Almaniyanın «Thüringer Zeitung» qəzetində
Azərbaycan
haqqında söhbət açılmışdır
Almaniyanın "Thüringer Zeitung" qəzetinin 2011-ci il 18 noyabr tarixli sayında almaniyalı jurnalist Rixard Kisslerin Azərbaycan haqqında "Təbii qaz təzyiq vasitəsi kimi" adlı məqaləsi dərc olunmuşdur.
Məqaləyə Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20 Yanvar faciəsi haqqında məlumatla giriş verilir. 1990-cı ilin 20 yanvarında müstəqillik tələb edən nümayişçilərə atəş açılması əmrini verən və nəticədə sovet əsgərləri tərəfindən 130 nəfərin öldürülməsinə gətirib çıxaran hadisənin səbəbkarı Mixail Qorbaçovun Azərbaycanda sevilmədiyi bildirilir.
Daha sonra müstəqil Azərbaycanın müstəqil neft və qaz siyasəti həyata keçirməsi haqqında danışılır. Avropanın uzaq şərqində yerləşən Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında körpü rolunu oynaması isə onun qonşuları tərəfindən razılıqla qarşılanmadığı bildirilir.
Müəllif Azərbaycanda gedən iqtisadi inkişafın Bakıdakı təzahürlərini müsbət tonlarla təsvir etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinə keçir. Qeyd edir ki, Ermənistan xarici havadarlarının köməyi ilə 1994-cü ildən Dağlıq Qarabağı işğal altında saxlayır. Buranın azərbaycanlı sakinləri isə qovulmuş və yaxud da öldürülmüşdür. Müəllif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan sitat gətirir ki, Azərbaycan işğal olunmuş əraziləri sülh danışıqları yolu ilə geri qaytarmaq istəyir, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın bu haqqını təsdiq etmişdir.
Müəllif bildirir
ki, qoşunların təmas xəttində
atışmaların baş verməsi
narahatlıq doğurur, çünki
Cənubi Qafqazda yeni
müharibənin başlaması Avropa üçün dəhşətli ssenari olardı. Avropanın enerji
təhlükəsizliyinə istiqamətlənmiş "Nabukko" layihəsi təhlükə
altına düşmüş olardı. Ona görə də Ermənistanın
yaxın havadarlarının "Nabukko"
investorlarını qorxutmaq və bu yolla da
enerji bazarına nəzarəti əlində
saxlamaq üçün
Dağlıq Qarabağ münaqişəsini
"zəif odda saxlaması" təəccüb
doğurmur. Bakıda isə Qərbin
etinasızlığına etiraz olunur.
Azərbaycan.- 2011.- 26 noyabr.- S.5.