Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Şurasının
12-ci iclası keçirilmişdir
Noyabrın 25-də
Brüsseldə Avropa İttifaqı-Azərbaycan
Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilmişdir.
İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun
başçılıq etdiyi nümayəndə
heyəti təmsil etmişdir.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropa İttifaqını bu tədbirdə Aİ-yə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Mikolay Dovqileviç və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle təmsil etmişlər. İclasa Azərbaycan tərəfi sədrlik etmişdir.
Görüşdə Avropa İttifaqının təmsilçiləri Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və "Evrovision-2011" mahnı müsabiqəsində birinci yer tutması münasibətilə təbrik etmişlər. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanmış, bu nailiyyətlərin Azərbaycanı dünyaya tanıtmaq üçün yaxşı imkan olduğu bildirilmişdir.
Azərbaycanın xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ rəsmilərinə geniş məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulamışdır. Bu prosesdə Aİ-nın rolu məsələsi də müzakirə edilmişdir.
Danışıqlar çərçivəsində, həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında görülmüş işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuş, mövcud əməkdaşlığın Aİ standartlarının Azərbaycanın inkişafına xidmət etdiyi qeyd olunmuşdur.
Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlamış və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar.
Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunmuş, Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu, eləcə də Cənubi Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın aparıcı rolunu xüsusi qeyd etmişlər.
İclasda Aİ ilə Azərbaycan arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın ikitərəfli əməkdaşlığın digər sahələrini əhatə etməsinin perspektivləri barədə də geniş fikir mübadiləsi aparılmışdır. Aİ ilə Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi, yüksək səviyyəli səfərlərin daha da artırılması və digər aktual məsələlər də diqqət mərkəzində olmuşdur.
Rəsmi hissə başa çatdıqdan sonra birgə işçi nahar olmuşdur. Nahar süfrəsi arxasında Aİ ilə münasibətlərin indiki vəziyyəti, inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 26 noyabr.- S.5.