Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva Vatikanda müqəddəs
taxt-tacın dövlət katibi ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri çərçivəsində noyabrın 29-da Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşmüşdür.
Görüşdən əvvəl Papa sarayı ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, bu saray Roma Papasının rəsmi iqamətgahıdır. Papanın rəsmi qəbullarını keçirdiyi sarayda dünya mədəniyyətinin incilərinin toplandığı mindən çox otaq vardır. Hər il dünyanın müxtəlif ölkələrindən Vatikana gələn çoxsaylı turistlərin maraq göstərdiyi sarayın divarlarını isə dünya şöhrətli rəssamlar Mikelancelo və Rafaelin əsərləri bəzəyir.
Görüşdə kardinal Tarçizio Bertoni iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini xüsusi vurğulamış və bildirmişdir ki, Azərbaycanın mədəniyyətlərarası dialoq platformasında rolu gündən-günə güclənməkdədir. Bu baxımdan bu il Azərbaycanda keçirilmiş Beynəlxalq Humanitar Forum böyük əhəmiyyətə malikdir. Məhz həmin tədbirlərdə müqəddəs taxt-tacın təmsilçiləri də fəal iştirak etmişlər.
Vatikanın dövlət katibi Azərbaycanda katolik icması üçün yaradılmış şəraitdən də məmnunluğunu qeyd etdi.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Vatikan dövlətinin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin salamlarını Roma Papası XVI Benediktə çatdırmağı Tarçizio Bertonidən xahiş edərək, Azərbaycan dövlətinin başçısı adından Papanı ölkəmizə dəvət etdi.
Görüşdən sonra Mehriban xanım Əliyeva Azərbaycan xalça sənətinin nümunəsi olan hədiyyəni Roma Papasına çatdırmaq üçün kardinala təqdim etdi.
Hədiyyə üçün təşəkkürünü bildirən Tarçizio Bertoni isə Vatikanın təsis etdiyi qızıl medalı, həmçinin xüsusi hədiyyə olan, Romada rast gəlinən bitkilər və naxışları özündə əks etdirən XVII əsrə mənsub reproduksiyanın və onların şərhlərinin toplandığı kitabı Papanın adından Azərbaycanın birinci xanımına təqdim etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 2.