Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun  etimadnaməsini qəbul etmişdir.

Səfir Daniel Kristian Çiobanu fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daniel Kristian Çiobanu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Rumıniya arasında siyasiiqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün güclü hüquqi bazanın olduğunu dedi. Prezident İlham Əliyev Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan NATO əlaqələrinin inkişafındakı rolunu qeyd etdi. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Daniel Kristian Çiobanunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən Daniel Kristian Çiobanu ölkələrimizin ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı. Diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Azərbaycan və Rumıniya prezidentləri tərəfindən imzalanan birgə Fəaliyyət Planının önəmini qeyd etdi. Daniel Kristian Çiobanu ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə, o cümlədən enerji sektorunda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Rumıniyalı diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  1.