıxdıya salmışdılar. Antisemitlər Eynşteynin nəzəri fizika sahəsində nəzəriyyələrini "yəhudi fizikası" adlandırırdılar. Onlar deyirdilər ki, Eynşteynin aldığı nəticələr "arilər elminin" yüksək standartlarına uyğun gəlmir və s.

1933-cü ildə Hitler hakimiyyətə gələndən sonra Eynşteyn ABŞ-a gedərək Nyu-Cersi ştatının Prinston şəhərində yaradılmış Fundamental Tədqiqatlar İntitutunda fəaliyyət göstərmişdir. O inanırdı ki, nasist Almaniyasının qarşısını ancaq hərbi qüvvə ilə almaq mümkündür. 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzveltə məktub göndərərək yazmışdı ki, Almaniyada atom bombası sahəsində işlər görülürbuna görə də uranın parçalanması üzrə tədqiqatlar aparılmasında hökumətə yardımçı olmaq istəyir. Sonralar Eynşteyn bu məktuba görə peşmançılıq çəkmiş, Amerikanın "atom diplomatiyasını" pisləmişdi. Yaponiyaya  atılmış atom bombasının nəticələrindən dəhşətə gələn Eynşteyn dünyada sülh tərəfdarı kimi qızğın fəaliyyət göstərmişdi. O, yazmışdı ki, üçüncü Dünya müharibəsinin hansı silahlarla aparılacağını bilmir. Bir onu bilir ki, dördüncü Dünya müharibəsində silah kimi dəyənəklərdən və daşlardan istifadə olunacaqdır.

Eynşteynin başına qəribə əhvalatlar da az gəlməyib. Məsələn,  Berlində tramvayda gedərkən kitab oxumağı xoşlayırdı. Adəti üzrə də əvvəlcədən sayıb qoyduğu bilet pulunu konduktor yaxınlaşan kimi verərmiş. Bir dəfə konduktor bilet pulunun az olduğunu deyəndə o, gözünü kitabdan ayırmayaraq, "ola bilməz" demişdi. Konduktor inadkarlıq göstərərək pulu alimə qaytarıb yenidən saymasını xahiş etmişdi. Eynşteyn hər ehtimala qarşı əlini cibinə salıb çatmayan pulu tapmış və utandığını  heç cür gizlədə bilməmişdi. Konduktor gülərək demişdi: "Utanmağına dəyməz, əmi, yəqin ki, məktəbdə arifmetikanı yaxşı öyrənməmisən".

Eynşteyn günlərin birində alman bəstəkarı Hans Eyslerlə eyni məclisə düşür. Ev sahibləri onun yaxşı skripka çaldığını bildiklərindən xahiş edirlər ki, Eyslerlə birlikdə çalsın. Bəstəkar razılıq verdikdən sonra Eynşteyn skripkanı kökləyib fortepianoda giriş hissəsini bir neçə dəfə çalır, Eynşteyn nə qədər çalışırsa, taktı tuta bilmir. Eysler fortepianonun arxasından hirslə duraraq deyir: "Mən bir şeyi anlamıram ki, nə üçün bütün dünya üçə qədər saya bilməyən adamı böyük istedad sahibi kimi göylərə qaldırır?"

Eynşteyn ehtimallara və təsadüflərə əsaslanan Kvant nəzəriyyəsinə o qədər də inanmır və deyirdi ki, Tanrı kainatla zər oyunu oynamır. Buna baxmayaraq, məhz o, işığın Kvant nəzəriyyəsinə böyük töhfəsini vermiş  Kvant Boze-Eynşteyn statistikasını yaratmışdı. Qəribədir ki, nisbilik nəzəriyyəsinin müəllifi kimi dünyada ad çıxarmış Eynşteynə 1921-ci ildə Nobel mükafatı fotoeffekt qanunlarının kəşfinə və nəzəri fizika sahəsindəki işlərinə görə verilmişdi.

XX əsrin bu məşhur alimi 1955-ci il aprelin 18-də dünyasını dəyişmişdir.

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  7.