Lüksemburqda təşkil olunmuş beynəlxalq yarmarkada Azərbaycan guşəsi xüsusi maraq doğurmuşdur

 

Avropanın kiçik dövlətlərindən biri olan Lüksemburqda hər il ənənəvi beynəlxalq yarmarka təşkil olunur. Keçən illərdən fərqli olaraq, bu il noyabrın 27-28-də Lüksemburqda keçirilən yarmarkada iştirak edən ölkələrin sayı 60-a çatmışdır. Azərbaycan belə möhtəşəm tədbirdə ilk dəfə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin dəstəyi, Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Mədəniyyət Assosiasiyasının və Lüksemburq-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə üçrəngli bayrağımızın fonunda təşkil olunmuş satış-sərginin zənginliyi qısa bir zamanda  yarmarkaya gələnlərin diqqətini cəlb etmişdir. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu "Bakı" jurnalının ingilis dilində çap olunmuş nüsxələri, Heydər Əliyev Fondu tərəfindən ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, Azərbaycan həqiqətlərindən bəhs edən ingilis və fransız dillərində  müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, çay dəsgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, nərd, milli ornamentləri əks etdirən suvenirlər, kəlağayılar, Nobel qardaşlarının fəaliyyətindən bəhs edən disklər və digər eksponatlar nümayiş etdirilmişdir.

Guşədə, həmçinin müxtəlif çeşiddə meyvələr, şirniyyatlar, içkilər, şirələr, mürəbbələr və digər məhsullar satışa qoyulmuşdur.

Guşənin hazırlanmasında xüsusi əmək sərf etmiş Lüksemburq-Azərbaycan Ticarət Palatası və "Qarabağ" Mədəniyyət Assosiasiyası sədrlərinin müavini Seymur Əhmədov yarmarkada Cənubi Qafqaz bölgəsindən yalnız respublikamızın, ümumilikdə isə keçmiş  SSRİ-nin mütəffiq respublikalarından Azərbaycan və Rusiyanın belə möhtəşəm yarmarkada iştirak etdiyini diqqətə çatdırmış, Azərbaycan Beynəlxalq Bankının, "Gilan Holdinq"in, Şəki ipək fabrikinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "SW holdinq"in, "Qazelli" gözəllik salonunun guşənin zənginləşməsinə əməli yardım göstərdiklərini bildirmişdir.

Yarmarkaya baş çəkən hersoqun xanımı Azərbaycan guşəsinin qarşısında uzun müddət dayanaraq ölkəmizin tarixi, çeşid-çeşid  məhsullar barədə verdiyi suallara ətraflı məlumat almış, respublikanın əməkdar artisti Xanlar Bəşirovun nağarada ifa etdiyi milli musiqi nömrəsinə heyran olduğunu bildirmiş, Azərbaycan nümayəndə heyəti ilə birlikdə xatirə şəkli çəkdirmişdir.

Yarmarkanın elə ilk günü "Gilan holdinq"in məhsulları - narfeyxoa, nar şirəsi, heyvagilas mürəbbəsi, Şəki ipək fabrikinin istehsalı olan baş örtükləri, milli bayramımızda süfrələrimizin yaraşığı olan paxlava və şəkərbura qonaqlarda xüsusi maraq oyatmış və həmin məhsullar bir anın içində satılıb qurtarmışdır.

Guşədə quraşdırılmış televiziya vasitəsilə ölkəmizin tarixi və mədəni abidələri, təbiət mənzərələri, Bakının görməli yerləri,  "Eurovision-2011"-in qalibləri ilə bağlı videoçarxlar, sənədli filmlər nümayiş etdirilmiş, Azərbaycan musiqisi səsləndirilmişdir.

Yarmarkanın sonuncu günü Azərbaycan guşəsinin təşkil etdiyi loto oyununa yekun vurulmuşdur. Lüksemburqlu bir xanımın oyunda bəxti gətirmiş, gələn il ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində iştirak etmək üçün vəsiqə qazanmışdır. Loto oyununun digər qaliblərinə ölkəmizdə istehsal olunan məhsullar təqdim olunmuşdur.

Yarmarkada satış zamanı əldə edilən 7 min avroya yaxın vəsait Efiopiyaya yardım fonduna köçürülmüşdür.

Yarmarkada Azərbaycan guşəsi ilə bağlı yerli RTL televiziya kanalı xüsusi reportaj hazırlayaraq efirdə səsləndirmiş, fransız və alman dillərində nəşr olunan qəzetlərdəki məqalələrdə ölkəmizin tarixi, mədəniyyəti, yeraltı və yerüstü sərvətlərlə zənginliyi, yarmarkada Azərbaycanın ilk dəfə təmsil olunmasına baxmayaraq, guşəmizin iştirakçılar arasında böyük maraq doğurması barədə ətraflı məlumat verilmişdir.

Lüksemburq paytaxtının meri, dahi rus bəstəkarı Raxmaninovun nəticəsi Ksavye Bettel Azərbaycan guşəsi ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Əvvəlcə Azərbaycanı beynəlxalq yarmarkada ilk dəfə iştirakına, belə zəngin guşə nümayiş etdirdiyinə, 2011-ci ildə keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin qalibi olduğuna görə təbrik edirəm. Ölkəniz Avropaya inteqrasiya məsələsində fəallıq göstərir. Ölkənizin bu istiqamətdə apardığı siyasət hamı tərəfindən rəğbətlə qarşılanır.

Guşənizdə nümayiş etdirilən kitab və broşürlər, digər eksponatlar ölkənizin nəinki qədim tarixə, habelə zəngin mədəniyyətə malik olduğunu başa düşməyə imkan verir.

Mən qədim tarixi, gözəl təbiəti, zəngin mədəni abidələri olan bir dövlətlə tanış olmaq və nəhayət, 2012-ci ildə keçiriləcək "Eurovison" müsabiqəsində iştirak etmək üçün məmnuniyyətlə ölkənizə səfər etmək istərdim. Zamanvaxt imkan versə, bu "fürsəti əldən buraxmayacağam".

Lüksemburq-Azərbaycan Ticarət Palatasının sədri, ölkə parlamentinin deputatı Jak-İv Henekens isə müsahibəsində Azərbaycanın beynəlxalq yarmarkada ilk dəfə iştirak etdiyinin şahidi olduğunu xatırlatmış, guşədə nümayiş etdirilən məhsulların ölkəmizin zənginliyindən xəbər verdiyini diqqətə çəkmişdir. O, Azərbaycanda yetişdirilən naringinin və narın dadına görə Avropa ölkələrində satılan naringinardan tamamilə fərqli olduğunu, həmvətənlərinin feyxoa adlı meyvə ilə ilk dəfə tanış olduqlarını qeyd etmişdir.

Azərbaycana dəfələrlə səfər etdiyini, hər səfərində qəlbən vurulduğu Bakıda mühüm dəyişikliyin şahidi olduğunu, onun əsl nəhəng tikinti meydançasını xatırlatdığını diqqətə çatdıran J.İ.Henekens Lüksemburq ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yaxşılaşacağına ümid etdiyini, bu istiqamətdə rəhbərlik etdiyi Lüksemburq-Azərbaycan Ticarət Palatasının məqsədyönlü fəaliyyət göstərdiyini vurğulamışdır.

İlk səfərini xatırladan parlament üzvü ölkəmizə gəlişi zamanı dənizə tamaşa edərkən hər yerdən neft qüllələrinin göründüyünü, bunun onun diqqətini cəlb etdiyini, ikinci təəccüblü gələn hadisənin yerdən neftin necə çıxdığını müşahidə etməsi olduğunu bildirmişdir.

Palata sədri ölkələr arasında  əlaqələrin yaradılmasında turizmin müstəsna rolunu qeyd etməklə yanaşı, Azərbaycanda turizmin inkişafı ilə bağlı geniş imkanlar olduğunu  vurğulamışdır.

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

 

Lüksemburq

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  4.