Korrupsiya ilə mübarizə
sahəsində
mühüm institusional islahatlar
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının
hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin
müdiri
Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi
- Azərbaycan Prezidentinin 2011-ci il noyabrın 24-də imzaladığı
Qanunda nəzərdə
tutulmuş ticarət,
məişət və
digər ictimai iaşə obyektlərində
alqı-satqı və
digər xidmətlərin
göstərilməsi zamanı
müştərilərlə nağdsız hesablaşmaların
aparılmasında, eləcə
də vergilərin, dövlət orqanlarına
ödəniləcək rüsum
və digər haqların pos-terminallar vasitəsilə ödənişinin
tətbiqində əsas
məqsəd nədən
ibarətdir?
- İlk növbədə
qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müəyyən
etdiyi dayanıqlı inkişaf konsepsiyası bütün sahələrdə
müasir texnologiyaların
nailiyyətlərindən geniş
istifadəni və mütərəqqi beynəlxalq
təcrübənin tətbiqini
şərtləndirir.
Bilirsiniz ki, Prezidentin həyata keçirdiyi sosial-iqtisadi, siyasi strategiyanın ən əsas prinsiplərdən
biri şəffaflıqdır. Çünki
şəffaflıq cəmiyyətlə,
vətəndaşlarla qarşılıqlı
münasibətlərdə mənfi halların, korrupsiya elementlərinin yaranmasının qarşısını
alan başlıca
amillərdən biridir.
Təsadüfi deyil ki, bir sıra nüfuzlu
beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanda
sosial-iqtisadi islahatların
həyata keçirilməsində
maliyyə mənbəyi
olan dövlət büdcəsinin təşkili,
Dövlət Neft Fondunun və digər maliyyə institutlarının fəaliyyəti
şəffaflıq indeksinə
görə ilk yerlərdə
durur. Təkcə
bu il
şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarına
qarşı səmərəli
mübarizənin aparılması
məqsədi ilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər
həyata keçirilmişdir.
"İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında" Qanuna edilən dəyişiklikləri
də ilk növbədə
antikorrupsiya və şəffaflığın təmin
edilməsi tədbirləri
kontekstində qiymətləndirmək
lazımdır. Pul hesablaşmalarının, dövlət qurumlarına
məcburi ödənişlərin
nağd qaydada aparılması şəffaflığın
təmin edilməsində,
korrupsiya hüquqpozmalarına
qarşı səmərəli
mübarizənin aparılmasında
maneələr törədir,
qeyri-leqal gəlirlərin
gizlədilməsinə, vergidən
yayınmalara şərait
yaradır. Belə halların
aradan qaldırılması
məqsədi ilə bu ilin əvvəlində
Azərbaycan Prezidentinin
fərmanları ilə
dövlət yol polisinə, gömrük xidmətinə və digər dövlət qurumlarına cərimələrin,
rüsumların və
digər ödənişlərin
pos-terminal vasitəsilə və
ya elektron qaydada həyata keçirilməsi tapşırığı
verilmişdir.
Son illər ölkəmizdə
müasir milli ödəniş sisteminin yaradılması məqsədi
ilə elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin
real vaxt rejimində elektron qaydada və ya plastik
kartlar vasitəsilə
şəffaf, təhlükəsiz,
səmərəli həyata
keçirilməsinə geniş
imkanlar açır.
Son dövrdə əhalinin mütləq əksəriyyətinin plastik
kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının
kütləviliyi üçün
əlverişli şərait
yaradır.
- Cənab
Prezidentin "Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında" Fərmanında
da elektron xidmətlərin göstərilməsi
və ödəmələrin
elektron qaydada təşkili ilə bağlı dövlət orqanlarına və Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı hansı işlər görülmüşdür?
- Cənab Prezidentin
fərmanında qoyulan
tələblərə hər
bir dövlət orqanının rəsmi
internet səhifəsində elektron xidmət bölməsinin yaradılması,
həmin bölmədə
səlahiyyətinə uyğun
olaraq göstərilən
elektron xidmət barədə dəqiq məlumatların yerləşdirilməsi
və bu bölmə vasitəsilə
vətəndaşlara birbaşa
elektron qaydada xidmətin həyata keçirilməsi aiddir.
Fərman imzalandıqdan sonra bütün dövlət qurumları vahid koordinasiya şəklində
qarşıya qoyulan tələbləri yerinə
yetirmək istiqamətində
əməli tədbirlər
həyata keçirmişdir. Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə dövlət orqanları tərəfindən
elektron xidmətlər
göstərilməsi barədə
qaydaları və elektron xidmət növlərinin siyahısını
təsdiq etmişdir.
Artıq dövlət orqanlarının
rəsmi internet səhifələrinə
diqqət yetirsəniz
görərsiniz ki, həmin səhifələrdə
elektron xidmətlər
bölməsi yaradılaraq,
göstərilən xidmət
barədə məlumatlar
yerləşdirilmişdir. Məsələn,
Vergilər Nazirliyi tərəfindən əhaliyə,
xüsusilə sahibkarlara
göstərilən elektron
xidmətlər - sahibkarlıqla
məşğul olmaq
istəyən hər bir vətəndaş heç bir yerə getmədən internet
vasitəsilə Vergilər
Nazirliyinə müraciət
edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilər, elektron qaydada vergi bəyannamələrini
təqdim edə və vergiləri ödəyə bilər.
Bu, müasir informasiya
texnologiyalarından istifadə
etməklə vətəndaşlara
birbaşa təmas və əlavə vaxt itkisi olmadan
elektron xidmətlərin
həyata keçirilməsinin
nə dərəcədə
səmərəli olmasına
dair yalnız bir misaldır. Əlavə
olaraq, Dövlət Gömrük Komitəsinin,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin, Ədliyyə
Nazirliyinin, Səhiyyə
Nazirliyinin və digər qurumların həyata keçirdiyi elektron xidmətləri də misal göstərmək
olar.
Elə xidmət
növləri var ki, onların keyfiyyətli həyata keçirilməsi üçün
müəyyən texniki
məsələlər həll
edilməlidir. Həmin məsələlər öz həllini tapdıqdan sonra bütün sahələr
üzrə elektron xidmətlər həyata keçiriləcəkdir.
- Ümumiyyətlə,
elektron hökumət layihəsinin, eyni xidmətin elektron qaydada göstərilməsinin,
rüsum və digər ödənişlərin
elektron qaydada və ya pos-terminal vasitəsilə ödənilməsinin
vətəndaşlara hansı
əlavə üstünlüklər
verəcəyi gözlənilir?
- Nəzərə alsaq ki, elektron xidmət
dövlət orqanı
əməkdaşları ilə
vətəndaş arasında
birbaşa təması
minimuma endirir, bu xidmətlərin geniş miqyasda həyata keçirilməsi
korrupsiyaya qarşı
mübarizədə mühüm
əhəmiyyət kəsb
edir. Təsadüfi deyil ki, Nazirlər
Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha elektron hökumətə
keçidin əsas səbəblərindən biri
kimi məhz rüşvətxorluq, korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsi olduğunu
və bu işin sürətləndirilməsinin
vacibliyini vurğulamışdır.
Bu institusional islahatlar hər bir vətəndaşın,
bütövlükdə cəmiyyətin
hüquqlarının həyata
keçirilməsinə, rifahının
yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına
töhfəsini verəcəkdir.
- Sonda bir məsələyə də toxunmaq istərdik. Bu yaxınlarda
"Amnesty İnternational" təşkilatı Azərbaycan
üzrə hesabat hazırlamışdır. Həmin hesabatda korrupsiya ilə bağlı mənfi məqamlara münasibətiniz necədir?
- Zənnimcə, hesabat birtərəfli, qərəzli,
ayrı-ayrı şəxslərin
fərdi fikirlərinə
istinadən hazırlanmışdır.
Əks olunan hadisələrə dair zəruri araşdırma aparılmamış,
hökumətin hesabatla
bağlı qeydləri
hesabatda əksini tapmamışdır. Siz həmin
qeydlərə "Amnesty İnternational"
təşkilatının saytında
da rast gəlməyəcəksiniz.
"Obyektiv" olmağa
çalışan hər
hansı bir təşkilat ən azı minimal balansı gözləməli idi. Bunu yalnız
erməni lobbisinin təsiri altında qərəz və müəyyən düşmən
dairələrin siyasi
sifarişinin yerinə
yetirilməsi kimi qiymətləndirmək olar.
Məsələn, hesabatın 2.1-ci hissəsində
"Transparency İnternational" təşkilatının 2010-cu il hesabatına
istinad olunaraq Azərbaycanın korrupsiya
ilə əhatə edildiyi göstərilir. Halbuki "Transparency İnternational"-ın 2010-cu il
hesabatında Azərbaycanın
son illər ərzində
korrupsiya ilə mübarizə sahəsində
müəyyən nailiyyətlər
əldə etdiyi qeyd olunmuşdur.
Belə ki, ölkəmiz korrupsiyanı qavrama indeksinə görə
2008-ci illə müqayisədə
2009-cu ildə 15 pozisiya
irəliləmişdir. 2010-cu ildə
isə 9 pozisiya irəliləyərək 2,4
balla əvvəlki illərlə müqayisədə
müsbət göstəriciyə
nail olmuşdur.
Azərbaycanda korrupsiyaya qarşı
mübarizə sahəsində
son illər həyata keçirilən kompleks tədbirləri nəzərə
alaraq biz bu il də
göstəricilərin kifayət
qədər yüksəlməsini
gözləyirik. 2011-ci ildə görülən qanunvericilik və institusional islahatlar, sistemli tədbirlər isə 2012-ci ilin korrupsiyanı qavrama indeksində öz əksini tapacaq və ümid edirik ki, "Transparency İnternational" təşkilatı
tərəfindən obyektiv
qiymətləndirmə aparılacağı
halda növbəti hesabatda korrupsiyanı qavrama indeksində əhəmiyyətli yüksəliş
olacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 26 noyabr.- S.3.